“Abzas Media”nın baş redaktoru, hazırda həbsdə olan jurnalist Sevinc Vaqifqızı Lənkəran Penitensiar Kompleksindən məktub göndərib. Məktubu olduğu kimi oxuculara təqdim edirik.
Lənkəran Penitensiar Kompleksinin bünövrəsi qoyulanda İlham Əliyev 2 il idi prezident kürsüsünə oturmuşdu. 2005-ci ildə tikintisinə başlanılan həbsxana 19 ilə – 2024-cü ilin dekabrına hazır oldu. Amma çöküşü açılışından heç bir il keçməmiş başladı.
Qadın korpusunda ilk çökən rəisin otağı oldu. Bu ilin avqustunda qadın korpusunun rəisi vəzifəsinə təyin olunan leytenant Böyükağa Babaşov çökmüş otağına bir qutu əşyası ilə gəldi. Gətirdiklərinin içərisində keçmiş prezident Heydər Əliyev və İlham Əliyevin ayrı-ayrılıqda portret şəkilləri də var idi.
Həmin vaxta qədər korpus rəisinin otağında divardan ancaq Şuşa qalasının şəkli asılmışdı.
Eyni vaxtda bu portretlər rəis müavinlərinin otağında da peyda oldu. Başlarının üstündən İlham Əliyevin donuq, ciddi baxışları asılıb qalmışdı.
Prezidentin digər şəkli kompleksin rəisi Babək İsgəndərovun otağında, o, elə bu kresloya oturduğu gündən var idi. O şəkil nələrə şahidlik etməyib ki…
Rəisin otağındakı şiddət, zorakılıq halları, alçaldıcı rəftar bu şəklin donuq baxışları altında baş tuturdu. O portretin altında neçə məhkumun ağrıdan çığırtısı, iniltisi, yalvarışı otağı götürüb. Bunu bir o şəkil bilir.
Rəis məzuniyyətə çıxanda onu əməliyyat işləri üzrə müavini Əli Abdalov əvəz edir. Prezidentin şəkli şahiddir ki, onun vəzifədəki yüksəlişinə səbəb məşhur şərləmə hadisəsi olub. Belə ki, 2018-ci ilin dekabrında Mehman Hüseynovun həbs müddəti bitənə yaxın ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək bədən xəsarəti yetirdiyini iddia edən Əli Abdalov blogerdən şikayətçi oldu. Kütləvi etiraz, aclıq aksiyalarından sonra bu planı quran hökumət geri çəkildi və Abdalov oyundakı rolundan barışıqla çıxdı. Ona qara işlərdə etibar edə biləcəyini görən hökumət daha sonra Abdalovu rəis müavinliyinə qədər yüksəltdi. Prezidentin şəkli də buna şahiddir.
İndi isə prezidentin şəklinin asıldığı digər otağa keçək. Bu, qadın korpusunun rəisi Böyükağa Babaşovun otağıdır. Prezidentin şəkli bu otağın çöküşünə şahidlik edir. Döşəmədəki laminatların yarısı yerindən qopub və yerdə gözlə ölçüləcək dərinlik qalıb. Qəbula girən hər kəsə rəis xəbərdarlıq edir: “Sağdan getməyin, ayağınız çalaya düşər”.
Bu çala-çuxura görə qəbul otağında stulların sayı get-gedə azalır. Otaqdakı əşyalar hər çöküşdən sonra digər küncə daşınır. Prezidentin şəkli də şahiddir ki, otaqda bircə rəisin stoluna gedən yol salamat qalıb. Amma çatlar ora da yaxınlaşır.
Rəis “Nəyi, harada, necə edəcəyimi bilirəm” desə də, edə biləcəyi az şey var. Məsələn, göy üzlü dəftərini hər şikayətdə seyfdən çıxarıb problemi qeyd edir. Problem həll olunmadığı üçün məhkum yenidən müraciət edir və o, göy üzlü dəftərini yenə seyfdən çıxarıb sadəcə bir qeyd yazır – “2-ci dəfə”. Hər dəfə şikayət təkrarlandıqca bu, 5-ci, 10-cu, 15-ci və daha çox dəfələr olur. Prezidentin şəkli də şahiddir ki, Penitensiar Xidmətin işçilərinin vəzifələri olsa da, səlahiyyətləri yoxdur. Hansını dindirirsən, deyir, məruzə eləmişəm. Bu qədər məruzəçiyə hökumət niyə gərək duyur? Yüzlərlə işçiyə niyə məruzəyə görə büdcədən pul xərclənir? Prezidentin şəkli də şahiddir ki, bu suallara cavab verilmir.
