"Neftin qiymətinin dünya bazarında yüksəlməsi Azərbaycan üçün arzuolunandır"
Son bir həftə ərzində dünya birjalarında neftin qiyməti 71 dollara qədər yüksəlib.
Brent markalı xam neftin qiyməti 68.73 dollardır.
WTI markalı xam neftin bir barreli aprel fyuçersləri üzrə 38 sent, yaxud 0.58 faiz artımla 65.43 dollar təşkil edib.
Deputat, iqtisadçı Vüqar Bayramov deyir ki, Səudiyyə Ərəbistanı ilə OPEC+ ölkələrinin bu ilin aprel ayında da hasilatın artırılmaması ilə bağlı ilkin anlaşma müzakirələri neftin dünya bazar qiymətinə təsirsiz ötüşməyib.
Onun sözlərinə görə, brent markalı neftin 1 barelinin 68 dollardan baha satılmasının səbəbi budur: “Pandemiyadan sonra ilk dəfə neftin qiyməti 70 dollarlıq pisxoloji həddə yaxınlaşmaqdadır. Aydındır ki, hətta "OPEC+" ölkələri tərəfindən aprel ayından gündəlik neft hasilatı 1,4 milyon barel artırsa da belə, bazarda təklifi kəskin artırmayacaq. Bu isə həmin halda belə qiymət tarazlığının qorunub saxlanmasına imkan verəcək”.
İqtisadçı bildirib ki, gündəlik neft ixracatı 688,8 min barrel təşkil edən Azərbaycan üçün neftin dünya bazar qiymətinin yüksəlməsi ölkəyə daxil olan valyutanın həcminin artması baxımdan arzuolunandır: “2021-ci ilin dövlət büdcəsində 1 barel neftin qiymətinin 40 dollar müəyyənləşdirildiyini nəzərə alsaq, neftin illik orta qiyməti yüksək olarsa, Dövlət Neft Fonduna daxilolmaları artıracaq və valyuta ehtiyatlarımız çoxalacaq. Bu baxımdan, neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir. Öncə də qeyd etdiyimiz kimi, OPEK+ anlaşmasına rəğmən neftin qiymətinin 2021-ci ildə necə dəyişməsi birbaşa pandemiyanın miqyasından asılı olacaq”.
OPEC+ ölkələri martın ilk iş həftəsindəki iclasında qiymət artımına rəğmən, hasilatdakı kvotaları dəyişməz saxlayıb.
Bu da neftə artan tələb qarşısında təchizatın təmin edilə bilməyəcəyi fonunda neftin qiymətinin artacağını proqnozlaşdırmağa imkan verir.
Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət neft şirkəti Asiya və ABŞ-dakı müştəriləri üçün ixrac qiymətlərini qaldırıb. “Arab light” neft markasının qiyməti Asiya üçün 80 sent, ABŞ üçün isə 1 dollar 40 sent qaldırılıb.