“Dərman vasitəsi deyildir” yazılmayan məhsula görə cərimə tətbiq ediləcək
“Bəzi şirkətlərin Çində istehsal olunan dərmanları Avropaya göndərib, orada qablaşdırmaqla Azərbaycana gətirdikləri barədə çoxlu sayda müraciətlər daxil olur. Bəzi hallarda həkimlərin xəstəyə təyin etdiyi dərmanların o qədər də effekt vermir. Ona görə də xəstələrə qonşu ölkələrdən dərman gətirmələrini tövsiyə edirik. Bu, çox ciddi narahatlıq doğuran faktdır. Tarif Şurası buna ciddi əncam çəkməlidir. Bəlkə də 400-500 adda dərmanın qiymətini tənzimləməli, yerdə qalanlarının qiymətini isə şirkətlərin özlərinə həvalə etməliyik”.
Meydan TV-nin məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev “Dərman vasitələri haqqında” və “Reklam haqqında” qanunlara, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi səsləndirib.
“Dərman vasitəsi deyildir” yazılmayan məhsula görə 2000 manatadək cərimə
Layihəyə əsasən, Azərbaycanda üzərində və onların istifadəsi təlimatlarında (içlik vərəqələrində) “dərman vasitəsi deyildir” sözləri yazılmayan bioloji fəallığa malik qida əlavələrinin istehsalına, idxalına və ya satışına görə vəzifəli şəxslər 500 manatdan 800 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək cərimə ediləcək.
Həmçinin bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə, vəzifəli şəxslərin 50 manatdan 100 manatadək, hüquqi şəxslərin 150 manatdan 200 manatadək cərimə edilməsi təklif edilir.
Bioloji fəallığa malik qida əlavələri ilə bağlı “Reklam haqqında” qanuna maddə əlavə edilir ki, bu məhsulun reklamında onların dərman vasitəsi olmadığı haqqında məlumat verilməlidir.
Musa Quliyev bildirib ki, bioloji aktiv maddələr dərman deyil:
“Onların tərkibində bioloji fəal maddələr var və hədsiz, dozasız istifadəsi zərər verə bilər. Dərman vasitəsini əvəz etməyən bu maddələr sadəcə xəstələrin orqanizmininin gücləndirilməsi, onun reabilitasiyası dövründə istifadə edilir. Ona görə də bunların işlənmə qaydası olmalıdır. Həkimlər xəstələrə bunu müstəsna olaraq izah etməlidir”.
150-200 manat maaş alan həkimi 250 manatlıq cərimə etməklə problemləri həll etmək olmaz
Deputat Rəşad Mahmudov bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə nəzərdə tutulan cərimələri düzgün hal kimi qəbul etmədiyini bildirib: “Dünyada bu gün vitamin preparatlarının əksəriyyəti, antibiotik xəstəyə reseptsiz verilməz. Lakin xəstəyə ehtiyac olduğu təqdirdə vitamin azlığına görə multivitamin kompleksi verilir. Bu da bioloji fəal maddələr qrupuna aiddir. Bu maddələrin yazılmasına görə həkimə əngəl qoyulması düz deyil. Uzun illər fəaliyyət göstərən həkim istədiyi dərmanı yazmaq rahatlığına sahib olmalıdır. 150-200 manat maaş alan həkimi 250 manatlıq cərimə etməklə problemləri həll etmək olmaz”.
Bakıda qiyməti 500 manat, Türkiyədə isə qiyməti 120 dollardır
Komitə sədri Əhliman Əmiraslanov isə deputata cavabı belə olub ki, bəzən əsas müalicə kənarda qalır, amma 2-3-cü dərəcəli preparatlar ön plana çıxır. Nəticədə xəstələr üçün əsas müalicənin aparılması kənarda qalır. Hətta bəzi hallarda bioloji aktiv maddələrin qiyməti dərman vasitələrindən daha baha olur: “Biz bioloji aktiv maddələrin əleyhinə deyilik. Sadəcə, həkimlərin bu maddələrin reseptə yazılmasının arxasında başqa məqsədlər durur. Məsələn, xəstə müalicə olunmaq üçün həkim yanına gəlir, həkim onu müalicə edəcəyini deyir. Amma xəstə müalicə edildikdən iki il sonra yenidən həkim yanına gəlir və görür ki, onun bədənində metastaz yaranıb. Belə hallar az deyil”.
Deputat Qənirə Paşayev bəzi dərman preparatlarının qiymətinin digər ölkələrlə müqayisədə bahalığına diqqət çəkib:
“Türkiyədə səfərdə olanda məndən bir nəfər “Heloda” adlı dərman preparatı almağımı xahiş etdi. Gələndə maraqlandım ki, bunu niyə Bakıdan almırsınız? Cavabı belə oldu ki, bu, onkoloji dərmandır və Bakıda qiyməti 500 manatdır. Türkiyədə isə qiyməti 120 dollardır”.