Bazar ertəsi İranda 978 yoluxma və 54 ölüm hadisəsi təsdiq olunub
İranın Ali Rəhbəri Ayətullah Əli Xameneyin yaxın məsləhətçisi koronavirusdan həyatını itirib.
“Associated Press” (AP) İran dövlət radiosuna istinadən xəbər verir ki, 71 yaşlı Məhəmməd Mirməhəmmədi bazar ertəsi Tehranda xəstəxanada ölüb.
Mirməhəmmədi 2017-ci ildən bəri Xameneyin Nizam Şurasının üzvü olub.
Bazar ertəsi səhər saatlarından etibarən İranda 978 yoluxma və 54 ölüm hadisəsi təsdiq olunub.
80 mindən çox hadisənin və 3,048 ölüm hadisəsinin baş verdiyi bildirilən Çindən epidemiya ilə mübarizəyə kömək etmək məqsədiylə İrana mütəxəssis heyəti göndərilib, – “Business İnsider” yazır.
AP-ə görə, İrandakı vəziyyət narahatlıq doğurur, çünki Yaxın Şərqdə təsdiqlənən 1150 hadisənin yarısından çoxu İrandan yoluxub.
Həmçinin İranda qeyd olunan yoluxma sayının rəsmi rəqəmlərdən daha yüksək olması ilə bağlı qorxular da var.
Toronto Universiteti və Dalla Lana Xalq Sağlamlığı Məktəbinin tədqiqatçılarına görə, yoluxanların həqiqi sayı 23 minə yaxın ola bilər.
Cümə günü BBC İranın səhiyyə sistemindəki mənbələrə istinadən xəbər verib ki, həqiqi ölüm sayının ən az 210 olduğu bildirilir.
ABŞ Dövlət Katibi Mayk Pompeo keçən çərşənbə axşamı bildirib ki, İranın virus ilə əlaqədar lazımi detalları verməməsindən çox narahatdır.
“Bütün millətlər, o cümlədən İran da koronavirus barədə həqiqəti söyləməli və beynəlxalq yardım təşkilatları ilə əməkdaşlıq etməlidir”,- Pompeo deyib.
Ölkənin əsas virus episentri olan Məşhəd və Qum şəhərlərindəki şiə ziyarətgahları bağlanmaq çağırışlarına baxmayaraq açıq vəziyyətdə qalmaqdadır.
“Bizim heç bir rayon və ya şəhəri karantin altına almaq planımız yoxdur. Biz sadəcə şəxsləri karantinə alırıq”,- çərşənbə günü İran prezidenti Həsən Ruhani deyib. BBC Monitorinq xəbər verir ki, vəziyyət onun şərhlərindən sonra xeyli pisləşib.
Ümumdünya Səhiyyə Təşkilatı keçən bazar ertəsi deyib ki, İrandakı vəziyyət “dərin narahatlıq doğurur”.