Sosial şəbəkələrlə bağlı əlavə yazı yazmağı düşünsəm də , başda bir neçə kəlmə yazmaq istəyirəm. Sosial şəbəkə Azərbaycanda az da olsa aktiv olan insanları real həyatdan çox uzaq salıb. Hadisələri izləmək hər iki tərəfdə olsa daha uğurlu olar, nənki məsələn yalnız “facebook”-da baş verənləri. Sosial şəbəkələrin ciddiliyi Azərbaycan üçün elə sırf “facebook”-un ciddiliyi danılmazdı amma xalqın bu işlərə necə yanaşmasını, nə qədər insanın ciddiyə almasını və ya xalqın nə düşünməsini nəzərə alsaq mən gənclərin paralel iş görməsi tərəfdarıyam. Nəzərə almalıyıq ki, Azərbaycanda istənilən halda müxalif toplum azdı və bu toplumun öz fikirlərini geniş yayması üçün hakimiyyət tərəfindən ciddi qadağalar var, hətta qəzet belə bu ölkədə vətəndaş tərəfindən ciddiyə alınmır. Bir sözlə- xalqın ayağına getməyə məcbur qalırsan.
Bütün yazılarımda qeyd etdiyim hadisələr gözümlə gördüyüm, qulağımla eşitdiyim olub. Yəni hadisələr bir-başa gözümüzün önündə baş verir, bunun üçün əlavə şərh gərəkmir. Hazırda olan vəziyyət isə daha qəlizdi bu həm də mistik bir hall alıb. Yerində olmayan, qəliz, izah olunmaz inanlar. İllərdir xalqa “siyasətə qarışmayan”, bəddi dilnən desək “yatmış” deyirik. Bu da yenə özlərinin etdiyi hərəkətdən qaynaqlanıb. “Mən siyasətə qarışmıram”- və ya buna bənzər böyük problemə çevrilmiş fikirlər demək olar ki, hər kəsə tanışdı.
Amma indi vəziyyət daha fərqlidir, çünki qınaqlar çoxaldıqca bəhanələr də dəyişir. Çıxış yolu axtarmaq və ya olunan qınaqları düşünmək daha əziyyətli iş olduğu üçün xalq özünə daha fərqli bəhanə tapıb yenə də həyatını susqun davam etməyi seçir. İndi istər siyasət, istər başqa mövzularda xalq mən “öz xəyallarımda yaşayıram” deyib yan keçməyi daha çox sevir. Amma bu daha ciddi problemdir, çünki xəyallarda yaşadıqlarına, başqa dünyada olduqlarına ciddi şəkildə inansalar, iş qalır yüzillilklərə. Hətta deyərdim ki, artıq gecikmişik.
Bu yazını oxuyan insanlar da ola bilsin, oxuyub mən “xəyallarda yaşayıram” deyib, saytı tez tərk etsin ki, birdən saytda çox qalsam real həyata qayıdaram. Yorğunluq, susqunluq və bəhanələrin daha ciddi hiss olunduğu, ümumiyyətlə xalqı daha yaxşı tanımağın yolu öz evində necə olmağı və necə düşünməyindən keçir. Qabaqdan parlament seçkiləri gəlir, dəstəklədiyim üzv üçün könüllü şəkildə namizədliyi qeydə alınsın deyə imza toplayıram və qapı-qapı gəzdiyim evlərdə yaşayan insanların fikirləri çox maraqlıdır. Bəlkə də bu yazıda onları əhatəli izah edə bilmərəm. Bir çox hallar olur ki, bu mövzuları yazmağı mənasız görürəm çünki artıq neçə illərdir səslənən və hər kəsə tanış mövzulardı.
“Heç kimə inanmıram.” “Müxalifət də iqtidarın bir tayıdı. ” Onsuz da seçki saxtlaşdırılır.”, və buna bənzər fikirlər nə qədər ciddi problemlərə gətirib çıxarsa da bir o qədər də haqqında danışılan mövzulardı. İndi o söhbətlər unudulub, çünki daha o söhbətlərdən boyun qaçırmaq, müzakirəsinə qoşula bilməmək çox çətindir. Xalq bir növ o mövzulardan bezib çünki artıq bilirlər ki, tutarsız və məntiqsiz arqumentlərdi. İndi vəziyyət daha qəlizdi.
Qapı döyülür, ilk növbədə sən haradan və nə üçün gəldiyin insanlara maraqlı deyil onlar yad bir insana qapı açmağa qorxurlar. Bu da haradasa ölkədə son vaxtlar kriminalın daha geniş yayılması ilə bağlıdır. İkinci səni dinləyirlər amma üzünə qapı açmırlar, daha çox da işlədilən söz bu olur: “Mən bu evdə yaşamıram.” Bu sözü elə bir tərzdə deyirlər ki, sanki “ümumiyyətlə, mən bu ölkədə yaşamıram” və ya “mən yadplanetliyəm” demək istəyirlər.
Daha çox rast gəldiyim hadislərdən biri də evdə qapı açılmadan qapının o biri tərəfindən bir neçə nəfərin səninlə söhbət eləməsi və sonda evdə heç kim yoxdur deyib, məsələdən boyun qaçırmasıdır. Bu da insanların artıq bu mövzularda özünü ciddiyə almaması, özünə güvənməməsi deməkdi. Belə desək, daha aydın olar- insanlar bu hallarda mən ölmüşəm, yaşamıram kimi fikirlər formalaşdırıb. Təsəvvür edin, qapı döyülür, evin içində qapı açılmadan səninlə beş nəfər söhbət edir və söhbət seçkidən, “siyasətdən” düşəndə bir nəfər çıxıb deyir ki, evdə heç kim yoxdur.
Bütün bu söhbətlərin sonunda belə qərara gəlmək olar ki, insanlar həqiqətən xəyallarda, başqa dünyada yaşadığına inanıb və daha çox evində özünü yerdən uzaq bir planetdə hiss edir. Acınacaqlı hallardan biri də, əgər qapını uşaq açarsa və bizim nə üçün gəldiyimiz məlum olarsa, o uşağın gözümüz önündə döyülməsidir. Yazının davamı olacaq amma hələ ki, burada dayanıram.
Yazıdakı firiklər müəllifin şəxsi mövqeyini əks etdirir…