Bu şəklin altından keçib işə gələn heyətə məhkumlar üçün hədiyyə gətirmək qadağandır, amma məhkumlardan götürmək qadağan deyil. İşçi heyət adətən gündəlik yeyib-içəcəklərini məhkumlardan alırlar. Güzərana gələndə gözlərini şəkildən çəkib məhkumlara dikirlər. Prezidentin şəkli də şahiddir ki, onlara verilən 600-800 manatlıq maaşla dolana bilmirlər.
Penitensiar Xidmətin illik büdcəsi 200 milyon manata yaxın olsa da, kompleksdə bu pulun izi-tozu görünmür. Anbara girməyən məhsullara anbardarın qol çəkməsini istəyirlər. Rəhbərlik anbarın dolu olduğunu desə də, istənilən heç bir avadanlıq orada tapılmır. 200 milyon manatlıq büdcə anbarlara çatmadan pay-püş edilir. Prezidentin şəkli də buna şahiddir.
Şahiddir ki, Babək İsgəndərov onun şəklinin altında qadın məhkuma gileylənir ki, korpusda mətbəxin qurulması üçün cəmi 3000 manat pul lazımdır. Bu pulu da 6 aydır toplayıb bir tərəfə çıxara bilmir. “Öz hesabıma edirəm deyə gecikir”- deyir. Bəs dövlət büdcəsi? Bəs 200 milyon manat? Prezidentin şəkli də şahiddir ki, rəis cürət edib bunu Penitensiar Xidmətin rəhbərindən soruşa bilmir.
Əvəzində eni iki addım, uzunluğu yeddi adım olan mətbəxin çökən döşəməsinə usta hər dəfə işlənmiş taxtalardan gətirib yamaq vurur. Bu yamaqlar Sovet dövrünün lətifəsini yada salır.
“İstehsalatda və iqtisadiyyatda mütləq Amerikanı geridə qoymalı, onu keçməliyik” deyə tribunada cuşa gələn partiya rəhbərinin sözünü kəsən kəndli deyir ki, “bir söz demirəm, keçməyinə keçək, amma xahiş edirəm, elə keçək ki, irəli qaçanda şalvarımızın arxasındakı yamağı görməsinlər”. İndi onun sözü olmasın, “Bəlkə bir az yavaşlayaq” deyəndə yavaşlamaq lazımdır ki, döşəməmizin yamağı görünməsin.
Çökən binada rəis işləmək Babək İsgəndərovun ilk təcrübəsi deyil. 12 saylı Cəzaçəkmə Müəssisəsinin tavanı çöküb bir nəfər məhkumun həyatına son qoyanda da orada Babək İsgəndərov rəis işləyirdi. Elə bu çöküşdən sonra növbəti çökən binaya rəis gətirildi. Ümid edir ki, bu kompleks də çökəndə özü salamat qalacaq. Şikayətlənmir, əmrə müntəzir şəkildə məruzələrlə keçən iş rejimi yaşayır. Amma bütün əmrlər könlüncə olmur. Əmrlərlə bağlı Elisa Cannetti “Kütlə və Hakimiyyət” kitabında deyir ki, “Heç bir əmrin yoxa çıxmadığını, onun batırdığı tikanın əbədi qaldığını anlamaq çox mühümdür. Yalnız yerinə yetirilmiş əmr ona itaət edən şəxsdə öz tikanını buraxır”.
Elə bu tikanın qaldığındandır ki, əmr verən rəhbəri – Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidov vəzifəsindən azad ediləndən sonra məhkumlara menyuda nəzərdə tutulmayan yemək – kabab göndərildi. Rəis əmrinin tikanını canında daşıdığı rəhbərindən qurtuluşunu nümayişkaranə şəkildə qeyd edirdi. Prezidentin şəkli də bu mənzərəyə şahidlik eləyirdi.