Redaksiyadan: Hazırda həbsdə olan Seymur Həzi məhkəmədə vaxt tapıb, yaxınları və dostları ilə görüşüb. Görüş əsnasında onlara bəzi fikirlərini şifahi şəkildə çatdırıb və bu fikirlərinin mətbuatda yer almasını istəyib. Dostları həmin fikirləri məktub halına salaraq, redaksiyamıza göndəriblər. Həmin məktubu sizlərə təqdim edirik.
Həbsdə ovqatım yaxşıdır. Səhhətimdən, ümumi halımdan narazı deyiləm. Dostlar, doğmalar üçün darıxıdığımı çıxsaq, elə də pis bir şey baş vermir. Olanlar barədə düşünür və çoxlu oxuyuram. Vaxtımı boşuna xərcləmək istəmirəm, bilmirəm, burada nə qədər qalacağam, amma istəyirəm, hər nə qədərdisə, o vaxt itməsin. Azdlıqda olan bütün gənclərə də məsləhətim budur, şərait necə olur-olsun, vaxtı boşuna xərcləmək olmaz.
Arada əlimə hansısa qəzetlər də düşür. Bu günlərdə qəzetlərin birindən Xədicə İsmayılın həbsdən yazdığı məktubu oxudum. Çox təsirləndim. Bunun bir səbəbi də o idi ki, Xədicə ilə burda məsafəcə çox yaxınıq. Onunla Kürdəxanıdakı məsafəmiz bəlkə də yüz addım olar. Hətta, bəlkə də daha az…Məndən yüz addım aralıdadır bu sözləri yazan insan.
Onun məktubundan sonra qəribə hisslər keçirirəm. Əzmlə, iradə ilə dolu bu məktubu bir qadın yazıb. Azərbaycan qadını. Bilirsiniz, tarixdə bizim iradəli, əzmkar qadınlarımız çox olub. Amma həbsxanadan bir xanımın bu cür mübarizə əzmi göstərməsi….Bu bir tarixi hadisədir. Bizim iradəmizin, qətiliyimizin, dönməzliyimizin tarixidir. Xüsusilə də, bizim qadınların…
Xədicə İsmayıl düz deməyin və düzü birbaşa deməyin ən böyük tarixi nümunələrindəndir. Onun üçün yalnız həqiqət var. Bu nə qədər mübahisə doğursa da, belədir. Sınansa da, belədir. Hətta bu gün sınanır da.
Bilmirəm, cəmiyyətimizin ifrat patriarxallığından gəlir, yoxsa nədən, amma həmişə bir qadının iradəsinin gücünü, qeyrətini, mərdliyini ifadə etmık üçün belə deyiblər: “filankəs kişi kimi qadındır”. Bu günlərdə isə Xədicə öz timsalında bu deyimin tərzini dəyişir. İndi şəxsən mən bir kişinin mərdliyini və iradəsini ifadə etmək üçün bu sözləri seçərdim: “Filankəs Azərbaycan qadını kimi kişidir”. Və ya daha dəqiq: “O, Xədicə qədər, Xədicə kimi bir kişidir”
Dostlara, doğmalara salamlarımı çatdırıram. Hamınızı öpür, bağrıma basıram. Gözəl günlər, azad günlər görmək ümidi ilə. Tez ya gec, bir gün görüşəcəyik. Sizi sevirəm.
Dostunuz Seymur Həzi
13. 01. 2013