Deputatlığa namizədin şirkətləri barəsində cinayət işi başlanıb
“Şirkətin Bakıdakı ofisinə getdik, orada Sədaqət adlı qadın bizi qapıdan qovdu, dedi, gedin, hara istəyirsiz şikayət edin. Sonra eyni sözü Şamaxı polisinə şikayət etdiyimiz şirkət rəhbəri Ruslan Nəcəfovdan da eşitdik”.
Xarici ölkərə işləməyə getmək istəyən 47 nəfər Şamaxı sakini aldadıldığını iddia edir. Onlar Meydan TV-yə məktub göndəriblər. Dediklərinə görə, bir müddət əvvəl fəaliyyəti ilə “Tiktok”dan tanış olduqları, ofisi Bakıda yerləşən “365 tourism” şirkətinə müraciət ediblər.
Qısa müddətdə ofisdən onlara tapşırılan 100 min manatdan çox pul yığılıb ödənilsə də, nə xaricə gedə, nə də pullarını geri ala biliblər. Şirkətin Serbiyaya göndərdiyi bir neçə şamaxılı isə bir neçə gün küçələrdə gecələdikdən sonra çox çətinliklə geri qayıda bilib. Məktubda yazılır:
“Xaricdə iş üçün getdiyimiz şirkətin Bakıdakı ofisində bizi Mehrab Xəlilov adlı şəxs qarşıladı. Bizi dinlədi, dedi ki, yerində və detallı məlumat toplamaq üçün gərək Şamaxıya gəlsin. Gəldi, xaricdə işləmək istəyənlərlə tanış oldu, dedi ki, Serbiyada yüksək gəlirli işlər var. Ancaq ən azı 100-120 nəfər olmalıdır ki, şirkət bu işə qol qoysun. İşlərin görülməsi üçün adambaşına 3 min manat istədi. Guya bu məbləğə viza işlərinin görülməsi, bilet alınması və gedəcəyimiz yerdə qarşılanma xərcləri daxildir. Ondan sonra bu adam Şamaxıya daha bir neçə dəfə gəldi, bizimlə görüşürdü, gedəcəyimiz yerdə necə davranacağımızla bağlı təlimatlar verirdi. Biz də inanırdıq. Bizdə bu görüşlərin videoçəkilişləri də var”.
132 min 700 manatı Mehrab Xəlilova vermişik”
Şikayətçilərin sözlərinə görə, 47 nəfərin xaricə getməsi üçün istənilən cəmi 132 min 700 manatı toplayaraq Mehrab Xəlilova veriblər. Mehrab Xəlilov da onları Bakıdakı ofisə dəvət edib. Ofisdə onların hər birinə ödədikləri pula görə qəbz və bilet təqdim olunub. Elə bundan sonra da necə deyərlər, ara qarışıb, məzhəb itib:
“Baxdıq ki, bizə verilən qəbzlərdə ödədiyimiz məbləğlər xeyli az göstərilib. Biletləri yoxlayanda isə məlum oldu ki, onlar saxtadır. Yenə ofisə üz tutduq, bu dəfə bizi qarşılayan Mehrab Xəlilov yox, özünü şirkətin əməkdaşı kimi təqdim edən Sədaqət adında qadın oldu. Mehrab onu qabağa verib, özü arxasında gizlənmişdi. Sədaqət üstümüzə qışqırır, bizimlə kobud rəftar edirdi. Biz ondan ya düz-əməlli bilet verməsini, ya da pullarımızı qaytarmasını tələb edirdik. O isə “heç nə verməyəcəm”, deyə bağırırdı. Aidiyyəti qurumlara şikayət edəcəyimizi bildirəndə “hara istəyirsiz şikayət edin, əlimiz hər yerə çatır”, deyib, hamımızı ofisdən qovdu”.
Şamaxı polisi işdə cinayət tərkibi tapmadı
Bundan sonra vətəndaşlar Şamaxıya qayıdaraq rayon polis şöbəsinə ərizə ilə müraciət ediblər. Şirkətin Mehrab və Sədaqət adlı əməkdaşları, Ruslan Nəcəfov ad-soyadlı rəhbəri polisə çağırılıb. Ancaq bir gün sonra sərbəst buraxılıblar:
“Polisdən bizə dedilər ki, əməldə cinayət tərkibi yoxdur. Ruslan Nəcədovsa polis şöbəsindən çıxandan sonra dedi, gedin, hara getsəniz deyin, haqqını verib, işi bağlatdıracam”.
