Xədicə İsmayıl: Növbədənkənar prezident seçkilərinin səbəbi izah edilmədən elanı biabırçılıqdır

Rauf Mirqədirov: ”Hakimiyyət rəsmiləri səbəbi izah etməlidirlər”

Source:


Rauf Mirqədirov: ”Hakimiyyət rəsmiləri səbəbi izah etməlidirlər”

Azərbaycan prezidenti İlham Əliyev fevralın 5-də

sərəncam

verərək aprelin 11-də növbədənkənar prezident seçkilərini təyin etsə də, seçkilərin hansı səbəbdən ertələndiyini sərəncamda izah etmədi.

Qanunla növbəti prezident seçkiləri 2018-ci ilin oktyabrında keçirilməli idi.

Ölkədəki siyasi situasiya da zahirən növbədənkənar seçkilərin keçirilməsi zərurətini yaratmamışdı. Elə ona görə də prezidentin qərarı bütün cəmiyyət üçün şok effekti yaratdı.

Növbədənkənar prezident seçkilərinin keçirilməsi mümkünlüyünü isə hələ dekabrda bir sıra ekspertlər proqnozlaşdırmışdılar.

Proqnozlar isə Milli Məclisin Seçki Məcəlləsinə etdiyi dəyişikliklər ilə bağlı idi. Belə ki, ötən ilin dekabrında parlament adıçəkilən məcəllənin 179-cu maddəsinə dəyişiklik edərək (Növbədənkənar prezident seçkilərinin keçirilməsi) növbədənkənar prezident seçkilərinin Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edildikdən sonra 3 ay yox, 60 gün ərzində keçirilməsini təsbit

ediblər

.

Bu addımı dekabr ayında şərh edən hüquqşünas Erkin Qədirli “Facebook” sosial şəbəkəsindəki səhifəsində 2017-ci il dekabrın 9-da qeyd edib ki, Konstitusiyaya dəyişikliklərdən sonra prezidentin səlahiyyət müddətinin 7 ilə çatdırılması 2025-ci ildə parlament və prezident seçkilərinin demək olar ki, eyni zamana təsadüf edəcəyini göstərir.

Erkin Qədirli

O xatırladıb ki, Azərbaycanda prezident seçkiləri oktyabr, parlament seçkiləri isə noyabr ayında keçirilir. E.Qədirli təxmin edib ki, prezident seçkiləri yaz aylarına salına bilər və parlament seçkisi isə payızda olacaq. Bununla da o proqnoz edib ki, 2018-ci ilin prezident seçkiləri ertələnib yaz aylarından birində keçirilə bilər.

Hazırda ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı da bu dəyişiklikyə istinad edərək, növbədənkənar prezident seçkilərinin keçirilməsi mümkünlüyündən danışıb. Amma, onun dediklərini hakim komandanın nümayəndəsi, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov dekabr ayında parlamentdə çıxış edərək, təxribat adlandırıb:

Seçki Məcəlləsinə dəyişikliklərin müzakirəsində çıxış edən S. Novruzov bildirib ki, Amerikada yaşayan Sevinc Osmanqızı şayiə yayır ki, Azərbaycanda mart ayının ortalarında prezident seçkiləri keçiriləcək və Milli Məclis bu məsələni müzakirəyə çıxarır.

Siyavuş Novruzov

“Bu, təxribatdır və o, təxribatla məşğuldur. Qanunda göstərilib ki, prezident seçkiləri fəaliyyətdə olan prezidentin səlahiyyət müddəti başa çatdıqdan sonra, oktyabr ayının üçüncü həftəsinin üçüncü günündə keçirilir. Burada hər hansı fövqəladə hal, hadisə baş verməyib. Götürün Konstitusiyanı, Seçki Məcəlləsini oxuyun. Hər fikirdən yanlış nəticələr çıxarıb, yanlış xəbərlər yayırlar, biz də bütün fəaliyyətimizi təkzib verməyə həsr edirik”, – deyə, S. Novruzov

bildirib

.

