“Mən həmişə demişəm ki, İlham Əliyevin əsgəriyəm”
İmişli rayonunun keçmiş icra başçısı, 2020-ci ilin mayından həbsdə olan Vilyam Hacıyevin məhkəməsi yekunlaşıb. İyulun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hakim Azər Paşayevin sədrliyilə çıxarılan hökmə əsasən, Vilyam Hacıyev 12 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 313 (vəzifə saxtakarlığı), 311 (rüşvət alma) və başqa maddələrilə təqsirli bilinib.
Həmçinin Vilyam Hacıyev həbs olunanda evindən və iş otağından tapılan pulların (1 milyon 6400 avro, 365 funt sterlinq və s.), özünün və yaxınlarının adına olan metronun “Nərimanov” stansiyasının yaxınlığında mənzil, Nardaran qəsəbəsində bağ evi, Abşeron rayonunda bir sıra evlər, avtomobillərin müsadirəsinə qərar verilib.
Hökm elan olunmamışdan əvvəl məhkəmədə son sözünü deyən Vilyam Hacıyev 1992-93-cü illərdə Qarabağ müharibəsi zamanı gördüyü işlərdən, Göygöl, Samux və İmişlinin icra başçısı olduğu dövrdə xidmətlərindən danışıb. Deyib ki, Xocalı faciəsindən üç gün əvvəl o, helikopter göndərib, əhalinin təxliyəsində fəal iştirak edib. 1992-ci ildə Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri olduğu dövrdə “Naxçıvanın blokadadan azad edilməsində şücaətinə görə” onun tərəfindən mükafatlandırıldığını xatırladıb:
“Ulu öndərin 10 may 1992-ci ildə imzaladığı qərara əsasən, Naxçıvan Muxtar Respublikasının fəxri vətəndaşı” adına layiq görülmüşəm. Birinci Qarabağ Müharibəsi veteranıyam. Daha sonra Prezident İlham Əliyev mənə etimad göstərib, Samux, Göygöl, İmişli rayonlarına icra başçısı təyin edilməyim haqda sərəncamlar imzalayıb. Həmin rayonlara səfərləri zamanı xidmətlərimə görə kameralar qarşısında məni tərifləyib. Çıxışlarında da bildirirdi ki, əvvəllər də bu rayonlara vəsait ayrılırdı, amma yetərincə işlər görülmürdü. Mən cənab prezident tərəfindən “Vətənə xidmətə görə” ordeni, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif olunmuşam”.
O, çıxışının sonunda dövlət, xalq və prezident qarşısında xidmətlərinin nəzərə alınmasını, haqqında ədalətli və humanist qərar verilməsini istəyib. Vilyam Hacıyev deyir ki, 1270 nəfər İmişli sakini onun əfvi üçün prezidentə imzalı müraciət göndərib.
“Mən həmişə demişəm ki, İlham Əliyevin əsgəriyəm. Bu gün də İlham Əliyevin əsgəri olaraq qalıram. Dövlətimə, xalqıma sədaqətlə xidmət etmişəm. Bu gün də dövlətimin, xalqımın prezidentimin yanındayam. Xahiş edirəm, xidmətlərimi nəzərə alaraq, barəmdə ədalətli və humanist qərar verəsiniz”.
Bundan sonra hakimlər hökm vermək üçün müşavirəyə gedib.
Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygöl rayonunun, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb.
Vilyam Hacıyevin həbsindən sonra DTX onun evindən, qarajından qutularda milyonlarla manat, xarici valyutada pulların, müxtəlif maşınların çıxmasını əks etdirən görüntülər yayımlamışdı.
Vilyam Hacıyev özünü təqsirli bilmir, ittihamların şər-böhtan olduğunu, sifarişlə həbs edildiyini bildirir.
Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrından başlayıb. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub. 2020-ci ilin ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin icra başçısı həbs edildi. Ardınca Kürdəmir, Cəlilabad, Şəmkir rayonlarında da eyni əməliyyatlar həyata keçirildi.