Xədicə İsmayılın həbsdə tərcümə etdiyi kitab işıq üzü gördü

Həbsdə olan jurnalist Səhər Delicaninin “Cakaranda ağacının uşaqları” romanını dilimizə tərcümə edib

Source:
Xədicə İsmayıl
Xədicə İsmayıl


Həbsdə olan jurnalist Səhər Delicaninin “Cakaranda ağacının uşaqları” romanını dilimizə tərcümə edib.

Bu barədə xəbəri “Azadlıq” qəzetinin köşə yazarı, publisist Elnur Astanbəyli öz şəxsi facebook hesabında yazıb.  Yazar bildirib ki, Xədicə İsmayilın həbsxanada Azərbaycan türkcəsinə çevirdiyi Səhər Delicaninin “Cakaranda ağacının uşaqları” romanı işıq üzü görüb: “1983-cü ildə İrandakı siyasi rejimı qarşı mübarizəyə qoşulduğu üçün həbs edilən anasının saxlanıldığı evin həbsxanasında doğulan Səhər Delicaninin bu ilk romanı indiyədək 28 dilə çevrilib, 75-dən çox ölkədə nəşr olunub. Roman məhz İrandakı siyasi rejimə qarşı mübarizə aparanların ağır taleyini, başlarına gətirilən əzabları, işgəncələri anladır, sönməyən azadlıq arzularından danışır.

Səhər Delicani bu romanının Azərbaycan türkcəsində nəşrinə ön söz yazıb, əsərinin heç bir tərcüməsinin Xədicənin çevirməsi qədər onu heyran etmədiyini deyib, onun azadlığa buraxılacağı və Xədicəni qucaqlayıb bağrına basacağı günü ümidlə gözlədiyini bildirib.

Yəqin ki, cəsur dostumuzun dəmir barmaqlıqlar ardında da boş dayanmayaraq çevirdiyi romanın yaxın vaxtlarda təqdimatı olacaq, bu haqda və romanı necə əldə etmək barədə əlavə məlumat olacaq”.

Buna qədər Xədicə İsmayıl bir çox kitabı Azərbaycan dilinə tərcümə edib. O, həmçinin Xalid Hüseyninin kitablarının tərcüməçisidir. Jurnalist həbs olunduqdan sonra dünyaca məşhur yazıçı Xalid Hüseyni onun həbsinə münasibət bildirmiş və Azərbaycan hökumətindən Xədicə İsmayılın dərhal azad olunmasını tələb etmişdi.

Jurnalist Xədicə İsmayıl Beynəlxalq İnsan Hüquqları təşkilatları tərəfindən siyasi məhbus kimi tanınır.

Ana səhifəXəbərlərXədicə İsmayılın həbsdə tərcümə etdiyi kitab işıq üzü gördü