Növbədənkənar seçkilərin keçirilməsi haqqında qərar pqornozlaşdırıldığı kimi qəbul edildikdən sonra isə YAP-ın digər nümayəndəsi deputat Aydın Mirzəzadə bunu Azərbaycan Xalq Cümhurriyyətinin 100 illiyinə həsr olunan tədbirlərin il ərzində keçirilməsi ilə əlaqələndirib.

Aydın Mirzəzadə

Deputat Aydın Mirzəzadə AzVision.az-a bildirib ki, bu il həm Azərbaycan Parlamentinin və Silahlı Qüvvələrinin yaranmasının, həm də Azərbaycan dövlət bayrağının qəbul edilməsinin 100 illiyidir.

“Bu baxımdan Azərbaycan cəmiyyəti bu il həm seçki keçirməli, həm də bu yubileyləri yüksək səviyyədə keçirməklə müstəqilliyə layiq olduğunu, Azərbaycan Xalq Cümhuriyyətinin şanlı səhifə olduğunu göstərməlidir”, – deyə deputat vurğulayıb.

YAP rəsmisi hesab edir ki, seçkilərin vaxtını əvvələ çəkməklə cəmiyyətimiz həm prezident seçkilərini, həm də digər tədbirləri yüksək səviyyədə keçirə biləcək:

“Prezident seçkiləri konstitusiyada nəzərdə tutulduğu kimi oktyabr ayında keçirilsəydi, cəmiyyət paralel surətdə bir neçə istiqamətdə öz fəaliyyətini göstərməli olacaqdı. İndiki situasiyada isə seçkiləri keçirməklə biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini adına layiq şəkildə qeyd edə biləcəyik. Eyni zamanda cümhuriyyətimizin ikinci 100 illiyinə yeni seçilən prezidentin liderliyi, yeni proqramlarla, yeni hədəflərlə daxil

olacağıq

”.

Milli Şuranın beynəlxalq məsələlər üzrə koordinatoru Gültəkin Hacıbəylı növbədənkənar seçkilərin elan edilməsində çox ciddi səbəblərin olduğunu hesab edir:

“Birinci səbəb odur ki, hakimiyyətin mövqeyi günü-gündən pisləşir, siyasi vəziyyət də iqtidar üçün arzuolunmaz mərhələyə qədəm qoyur. İkinci, Rusiyaya qarşı sanksiyaların gündəmə gəlməsi Azərbaycan hakimiyyətində ciddi qorxu yaradıb. Bu, Kremldə mərkəzdənqaçma meyllərini gücləndirəcək”.

Gültəkin Hacıbəyli

O hesab edir ki, əslində, Azərbaycan hakimiyyəti Rusiyanın hesabına ayaq üstədir.

“Putin hakimiyyəti zəifləyəcəyi təqdirdə, Azərbaycanda demokratik əhval-ruhiyyə də güclənəcək. Belə olanda seçkiləri oktyabrda keçirmək apreldə keçirməkdən qat-qat çətin ola bilər. Üçüncü səbəb ölkənin iqtisadi vəziyyətinin görünməmiş dərəcədə pisləşməsidir. İqtisadiyyat daralır, əhalinin sosial güzəranı günü-gündən pisləşir, bu isə oktyabrda narazılığın daha da artacağı siqnalını verir. Bütün bunları önləmək üçün hakimiyyət 5 fevral sərəncamını verdi”.

G.Hacıbəyli bildirib ki, normal dövlətlərdə bir şəxs iki dəfədən çox prezidentyliyə namizədliyini irəli sürə bilmir və seçkilər də normal keçirilir:

“Həmin seçkilər ATƏT-in Müşahidə Missiyasından 58 faiz saxta qiyməti almır. Normal dövlətlərdə xalq dövlət idarəsindən təcrid olunmur. Ona görə Azərbaycan kimi dövlətdə 5 fevral sərəncamının verilməsi kifayət qədər başadüşüləndir. Hər halda seçkilərin növbədənkənar keçirilməsi ehtimalı Konstitusiya dəyişikliyi olunanda müzakirə olunurdu. Görünür, siyasi vəziyyət hakimiyyəti buna məcbur etdi”.

