Xərcləməklə bitməyən pensiya artımı

“100 manat alan indi 101 manat 40 qəpik, 150 manat alan indi 152 manat 10 qəpik alacaq”

Source:




100 manat alan indi 101 manat 40 qəpik, 150 manat alan indi 152 manat 10 qəpik alacaq”

Yanvarın 26-da prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzaladı. Sərəncama əsasən Dövlət Sosial Müdafiə Fonduna tapşırıldı ki, 2014-cü il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2015-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin; fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırıldı.


Təqaüdlər nə qədər artıb?

İqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, qanunla hər il rəsmi inflyasiya qədər təqaüdlər indeksləşdirilir. Buna görə də hökumət həmişə rəsmi inflyasiya rəqəmini bacardıqca aşağı elan edir. Keçən il rəsmi 1,4 faizlik inflyasiya elan etdilər, ona görə də bu il təqaüdlərin indeksləşməsi 1,4 faiz olacaq:

“Yəni, 100 manat alan indi 101 manat 40 qəpik alacaq, 150 manat alan indi 152 manat 10 qəpik alacaq, 200 manat alan 202 manat 80 qəpik alacaq. Yəni, xərcləməklə bitməz bu artım. Bəzi ekspertlər ancaq sığorta hissənin indeksləşəcəyini deyiblər, amma, təzə qəbul olunmuş konsepsiyaya görə artıq baza hissəsi anlayışı yoxdur (əvəzinə minimum təqaüd anlayışı gətirilib), ona görə də artım bütün məbləğə şamil olunur”.


“Pensiyasının sığorta hissəsi 50 manat olan pensiyaçı üçün artım 70 qəpik olacaq”

İqtisadçı ekspert Rövşən Ağayev isə deyir ki, Azərbaycan qanunvericiliyinə görə, əmək pensiyaları baza və sığorta hissəsindən ibarətdi. Baza hissəsi əmək pensiyalarının dövlətin təminat verdiyi minimum məbləğidir:

“2013-cü ilin sentyabrından baza pensiyasının məbləği 100 manat müəyyən edilib. Sığorta hissəsi isə əmək fəaliyyəti dövründə işçinin maaşından ayrılan sosial sığorta haqları hesabına işçiyə hesablanan pensiya məbləğidir. “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinin 2-ci hissəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla ölkə prezidentinin sərəncamı ilə rəsmi elan olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir. Məsələn, 2014-cü ildə istehlak qiymətləri indeksi 1.4 faiz olub. 150 manat alan əmək pensiyaçısı üçün bu məbləğ belə hesablanır: 100 manat çıxılır, 50 manatın 1.4 faizi qədər pensiya artılır. Bir sözlə, pensiyasının sığorta hissəsi 50 manat olan pensiyaçı üçün artım 70 qəpik (0.7 manat) təşkil edəcək”.


“Üstünlüyü odur ki, indeksləşmə prosesində bütün pensiya məbləğlərinin indeksləşməsini aparacağıq”

“Hazırda prezident tərəfindən imzalanan “Pensiya islahatı” konsepsiyasına uyğun olaraq qanunvericiliyə dəyişikliklər üzərində iş gedir”, – bunu isə jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib:

“Dəyişikliklərdən biri də əmək pensiyasının baza hissəsinin restrukturizasiyadır (strukturunun dəyişdirilməsi). Yəni, minimum pensiya məbləği göstəricisi ilə əvəz olunaraq, pensiyaların vahid sığorta hissəsindən ibarət olaraq təyin olunmasıdır”.

Fond sədrinin sözlərinə görə, bu, islahat tələblərinə uyğun olaraq qanunvericiliyə dəyişiklik aparıldıqdan sonra pensiyaların bütün məbləğinin sığorta hissəsi şəklində konvertasiya olunacağı deməkdir: “Hazırkı baza və sığorta hissəsindən ibarət deyil, yalnız vahid tərkibdə sığorta hissəsindən ibarət olacaq. Bunun bizə verəcəyi əsas üstünlük ondan ibarət olacaq ki, indeksləşmə prosesində bütün pensiya məbləğlərinin indeksləşməsini aparacağıq. Dövlət başçısının sərəncamından da göründüyü kimi, pensiyaların yalnız sığorta hissəsi indeksləşdirilir. Lakin islahat tədbirlərinə uyğun olaraq aparılacaq dəyişikliklərdən sonra pensiyaların bütün məbləği sığorta hissəsi adlanaraq, həmin məbləğ tam indeksləşdiriləcək. Bu isə daha məqbul variantdır”.

E. Mehdiyev hesab edir ki, bazar iqtisadiyyatı şəraitində pensiyaların ümumi məbləğlərinin inflyasiya təsirlərindən qorunması mexanizmini ifadə edir.

Ana səhifəXəbərlərXərcləməklə bitməyən pensiya artımı