İlham Əliyev növbədənkənar prezident seçkiləri elan etdi

Seçkilər aprel ayına təyin edilib

Source:


Seçkilər aprel ayına təyin edilib

Azərbaycan prezidenti İlham Əliyev sərəncam verərək, növbədənkənar prezident seçkilərini elan edib.

Sərəncama əsasən, seçkilər 2018-ci il aprelin 11-ə təyin edilib.

Azərbaycanda seçkilər 2018-ci il oktyabrın 17-də keçirilməli idi. Prezidentin növbədənkənar seçkiləri təyin etməsinin səbəbləri göstərilməyib.

İlk dəfə olaraq Azərbaycanda prezident 7 il müddətinə seçiləcək.

Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları prezidentliyə namizədlər kimi İsa Qəmbər və Mirmahmud Mirəlioğlunun namizədliklərini irəli sürəcəklərini bəyan

ediblər

.

Bundan əvvəll hazırda Almaniyada mühacirətdə yaşayan keçmiş deputat Hüseyn Abdullayev də prezidentliyə namizədliyini irəli sürəcəyini elan

etmişdi

.

Meydan TV sərəncamla əlaqədar siyasi icmalçılara və siyasətçilərə müraciət edib.

Sərəncamı Meydan TV-yə şərh edən “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib ki, bu il ilk dəfədir seçkilər böhran vəziyyətində keçirilir:

“Cəmiyyətdə narazılıq var və getdikcə də artır. Beynəlxalq təşkilatların da təpkiləri var, komanda daxilində də problemlər də var. Əslində, sərəncam praktiki olaraq oktyabra qalan 6 ay ərzində gözlənilənəcək gərginliyin qarşısını almaq məqsədi güdür. Aprelin 11-ə isə 2 ay qalıb, bununla da tərəflər səfərbər ola bilməyəcək və bu, seçkiləri özünə rahat keçirmək imkanı yaradacaq. O cümlədən, seçkilərə 6 ay qalanda müxalifət bir araya gələ bilir, amma 2 aya bu imkan qalmır. Hələ 5 fevral sərəncamından sonra müxalifətin seçkilərə gedəcəyi də bilinmir”.

Mehman Əliyev
Mehman Əliyev

Mehman Əliyev deyir ki, İlham Əliyev bu sərəncamla hamını pat vəziyyətə saldı, yəni qərar vermək bütün tərəflər üçün ağırdır. Şahmatda buna pat situasiya deyirlər.

Siyasi icmalçı Zərdüşt Əlizadə İlham Əliyevin növbədənkənar seçkilərə getməyinin birinci səbəbini Rusiyadakı seçkilərlə əlaqələndirir:

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

“Rusiyada seçkilər martın 18-də keçirilir, Azərbaycanda 1 ay sonra. İkinci səbəb hakimiyyətin daxili problemlərindən doğur. Görünür, hakim zümrə daxilində dingildəyənlər çoxdur, onları qabaqlayıb fakt qarşısında qoyur. Açıq şəkildə deyir ki, seçkiləri oktyabrda yox, 2 ay sonra keçirirəm, siz də hazırlığınızı sürətləndirin, görün, nə edə bilərsiniz. Hakimiyyətdə xeyli adam pul toplayıb və iştahları güclüdür. Ad çəkmirəm, baxın görün, Əliyevdən sonra ən çox pul toplayan məmur kimdir və inzibati resurslar kimin əlindədir”.

Milli Şuranın sədri Cəmil Həsənli hesab edir ki, sərəncamın arxasında hakim ailənin hansısa məqsədləri dayanır:

“Halbuki, 4 həftə əvvəl seçkilərin vaxtı müəyyən edilmiş və rəsmi açıqlama verilmişdi. Gözlənilmədən, heç bir zərurət olmadan vaxtın dəyişilməsi hakimiyyətin daxilindəki çox ciddi proseslərlə bağlıdır. İkinci amil hakimiyyətin hər həftə nüfuzunu itirməsidir”.

Cəmil Həsənli
Cəmil Həsənli

Cəmil Həsənli bildirib ki, seçkinin oktyabrda deyil, apreldə keçirilməsinin elə bir fərqi yoxdur, çünki Əliyev hakimiyyətinin cəmiyyətdə güclü potensialı yoxdur. Seçki əvvəllər olduğu kimi saxtakarlıqla müşahidə olunacaq və MSK daha 7 il müddətinə hakimiyyəti Əliyev klanının adına rəsmiləşdirəcək. Bütün hallarda seçkilərin aprelin 11-də keçirilməsi ölkədə normal seçki mühitinin yaradılmaması, siyasi partiyaların daha fəal hazırlığının qaşısını almaq niyyətindən irəli gəlir”.

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər deyib ki, sərəncam rejimin ciddi narahatlığının təzahürüdür:

“Hakimiyyət Konstitusiyaya görə oktyabra qədər gözləməyə cəsarət etmir. Çünki oktyabra qədər cəmiyyətdə narazılıq daha da artacaq. Ona görə də sərəncam verib seçkinin vaxtını sürətləndirir. Təbii ki, bunu ciddi dəyərləndirdikdən sonra daha geniş şərh verəcəyik”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu sərəncamın hakimiyyət daxilində narahatlıqdan qaynaqlandığı qənaətindədir:

“Bilmədiyimiz məqamlar var,ehtimallar üzərində dayanmayaq. Hakimiyyət rəsmiləri sərəncam haqda izahat verməlidirlər, əgər vermirlərsə, daxildə durum çox kritikdir”.

Ana səhifəAnalitikaİlham Əliyev növbədənkənar prezident seçkiləri elan etdi