Rauf Mirqədirov: ”Jurnalist leqal maaşı ilə ev ala bilmir”
“Bəzilərinin Azərbaycan dövlətinin media siyasətinin iflasa uğradığını söyləməsi təəssüf doğurur”.
APA-nın məlumatına görə, bu sözləri jurnalistlər üçün inşa olunmuş ikinci binada mənzillərin açarlarının jurnalistlərə təqdim olunması mərasimində Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov
bildirib
.
Xarici qrantlar media nümayəndələrini Azərbaycanın strateji maraqlarına qarşı çıxarır
Ə.Həsənov deyib ki, bu gün xarici qrant mediasının nümayəndələri Avropanın ayrı-ayrı mərkəzlərində toplaşaraq “No-TAP” aksiyasını həyata keçirmək istəyirlər:
“Xarici qrant siyasətini təbliğ edənlərin Azərbaycanda formalaşdırdıqları jurnalistlər bunlardır. Azərbaycan mediasının təməli sağlam qoyulub. Media ilk növbədə insanları informasiya ilə təmin etməli, maarifləndirməli, onlara vətənpərvərlik aşılamalıdır. “Azərbaycanda media siyasəti iflasa uğrayıb” deyənlər baxsınlar ki, medianın üzərində nəzarəti həyata keçirən inzibati orqan varmı? Azərbaycanda jurnalistlərin özünütənzimləmə orqanı olan Mətbuat Şurası formalaşıb”.
Ə.Həsənov qeyd edib ki, Azərbaycan dövlətinin təklif etdiyi mənzili jurnalistlər ala da, almaya da bilər:
“Ancaq bunu əsas götürərək, dövlətin media siyasətinin jurnalistlərin müstəqilliyini məhdudlaşdırdığını iddia etmək düzgün deyil. Əksinə, xarici qrant siyasəti üzərində media formalaşdırmaq istəyənlərin cəhdləri jurnalistlərin müstəqilliyinə təhlükə yaradır”.
Prezidentin köməkçisi qeyd edib ki, yazılı mediaya dövlət dəstəyi hazırkı mürəkkəb durumda onların fəaliyyətini stimullaşdırmaq məqsədi daşıyır:
“Yazılı media ölkənin tarixi salnaməsini yaradır və gələcək nəsillərə ötürür. Bu salnaməni internet mediasında yaratmaq mümkün deyil”.
Ə.Həsənov vurğulayıb ki, “xarici agentlərin otaqlarda ayırdığı qrantlarla prezident İlham Əliyevin mediaya ayırdığı yardımları hətta müqayisə etmək belə düzgün deyil”: “Xarici qrantlar media nümayəndələrini Azərbaycanın strateji maraqlarına- TAP, TANAP-a qarşı çıxarır. O insanlar Azərbaycan cəmiyyətindən hansı təpkiləri alacaqlarını gözləri qarşısına gətirsinlər”.
Jurnalistə şərait yaradılmayanda, onun müstəqilliyi məhdudlaşdırılır
Mühacirətdə yaşayan jurnalist Rauf Mirqədirov bildirib ki, Əli Həsənov özü dediklərini təkzib edir:
“Məsələn, cənab Həsənov sonda deyir ki, dövlət yardımı olmasa, çap mediası öz işini dayandıracaq. Bu, Azərbaycanda medianın inkişafı üşün şəraitin olmadığının göstəricisidir. Media müstəqil olmalıdır və mətbuatın müxtəlif maraqları ifadə etməsi çox normaldır. Ancaq həmin maraqları ifadə etməsi üçün şərait yaradılmalıdır”.
Onun fikrincə, bu, ilk növbədə siyasi imkanların yaradılmasından və müvafiq qanunların qəbulundan keçmir, həm də liberal və azad iqtisadiyyatın olması vacibdir.
“Yəni biznes müstəqil şəkildə mətbuatla əməkdaşlıq etməlidir. Bəzən müstəqil media orqanları yaradılır və onlar o dərəcədə nüfuz qazanır ki, biznes strukturuna çevrilib özlərini maliyyələşdirirlər. Azərbaycanda isə belə şərait yoxdur. Gəlin, siyasi situasiyanı kənara qoyaq, ad çəkməyəcəm, bu və ya digər mətbuat, saytlar, elektron media orqanlarının maliyyə mənbələri açıq və şəffaf deyil. Amma onların hansı mənbələrdən və nə cür maliyyələşdirildiyi məlumdur. Məsələ ondadır ki, Azərbaycanda mövcud dünyada olan meyarların inkişafı üçün şərait yoxdur”.
