Xədicə İsmayılova “Toplum TV işi” ilə əlaqədar dindirilib (Yenilənib)



“Toplum TV”-nin baş redaktoru Xədicə İsmayılova martın 14-də Bakı Şəhər Baş Polis İdarəsində dindirilib. “Toplum TV” ilə bağlı cinayət işi üzrə şahid qismində istintaqa cəlb olunan Xədicə İsmayılova 3 saata yaxın idarədə olsa da, ətraflı ifadə verməyib. Onun sözlərinə görə, dindirmə zamanı qərəzli münasibət hiss etdiyinə görə Konstitusiya və qanunların ona verdiyi susmaq hüququndan istifadə etmək qərarına gəlib.

Konstitusiyanın 66-cı maddəsində yazılıb ki, “heç kəs özünə və yaxın qohumlarına qarşı ifadə verməyə məcbur edilə bilməz”.

Eyni zamanda, Cinayət-Prosessual Məcəllənin 227-ci maddəsində göstərilib ki, müstəntiq dindirmə zamanı şahidə mütləq özünün və ya yaxın qohumlarının əleyhinə ifadə verməyə borclu olmadığı barədə məlumat verməlidir.

İstintaq orqanının qərəzli olduğunu hiss elədim. Verəcəyim ifadənin sonradan mənim əleyhimə istifadə olunmayacağına əmin deyiləm. Bu səbəbdən konstitusion hüququmdan istifadə etdim”, – Xədicə İsmayıl bildirib.

O, əlavə edib ki, prosedur məsələlərlə əlaqədar müstəntiqlə aralarında fikir ayrılıqları olub. Bu mübahisə də bir qədər çəkdiyinə görə idarədə 3 saata yaxın qalıb.

Xədicə İsmayıl yenidən istintaqa çağırılıb-çağırılmayacağını bilmir. Deyir ki, ona bu barədə məlumat verilməyib.

Baş redaktor əlavə edib ki, “Toplum TV” ilə bağlı cinayət işi də, bu cinayət işi əsasında həyata keçirilən həbslər də əsassızdır:

“Toplum TV”-nin cinayət işinə əsas olacaq fəaliyyəti olmayıb”.

Xədicə İsmayıl vurğulayıb ki, “Toplum TV”-nin timsalında media orqanının ofisini möhürləmək dövlət adına ayıbdır.


“Toplum TV”-nin baş redaktoru Xədicə İsmayılova martın 14-də Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib. Bu barədə jurnalist özü məlumat verib.

“Bu gün saat 15:00-da məni gözləyirlər” – deyə, o “Facebook” hesabında yazıb.

Martın 6-da polis “Toplum TV”-nin ofisinə basqın edib, ofislə yanaşı saytın bir neçə əməkdaşının evində, o cümlədən III Respublika Platformasının ofisində axtarış aparılıb. Ofisdən 30 min avro, əməkdaşların evlərindən isə 2700, 3100, 20000 avro pul vəsaiti tapıldığı bildirilib.

Saxlanılanlardan Akif Qurbanova, Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova və İlkin Əmrahova 206.3.2 (qaçaqmalçılıq) ittihamı ilə cinayət işi açılıb.

Martın 8-də isə hüquqşünas, “Toplum TV”-nin təsisçilərindən olan Ələsgər Məmmədli mülki geyimlilər tərəfindən “İstanbul” Klinikasının önündə saxlanılıb. Həmin gün polis III Respublika Platformasının Qurucu Heyətinin üzvü Ruslan İzzətlini də saxlayıb. Hər ikisinin evində axtarış aparılıb. Ələsgər Məmmədlinin evindən 7300 dollar tapıldığı iddia edilib.

Ruslan İzzətlinin həyat yoldaşı Günel Manaflı onların evindən də “pul tapıldığını” qeyd edib. Bu işlə bağlı saxlanılanlardan Ələsgər Məmmədli (“Toplum TV”-nin təsisçisi), Müşfiq Cabbar (“Toplum TV”), Akif Qurbanov (III Respublika Platforması), Ruslan İzzətli (III Respublika Platforması), Ramil Babayev (Demokratik Təşəbbüslər İnstitutu), İlkin Əmrahov (Demokratik Təşəbbüslər İnstitutu), Əli Zeynala (Demokratik Təşəbbüslər İnstitutu) Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Özləri ittihamı qurama sayırlar.

Ana səhifəSiyasətXədicə İsmayılova “Toplum TV işi” ilə əlaqədar dindirilib (Yenilənib)