Araşdırmaçı jurnalist Xədicə İsmayıl növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncamın səbəbi izah etmədən imzalanmasını biyabırçılıq adlandırıb:

Xədicə İsmayıl

“Azərbaycan hakimiyyəti bu qərarı ilə vətəndaşlara xitab edir ki, sizi adam saymırıq, ona görə izahat vermirik. Yəni seçkinin vaxtının dəyişdirməkləri üçün müharibə, yaxud təbii fəlakət deyə səbəblər var. İkinci, izah verəndə müzakirə üçün yer açılır və cavabı bilib qınamaqdansa, hamı müxtəlif variantlar irəli sürür”.

Jurnalist deyir ki, normal ölkələrdə seçki azad və şəffaf keçirilir:

“Növbədənkənar seçkilər elan olunanda isə səbəblər izah edilir. Birinci, xalq hökumətə etimadsızlıq göstərir, ardından parlamentdə müzakirə başlayır və bununla bağlı siyasi qərar qəbul edilir. Amma bu qərar aşağılardan diktə olunur. Nəhayət, normal dövlətlərdə prezident öləndə növbədənkənar seçkilər haqda qərar qəbul edilir”.

Mühacirətdə olan siyasi icmalçı Rauf Mirqədirov bildirib ki, ilk nəzərdən görünən səbəb yoxdur:

“Hakimiyyət rəsmiləri səbəbi izah etməlidirlər, əsl səbəbi deməsələr də, cəmiyyəti məlumatlandıracaq səbəb olmalıdır. Yəqin ki, bugünlərdə əsl həqiqət deyilməsə də, hansısa rəsmi şəxs izahat verəcək”.

Rauf Mirqədirov

Rauf Mirqədirov YAP-çı deputat Aydın Mirzəzadənin 5 fevral sərəncamının cümhuriyyətin 100 illiyi ilə bağlı tədbirlərlə əlaqələndirməsini çox gülünc sayıb:

“Bu, o deməkdir ki, hakimiyyətin ştatlı təbliğatçıları Prezident Administrasiyasından hələlik çox ciddi izahat almayıblar. Cümhuriyyətin 100 illiyinə gəlincə, hər yubiley bayramları ilə bağlı seçkilərin vaxtının dəyişdirilməsi görünməmiş haldır. Bir gün, bir həftə dəyişmək olar, amma yarım ildən çox isə gülüncdür. Əslində, 5 fevral sərəncamının ciddi səbəbləri var və bu, əhaliyə izah edilməlidir. Mən ehtimal edirəm ki, ilin ikinci yarısında beynəlxalq aləmdə çox ciddi təlatümlər ola bilər və bunlar regiona təsir edər. Ona görə hakimiyyət seçkiləri həmin dövrə salıb ayaq altında qalmaq istəmir”.

R.Mirqədirovun sözlərinə görə, bəzi ölkələrdə qanunvericilik seçkilərin təyin olunmasında hakimiyyətə azadlıq verir. İngiltərədə hakimiyyət yarım il tez seçki keçirə bilər. Bu, hakimiyyətin reytinqinin yüksək zamanında seçkinin vaxtını təyin etmək imkanını verir. Əksər ölkələrdə vaxtından əvvəl seçkinin keçirilməsinin ciddi səbəbləri olur. İtaliyada hər hansı hökumətin öz müddətini qanunda nəzərdə tutulduğu zamanda başa vurduğu az olub. Əksər vaxtlarda növbədənkənar seçkilər keçirilib və bu, parlament, yaxud daxili və xarici siyasi böhranla bağlı olub. Normal ölkələrdə belədir və Konstitusiya islahatları keçiriləndə də növbədənkənar seçkilər keçirilir. Məsələn, Türkiyəni misal çəkə bilərik”.

Ana səhifəXəbərlərXədicə İsmayıl: Növbədənkənar prezident seçkilərinin səbəbi izah edilmədən elanı biabırçılıqdır