Vüqar Səfərliyə hökm oxundu (yenilənib)

Foto: Meydan TV

***

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkiafına Dövlət Dəstəyi Fondunun 11 il icraçı direktoru olmuş Vüqar Səfərli və onunla birlikdə mühakimə olunan daha 10 nəfərin məhkəməsi başa çatıb. Dekabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə onlara hökm oxunub.

Hökmə əsasən, Vüqar Səfərli 10 il 6 ay azadlıqdan məhrum edilib.

Jurnalistlər üçün binaları inşa etmiş “Portos” MMC-nin direktoru olmuş Nadir Məmmədov 6 il azadlıqdan məhrum edilib.

Qalan 9 nəfərə isə şərti cəza verilib. Onlar istintaq dövründə də həbsdə olmayıblar.

Məhkəmənin qərarına əsasən Vüqar Səfərlinin Xətai və İsmayıllı rayonlarında fərdi yaşayış evləri, avtomobili, bağ evi və başqa əmlakları, Nadir Məmmədovun torpaq sahələri, Ədalət Vəliyevə məxsus Mətbuat prospektində bina və başqa əmlaklar müsadirə olunub.

***

23.40. Keçmiş KİVDF sədri 10,6 il azadlıqdan məhrum edildi

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkiafına Dövlət Dəstəyi Fondunun 11 il icraçı direktoru olmuş Vüqar Səfərli və onunla birlikdə mühakimə olunan daha 10 nəfərin məhkəməsi başa çatıb. Dekabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə onlara hökm oxunub.

Hökmə əsasən, Vüqar Səfərli 10 il 6 ay azadlıqdan məhrum edilib.

Bu işdə təqsirləndirilən şəxslərin sayı 11 nəfər olsa da, onlardan cəmi ikisi həbsdə idi. Digərləri barəsində isə istintaq və məhkəmə dövrü üçün başqa növ qətimkan tədbiri seçilmişdi. Vüqar Səfərlidən başqa həbsdə olan ikinci təqsirləndirilən şəxs jurnalistlər üçün binaları inşa etmiş “Portos” MMC-nin keçmiş direktoru Nadir Məmmədov idi. Ona isə 6 il həbs cəzası kəsilib. O biri təqsirləndirilənlərə isə şərti cəza verilib. Onların arasında Fondun baş mühasibi Təhminə Yaqubova, bir müddət “Portos” şirkətinə rəhbərlik etmiş Ədalət Vəliyev, jurnalist binalarının keçmiş komendantı Bünyamin İsmayılov və digərləri var.

Vüqar Səfərliyə qarşı ittihamlardan biri də ildə üç dəfə (Novruz bayramı, Milli Mətbuat Günü və Yeni il ərəfəsində) təşkil olunan tədbirlər zamanı qonaq sayını çox, menyunu artıq göstərməklə külli miqdarda vəsaitin mənimsənilməsilə bağlıdır. Təqsirləndirilən şəxslər arasında “Xəmsə”, “Altun” restoranlarının icarədarları, idarəediciləri də var. Bu təqsirləndirilən şəxslərdən Bəxtiyar Fətullayev, Təmkin Xəlilov və digərləri də şərti cəza alıb.

Hökmdən əvvəl təqsirləndirilən şəxslərdən Vüqar Səfərli, Nadir Məmmədov və digərləri məhkəmədə son sözlərini deyiblər.

“Məndə möhür olmayıb. Mən öz işimi görmüşəm. Əlim pula dəyməyib. Əlim o pula dəysəydi, əlimi kəsərdilər. Mən idarə rəisinin müavini ola-ola vəzifəmi qoyub Qarabağ müharibəsinə getmişəm. Təşəkkür edirəm ki, bu işə rəhbərlik edənlər (Əli Həsənovu nəzərdə tutur) binaların tikintisiylə bağlı ziyanı ödəyiblər. Bunu gərək əvvəldən edəydilər ki, heç bir günahım olmadığı halda, 63 yaşımda bura gəlib düşməyəydim”, – Nadir Məmmədov bildirib.

Vüqar Səfərli son sözündə səhhətindəki problemlərə diqqət çəkib. O bildirib ki, prokurorun istədiyi 11 illik həbs əslində, onun üçün ömürlük cəza deməkdir:

“Mən dərmanla yaşayıram, 64 yaşım var. Ürək çatışmazlığı, qan təzyiqi və başqa xəstəliklərdən əziyyət çəkirəm. Niyə həbs olunduğumu indi də anlaya bilmirəm. Mənim fəaliyyətimin üstündən xətt çəkmək kimə lazım idi, bilmirəm…”

Ona qarşı ittihamların uydurma olduğunu deyən Vüqar Səfərlinin sözlərinə görə, istintaq jurnalist binalarının tikintisindən 17 milyona yaxın vəsaitin mənimsənildiyini iddia edir. Amma o vəsaitin hara getdiyi araşdırılmayıb.

Vüqar Səfərli son sözündə Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcılarından biri olduğunu, həbs olunana qədər bu partiyanın Nərimanov təşkilatının sədr müavini olduğunu da hakimlərin nəzərinə çatdırıb.

Vüqar Səfərliyə qarşı ittihamlardan biri də cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması ilə bağlıdır. O isə deyir ki, yalandır, banka vəsaiti hələ 2000-ci illərin əvvəlində – Fondun rəhbəri təyin olunmamışdan əvvəl yatırmışdı. İlk dəfə 60 min manat əmanət qoyub. Üstünə faizlər gəldikcə, vəsaitin məbləği də artıb. 2015-ci ildə devalvasiya ehtimalını nəzərə alaraq, manatla olan əmanətini çıxarıb, dollara dəyişib. Sonra dollarla əmanət yatırıb. Amma dollara illik faizin az olduğunu görəndə yenidən manatla, daha yüksək faizlə əmanət yatırıb: “Mən bu yolla vəsaitimi 2 milyona çatdırmışdım”.

O əlavə edib ki, hələ 90-cı illərdən bizneslə məşğul olub: “Mən 1 manat da leqallaşma eləməmişəm”.

Vüqar Səfərlinin sözlərinə görə, ona Fond üçün Əli Həsənovun oğluna məxsus binada icarəyə yer götürməyə görə ittiham verilib. İddia olunub ki, məhz onlara məxsusluğuna görə orada daha baha qiymətə icarəyə ofis götürülüb:

“Lakin “Bilik” Fondu da həmin binada yerləşirdi, onlar da eyni qiymətə icarəyə götürülmüşdü. Onlara isə buna görə bir söz deyən olmayıb. Bizə də bu illər ərzində Maliyyə Nazirliyi bununla əlaqədar heç bir irad bildirməyib”.

Məhkəmə hökmünə əsasən, Vüqar Səfərli və bir neçə başqa təqsirləndirilən şəxsin əmlakları da müsadirə olunub. Vüqar Səfərlinin müsadirə edilən əmlakları arasında Xətai rayonunda, İsmayıllıda fərdi evlər, avtomobil, bağ evi, bankdakı əmanət və s. var.

Ana səhifəSiyasətVüqar Səfərliyə hökm oxundu (yenilənib)