Aldadılanlardan biri Əbilhəsən Babayev Meydan TV-yə danışır ki, Mehrab Xəlilova vətəndaşlardan pulları o toplayıb verib:
“Mehrab Xəlilov dedi ki, müqavilə vətəndaşlarla tək-tək bağlansa, şirkət hər vətəndaşa görə 100 manatdan çox notarius xərci ödəməlidir. Təklif etdi ki, müqavilələr bir nəfərin adına bağlansın. Məni seçdilər, Mehrab hamıya tapşırdı ki, pulları mənə versinlər, mən də toplayıb ona verim. Mən də 47 nəfərdən cəmi 132 min 700 manat pul toplayıb Mehraba verdim. O da mənə qəbz və bir muqavilə təqdim etdi. Həmin qəbzi və müqaviləni bir neçə nəfərə göstərdim. Dedilər ki, məbləğ səhv göstərilib. Sabahı gün qohumlarımla ofisə getdim. Dedim ki, ya məbləği düz yaz, ya da pulları geri qaytar. Sədaqət adlı qadın dedi, qaytarmayacam. Mən də rayona qayıdıb bu il iyulun 18-də Şamaxı Rayon Polis Şöbəsinə şikayət etdim. Sonradan bilmişik ki, şirkətin sahibi Ruslan Nəcəfov əvvəllər də dələduzluğa görə məhkum edilib”.
Şamaxı Rayon Polis Şöbəsi vətəndaşları məhkəməyə yönləndirib
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, iyulun 18-də Şamaxı Rayon Polis Şöbəsinə bu barədə müraciət daxil olub. Sonradan həmin şəxslərin şirkət tərəfindən xarici ölkəyə göndərilərək orada işlə təmin ediləcəkləri barədə aralarında razılaşdıqları məlum olub. Avqustun ayının əvvəllərində vətəndaşların 34 nəfəri işləmək üçün həmin ölkəyə göndərilib. Ancaq bəziləri getməkdən imtina edərək şirkətdən ödənilən maddi vəsaitin geri qaytarılmasını tələb ediblər. İstintaq araşdırmaları zamanı əməldə dələduzluq faktı aşkarlanmadığından həmin şəxslərə qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etmələri izah olunub. Şikayətçi Əbilhəsən Babayevsə deyir, şirkətin Serbiyaya işləməyə göndərdiyi həmin adamlar orada küçələrdə gecələməli olub. Aldadıldıqlarını başa düşəndən sonra geri dönüblər.
Baş Prokurorluq iki şirkətə görə cinayət işi başlayıb
Şamaxı sakinlərinin Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yazdıqları şikayət ərizəsi isə həmin qurum tərəfindən icraata götürülüb. Ötən həftə Baş Prokurorluq bu barədə məlumat yayıb. Məlumatda qeyd olunur ki, xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların külli miqdarda pulunun ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb. “Tempo Trips” və “365 Tourism” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş çoxsaylı vətəndaş müraciətləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Nəticədə həmin şirkətlərin vəzifəli şəxslərinin xarici ölkələrdə işlə təmin edilmək məqsədilə onlara müraciət etmiş çoxsaylı vətəndaşlara yalan vədlər vermələrinə, sonuncuların külli miqdarda pul vəsaitini qanunsuz olaraq ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Baş İdarədə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla ibtidai istintaq aparılır. Qurum bu işdən zərər çəkən vətəndaşların Baş Prokurorluğun “961” Çağrı mərkəzinə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə, eləcə də sosial şəbəkələrdəki səhifələrinə müraciət etmələrini xahiş edib.
“365 tourism” MMC-nin direktoru Ruslan Nəcəfovdur. O, sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində Ağsu rayonundan deputatlığa namizəd idi. Meydan TV müxbiri iddialara münasibət öyrənmək üçün şirkətin saytındakı əlaqə nömrələriylə bir neçə gün ərzində əlaqə saxlamağa çalışıb, ancaq həmin nömrələrə zəng çatmayıb.