”Bazis xətlərinin müəyyən edilməsi, hərbi fəaliyyət və əməkdaşlıq, gəmiçiliklə bağlı məsələlər var ki, onlar açıq qalıb və üzərində iş aparılmalıdır”
“Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı danışıqlarda müəyyən irəliləyiş var”.
Bunu “Report”a açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Onun sözlərinə görə, iyulun 13-də Qazaxıstan paytaxtı Astanada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Nazir müavini bildirib ki, bu görüş açıq qalan məsələlər üzrə mövqelərin daha da yaxınlaşmasına ümid yaradır: “Bu görüşdən öncə də Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə İşçi qrupunun görüşü keçiriləcək. Ümumiyyətlə, xarici işlər nazirlərinin və İşçi qrupun görüşü ona xidmət etməlidir ki, dövlət başçıları səviyyəsində görüşün Qazaxıstanda keçirilməsi baş tutsun. Əlbəttə, buna hazırlıq işləri aparılmalıdır və bu işlər aparılır. İndiyə qədər həm Bakıda, həm də Moskvada keçirilən görüşlər də buna xidmət edirdi. Yəni Konvensiya layihəsinin maksimal dərəcədə hazır səviyyəyə gətirilməsi üçün mühüm addımlar atılır. Düşünürəm ki, nazirlərin görüşü də bu addımları daha da yaxınlaşdıracaq və açıq qalan məsələlər üzrə ölkələr arasında konsensus əldə olunmasına şərait yaradacaq”.
X.Xələfov bildirib ki, bütün görüşlər prezidentlərin görüşünə hazırlıq xarakteri daşıyır.
Nazir müavini Xəzərin hüquqi statusu ilə bağlı ölkələr arasında razılaşma əldə edilməyən məsələləri də açıqlayıb: “Burda müxtəlif məsələlər var. Bazis xətlərinin müəyyən edilməsi, hərbi fəaliyyət və əməkdaşlıq, gəmiçiliklə bağlı məsələlər var ki, onlar açıq qalıb və üzərində iş aparılmalıdır”.
X.Xələfov deyib ki, Xəzəryanı ölkələrin dövlət başçılarının görüşünün tarixi hələ dəqiqləşməyib. “Dövlət başçılarının görüşünün dəqiq vaxtını demək çətindir. Ola bilsin ki, bu, hazırlıq işlərinin səviyyəsindən asılı olaraq müəyyən ediləcək. Eyni zamanda bu prezidentlər səviyyəsində razılaşdırılmalıdır”.