”Xəstələr şüşələri sındırırdılar, pəncərədə dəmir barmaqlıq vardı…”

Narkoloji Mərkəzin sanitarı: “Hiss elədim ki, ayağımın altında bir adam yıxılıb qalıb”

Source:
Narkoloji mərkəz (illüstrasiya)
Narkoloji mərkəz (illüstrasiya)

Narkoloji Mərkəzdə martın 2-də səhər saat 6 radələrində 25 nəfərin ölümü, 29-nun xəsarət almasına səbəb olmuş yanğının əsas şahidləri arasında Amid Ağayev və Şəlalə Ələkbərova da var. Məhkəmədə adları çox hallanan bu şəxslər oktyabrın 5-də dindirilib.

Amid Ağayevin adı indiyədək mühafizəçi kimi hallansa da, o, ifadəsində sanitar olduğunu, xəstələrin ehtiyacı olduğu halda onlara kömək etdiyini bildirib: “Mən mərkəzdə xəstələrə qulluq edirəm. Eləsi var, yıxılanda qaldırırdım, qaçmaq istəyən olanda qoymurdum, tibb bacısı xəstələrə iynə vuranda yanında olurdum. Hadisə baş verən gün də işdə idim. Səhərə yaxın kimsə qışqırdı ki, yanğın var. Otaqdan çıxdım, 15-ci palatanın qapısının ağzında 3 nəfər dayanmışdı. Onlardan biri Şahin idi. İçəridə otağın sağ divarında yanğın var idi. Qaçıb yanğınsöndürən balonu götürüb gətirdim. Orada olanlar da xəstələri oyatmağa başladı. Tural həkim isə yanğınsöndürənə zəng vurdu. Yanğın 15-ci otaqdan başlamışdı, sürətlə gedirdi. Hər dəfə bir xəstəni çıxarıb qayıdanda görürdüm ki, alov bir az da sürətlənib, tüstü dəhlizi basmışdı. Sonuncu dəfə içəri girəndə ayağımın altında bir adam qaldığını hiss elədim, sürüyüb çıxartdım. 30 adam çıxdı, onların 10 nəfərini sürüyə-sürüyə çıxarmışam. Elə adam oldu ki, çıxartdım, sonra şalvarı üçün geri qayıdıb qalmışdı orada…”

14-cü palatada saxlanılan və yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədovu tanıdığını və onun aqressiv insan olmadığını deyən A.Ağayev bildirib ki, o da yanğından qaçıb çıxanlar arasında idi. Lakin çıxandan sonra çıxıb gedib.

A.Ağayev bildirib ki, yanğın olan korpusda hər iki qapı bağlı olub. Hadisə vaxtı onlardan biri açılıb. Digər qapı isə həmişə bağlı saxlanılıb: “Çünki açıq qalsaydı, oradan xəstələr qaçardılar. Qaçmağa çalışırdılar da. Pəncərələrdə də dəmir barmaqlıqlar var. Hadisə vaxtı dəhliz tüstü idi deyə xəstələrin bəziləri pəncərələrin şüşələrini sındırırdılar. Elə ağır xəstələr vardı ki, onlara vurulan iynələrin təsirindən oyana bilmədilər”.

Həmin gecə növbədə olmuş tibb bacısı Şəlalə Ələkbərova da bildirib ki, səhərə yaxın səs-küy eşidib, gedəndə görüb ki, 15-ci palatanın sağ divarında yanğın var.

İttihama görə, M.Məmmədov martın 1-də Mərkəzdə saxlanma müddətinin uzadıldığını eşidəndən sonra Ş.Ələkbərovaya oranı yandıracağını deyib. Ş.Ələkbərova ifadəsində bildirib ki, M.Məmmədov ona Narkoloji Mərkəzi yandırmaq, ziyan vurmaq barədə bir söz deməyib: “Onunla müddətin uzadılması barədə söhbətimiz oldu. Dedi ki, oğlu çıxmasına imkan vermir. Həyat yoldaşından və oğlundan şikayətlənirdi həmişə. Deyirdi ki, evini əlindən alıblar. Oğlu haqqında dedi ki, oradan çıxandan sonra onun başına oyun açacaq”.

Ana səhifəXəbərlər”Xəstələr şüşələri sındırırdılar, pəncərədə dəmir barmaqlıq vardı…”