Rauf Mirqədirov jurnalistlərin mənzil almasına da toxundu:
“Mən onları ittiham etmək istəmirəm. Onlar 30-40 il çalışır, amma bir ev ala bilmirlər. Əgər jurnalist rüşvət almırsa, reketlik etmirsə və jurnalistikadan kənar vasitələrə əl atmırsa, onun mənzil almaq imkanı yoxdur. Ona görə belə vəziyyətdə jurnalistin hökumətin təklif etdiyi mənzili almasını günah saya bilmərəm. Kimsə imtina edir, yaxud alırsa, bu, artıq onun şəxsi seçimidir. Amma problem ondan ibarətdir ki, jurnalist leqal maaşı ilə ev ala bilmir. Bax, jurnalistə bu şərait yaradılmayanda, onun müstəqilliyi məhdudlaşdırılır. Deməli, jurnalist özünə normal şərait yaratmaq üçün müəyyən güzəştə getməlidir. Bu, güzəşt özü-özlüyündə yaranmış şəraiti parlaq ifadə edir”.
Hakimiyyət məqsədinə çatıb
Araşdırmaçı jurnalist Xədicə İsmayıl Əli Həsənovla razıdır:
“Bəli, hakimiyyətin media siyasəti iflasa uğramayıb, məqsədlərinə çatıblar. Azərbaycan hökuməti ələbaxımlı və gözüqıpıq media yarada bilib. Müstəqil olanların hamısını məhv ediblər. Hakimiyyətin media siyasəti bundan ibarət olub və bu siyasəti də uğurla həyata keçiriblər. Hakimiyyət ona nail olub ki, vətəndaş üçün qərəzsiz informasiya almaq imkanlarını qapadıb, insanlar yalnız sosial şəbəkələr və xaricdə fəaliyyət göstərən saytlardan doğru xəbər ala bilirlər”.
Xədicə İsmayıl prezidentin köməkçisinin qrant alan jurnalistlərlə əlaqədar ittihamlarına belə cavab verdi:
“Çox gözəl olardı ki, iqtisadiyyat azad olsun və müstəqil medianın fəaliyyət göstərməsi üçün reklam bazarı şəffaf olsun. Nəticədə medianın xarici donorlara ehtiyacı yaranmasın. Məsələn, Azadliq radiosunun Rumıniyada ofisi o zaman qapandı ki, bu ölkədə müstəqil media fəaliyyət göstərə bilirdi. Onda Azadliq radiosu həmin situasiyanı bayram etdi və bildirdi ki, artıq Rumıniyada fəaliyyətə ehtiyac yoxdur, çünki yerli media kifayət qədər maliyyə və peşəkarlıq baxımından müstəqildir”.
O qeyd edib ki, xarici donorlar maliyyə mənbələrini açıq saxladıqlarından onlarla işləyən mediadan, jurnalistlərdən qorxmaq lazım deyil.
“Ən əsası qaydalarında bu məsələləri xüsusilə vurğulayırlar ki, maliyyə mənbəyi redaksiya siyasətinə təsir göstərməsin. Təəssüf ki, Azərbaycan hökuməti heç kimə təmənnasız heç nə verməyib. Hər hansı evin, yaxud imtiyazın qarşılığında onlardan şər-böhtan kampaniyalarında iştirak etməyi tələb edir. Adi bir misal, “Səs” qəzetində mənim haqqımda şər-böhtan yazan altı müəllifin hamısına mənzil verilib. Mən indiyə qədər donorların maliyyələşdirdiyi media orqanlarında da işləmişəm, yaxud xarici mediaya da yazmışam. Amma mənə kiminsə haqqqında qeyri-obyektiv yazmaq təklif, ya da tələb etməyiblər. Əksinə deyiblər ki, yazdıqların mütləq sənədlərlə, faktlarla sübut olunmalıdır. Yazdıqlarım 3-4 mərhələdən keçir. Əli Həsənov onu da düz deyir, mənzili verirlər, almayaydılar. Təəssüf ki, Azərbaycanda muzdlu yazar olmağa, imtiyaz müqabilində şər-böhtan yazmağa növbəyə dayananlar həddən artıq çoxdur.