Viza qapağı

Niyə biz yox, gürcülər?

Source:

Bu yaxınlarda gürcü jurnalistlərlə bir tədbirdə idik. Azərbaycanda medianın vəziyyətindən söhbət edirdik. Onlar televiziyada aparıcı idilər. Danışırdılarki, bəs bizdə prezidenti, məmurları televiziyada rahat tənqid etmək olar. Hətta korrupsiya faktları barədə danışırıq. Dedilər, bəs sizdə vəziyyət necədir?

Müzakirə səmimi və dostyana olduğundan, vəziyyəti danışmaqdan çəkinmədim. Dedim, bəs bizdə azad televiziyalar yoxdur, televiziyalarımızda ən ciddi mövzu kiminsə şou-proqramda döşünün açılmasıdır. Azərbaycanlıların da ölkədəki problemlərə ən ciddi tənqidi və reaksiyası həmin bu döşü açılan aparıcını sosial şəbəkələrdə yıxıb-sürüməkdir. İnternet mediası klanların əlindədir, “Jalə mediası”, bığlı müəllimin maliyyələşdirdiyi media, nəqliyyat nazirinin pulu ilə şellənən jurnalist tayfası və s.

Ağızları açıq, baxırdılar. Dedim, bəs bizdə belədir də, məmurlar öz işlərini görməkdənsə, mediada şou göstərirlər, reklam edirlər, digər məmuru vurmaq üçün medianı şapalaq vuran əl kimi saxlayırlar. Azad mediaya gəldikdə isə, 2-3 media orqanı var idi, onların da ofislərini bağladılar, jurnalistlərini həbs etdilər, sürgün etdilər, ölkədən çıxış qadağası ölkədəkilərə, xaricdəkilərin qohum əqrəbasını həbs etdilər.

Gürcülər az qala ağlayacaqdılar, həm də xanım idilər, necə kövrəlmişdilər, görməliydiniz. İndi təsəvvür edin, vəziyyət nə yerdədir ki, gürcülər Azərbaycandakı azad sözün vəziyyətinə kövrəlib, dizlərinə vururlar, “vaymee”, müqəddəslər köməyiniz olsun, deyirlər.

Dünən çoxları paxıllıq etdi gürcülərin vizasız Avropaya gedəcəklərini eşidəndə. Yazanlar var idi ki, bu kasıb, hozu gürcülərə bax, necə gedirlər-filan. Hələ pik nöqtə bu idi ki, bəs onlar xristiandı, biz müsəlman. Avropa türkün həmişə düşməni olub deyəni gördüm. Dəhşətdir. Bunlar necə fikirləşib, analiz edirlər? Keçək niyə biz yox, gürcülər məsələsinə…


Əvvəla yuxarıda yazdığım səbəb ən böyük göstəricilərdən biridir və bu həqiqəti azərbaycanlıların böyük əksəriyyəti bilir, dana bilmirlər, kor-kor, gör-gördür. Avropa neynəyir azad media olmayan ölkəni? Ölkədə son bir ayda 220 dən artıq dindar həbs olunub, mediaya heç bir açıqlama, ad, niyə həbs olunma, nə baş verir ölkədə, bunları çıxıb, açıqlayan yoxdur. Media bizim hökumətdən ötrü kimisə vurmaq vasitəsidir, başqa heç nə.

Avropa bizə vətəndaşını göndərdi Avropa oyunları vaxtı. Avstriyalı idmançını şəhərcikdə avtobus vurdu, qız az qala ölürdü, amma mediaya məlumat verilmirdi, gizlədirdilər. Yaxşı ki, sosial şəbəkələr var, kimsə yaydı. Təsəvvür edin, bunlar Avropa vətəndaşını öldürüb, məlumat da vermək istəmirdi. Öz əsgərlərimizi öldürüb, həmişə gizlədirlər, başa düşdük, avropalı necə icazə verər ki, dəyərli vətəndaşının ölümünü gizlətsinlər?!

İkinci məsələ, son bir ildə iki ölkədəki vəziyyətdir. Hökumətimiz özünə müxalif olan, doğrunu deyənləri həbs etdi, maarifçilik, hüquq dərsi keçən QHT-ləri bağladı, xarici QHT-çiləri ölkədən qovdu, beynəlxalq insan hüquqları təşkilatlarının ölkəyə girişinə blok qoydu, vəziyyəti daha da ağırlaşdırdı. Siyasi məhbus sayı 100-ə çatdı. “Siyasi məhbusları azad et!” deyən Avropa, ABŞ-ı söydü, “ermənipərəst” çıxardı.

Gürcüstan hökuməti nə edirdi son bir ildə? Ölkədə siyasi məhbus yoxdur, media tam azaddır, azad bazar var, monopoliyaları məhv edib, Avropalılardan viza tələb etmirdi və daha nələr-nələr… Bu siyahıları uzatmaq olar, azərbaycanlılar da çox yaxşı bilir, ölkədəki həqiqətləri. Xalq olaraq böyük səhvlər etdik, bir qismət çörək üçün bütün dəyərləri satdıq, yaltaqlıq, oğurluq hər yola əl atıldı.

Amma 20 ildə bu hökumətin bizi nə qədər geriyə saldığının fərqində deyiliksə, artıq bu axmaqlıqdır. Gürcü qız tapıb, evlənib Avropaya getməyi düşünməkdənsə, yaltaqlığı, oğurluğu buraxıb, Avropanı bizə gətirmək lazımdır. Dünən gürcülər Avropaya girməyi bayram etdiyi vaxtda, Milli Məclisdə oturub ABŞ-ı söyürdülər. Yəni bu hökumətin heç bir açılıma, inkişafa, qərb dəyərlərinə meyli yoxdur.

Ölkədə milli təhlükəsizlik orqanları sən demə 10 ildir quldurluqla məşğul imiş, heç bizim öz ölkəmizdə can təhlükəsizliyimiz yox idi, Avropalı niyə vətəndaşını rahat-rahat buraxsın ki, Azərbaycana. Bu suallar çoxdu, elə cavabları da var, amma uçuruma gedən bu hökumətlə dərəyə yuvarlanmaq istəyirsinizsə buyurun, yenə yaltaqlığa davam…


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəViza qapağı