Xədicə şəxsi anlamda kimdir, nə edir, kiminlə dostluq edir, kiminlə dalaşır, kimə nə deyir, maraqlı deyil. Xədicə müqəddəs deyil, Xədicə mələk deyil. Xədicə müqəddəs və mələk olmağa borclu da deyil. Heç kim, heç bir kəs də müqəddəs, mələk olduğunu iddia edə bilməz və bu iddianı edərsə, gülməli görünər. Hamının səhvləri, qüsurları, yanlışlıqları olub və olacaq.
Ortada bircə həqiqət var. Xədicənin bu gün bu saatları, bu günləri yaşamasının bircə səbəbi var: o, öz ölkəsindəki, vətənindəki, doğma evindəki qanunsuzluqları, yeyintiləri ifşa edib. Təqiblər, hədələr, qorxutmalar, yoxlamalar, həbs – hər şeyin səbəbi təkcə budur.
İndi Xədicənin hökmünü verənlərin bircə həmləsi ilə onlarla əlbuyruqçu, şahın ənam kimi tulladığı çörəyi göydə qapanlar fəaliyyətə keçiblər. Onlar bunu etməyə borcludular. Onların qapması üçün havaya atılan çörəyin əvəzi çıxmalıdır. Bu adamlar o çörəyi qaparaq, evlərinə, balalarına aparıb, yediriblər. Onların evlərində hər gecə qucaqladıqları arvadları, öpdükləri balaları var. Onlar bir qadının şərlənməyində, həbsində əlbir olmağın əvəzinə aldıqları çörəyi bu gecə balalarına yedirəcəklər. Bu Azərbaycan kişiləri bir Azərbaycan qadınına qarşı aparılan qarayaxma əməliyyatından qazandıqları pulla evlərinə çörək alacaqlar və balalarına yedirəcəklər. Daha heç nə deyə bilmirəm.
Xədicənin işi ilə bağlı ona ittihamlar səsləndirənlər, açıqlama verənlər, onu ictimaiyyətin gözündən salmağa çalışanlar, hökumətin bir çırtması ilə hürüşənlər, bu gecə vaxtınız olsa, balalarınızın üzünə baxın. Onların gözlərinə baxın. Uşaqlarınızın gözlərinin içinə baxın və düşünün ki, onların yedikləri çörəyi necə qazanmısınız. Düşünün bunu. Heç bir cəza, heç bir qınaq balalarınızın gözündəki o ifadə qədər qəddar ola bilməz sizin üçün.
Gələcəkdə uşaqlarınızın üzünə çırpılacaq sözləri düşünün. «Atan bir qadını şərləyənlərlə əlbir idi», «Bilirik, sən hansı atanın çörəyini yemisən», «Sənin atan Azərbaycan qadınını tutduranlarla əlbir olan adamdı». Bu sözləri sizin balalarınıza deyəcəklər. Bundan ağır cəza ola bilməz sizin üçün.
Bu gecə bədənini satıb, qarşılığında aldığı pulla evinə çörək aparan, balalarını bu pulla aldığı çörəklə doyuran hər bir qadın minlərlə, milyonlarla dəfə sizdən şərəflidir. Balası anasının bədən puluna çörək yeyən istənilən uşaq sizin balalarınızdan daha xoşbəxtdir. Çünki o uşaqların üzünə çırpılacaq sözlərə cavabları var, sizin balalarınızın isə yoxdur. Bundan böyük təhqir yoxdu sizin üçün.
Xədicənin məsələsində iki insan tipi var. Xədicənin bu gün həbsi ikicə insan tipi tanıyır. Xədicənin yanında, arxasında duranlar. Və Xədicənin üzünə duranlar. Xədicənin üzünə duranlar, bütün açıqlamaları, bütün münasibətləri, bütün çıxışları, bütün verilişləri izləyirik. Və sizin hamınızın adlarını tarix üçün, gələcək nəsillərin lənəti üçün qeyd edirik.