Avqustun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmaçı jurnalist Xədicə İsmayılla bağlı keçirilən prosesə jurnalistlər, vətəndaş cəmiyyətinin fəalları ilə yanaşı ailə üzvləri də buraxılmayıb. Məhkəmədə zərərçəkmiş şəxs qismində tanınan Tural Mustafayev prosesə gəlməsə də, hakim şahidləri dindirib. Şahidlərdən Aynur İmranova bunu qanunsuz adlandırır.
Proses zamanı vəkillər Xədicə İsmayılın şüşə kabindən çıxarılması ilə bağlı vəsatət qaldırıblar. Hakim vəsatəti təmin etməyib və bunu Xədicə İsmayılın təhlükəsizliyi ilə əlaqələndirib.
Vəkil Fariz Namazlı bildirir ki, məhkəmə zərərçəkmiş şəxs qismində çıxış edən Tural Mustafayevin prosesə zorla gətirilməsi ilə bağlı qərar qəbul edib.
Proses zamanı Xədicə İsmayıl kənar şəxslərin zaldan çıxarılmasını, müstəqil media nümayəndələrinin zala buraxılmasını tələb edib. Xədicə İsmayıl bildirirb ki, məhkəmənin açıq keçirilməsi təmin olunmayana qədər heç bir suala cavab verməyəcək. Jurnalist hakim heyətinə etiraz etsə də, bu baxılmamış saxlanılıb. Proses bitəndən sonra zaldan çıxan şəxslərə kim olduqlarını soruşan jurnalistlərə hücum olub.
Araşdırmaçı jurnalist Xədicə İsmayılın məhkəməsi avqustun 10-da davam edəcək.