Vinnitsada raket zərbələrindən 22 nəfərin öldüyü bildirilir (yenilənib)

Foto: Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti

Ukrayna mediası 3 uşaq olmaqla ölənlərin sayının 22 nəfərə çatdığı haqda məlumat yayıb. 64 yaralının xəstəxanaya çatdırıldığı qeyd olunub:

“Onlardan 34-nün vəziyyəti ağırdır. Hazırda 42 nəfərin axtarışı davam edir”.


25 nəfərin xəsarət aldığı açıqlanıb

Rusiya ordusunun raket zərbələri nəticəsində Ukraynanın Vinnitsa şəhərində 20 nəfər ölüb, daha 25 nəfər yaralanıb.

Bu barədə məlumatı Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirill Timoşenko yayıb. K.Timoşenko ümumilikdə 90 nəfərin tibbi yardıma müraciət etdiyini bildirib.

Xilasedicilərin sözlərinə görə, doqquzmərtəbəli “Yubiley” Həyat Evinin yaxınlığındakı dayanacaq da zərbəyə hədəf olub: “İlkin məlumata görə, 25 avtomobil yanıb”.

Vinnitsa dövlət administrasiyasının rəhbəri Sergey Borzov şəhərə raket zərbələrinin endirilməsi barədə xəbərləri təsdiqləyib.

Foto: Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəDünyaVinnitsada raket zərbələrindən 22 nəfərin öldüyü bildirilir (yenilənib)