Vidadi Zeynalov: Prezidentimizdən əfv diləyir və üzr istəyirəm

“Qohum-əqrabamın adına olan əmlakların təcili olaraq həbsdən azad edilməsini tələb edirəm”

Source:


“Qohum-əqrabamın adına olan əmlakların təcili olaraq həbsdən azad edilməsini tələb edirəm”

“Ömrümdə pis bir iş görməmişəm, bir adama pisliyim dəyməyib. Yaxşı adamlara daim yaxşılıq etməyə çalışmışam, rastıma gələn yoxsul və məzlumlara pul ilə də olmasa, söz ilə xoş üz və məhəbbət göstərmişəm. Bütün həyatım boyu ancaq insanların yaxşı yaşaması və Heydər Əliyev siyasətinin həyata keçməsi üçün mübarizə aparmışam, məni bu yola çəkən nə şöhrət, nə mənsəb, nə də var-dövlət həvəsi olub. Həyat özü məni bu yola atıb və mən bu yolda Allah imkan verərsə, canımla, qanımla yenə də öz amalıma sadiq olub işimlə təkrarən cəmiyyətimizə sədaqətimizi sübut edəcəyəm”.

Bunu məhkəmədə son sözlə çıxış edən Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov deyib. Ondan əvvəl isə digər təqsirləndirilən şəxslər çıxış ediblər.

İyulun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin növbəti məhkəmə iclası keçirilib.

Dövlətə dəymiş ziyanlar ödənib

Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda bildirilib ki, təqsirləndirilən şəxslərdən Qəmbər Bəybalayev də dəymiş ziyanı tamamilə ödəyib. Bundan əvvəl digər təqsirləndirilən şəxslər də dəymiş ziyanı ödəmişdilər.

Daha sonra iclasda təqsirləndirilən şəxslərdən bir neçəsi son sözlə çıxış edib. Onlardan Məhəmməd Məmmədov rabitə sahəsində mühüm işlər gördüklərini, səhvləri olduğunu deyib. O, barələrində ədalətli qərar çıxarılmasını istəyib.

Beytulla Hüseynov isə bildirib ki, rabitə sahəsindəki xidmətlərinə baxmayaraq mətbuat onları cinayətkar kimi qələmə verib. O da ədalətli qərar çıxarılmasını xahiş edib. Oqtay Rüstəmov isə təqsiri olmadığını deyib.

Mətbuat nümayəndələrindən üzr istəyirəm

Daha sonra iclasda Vidadi Zeynalov çıxış edib. O, ittihamla razı olmadığını, dövlətə və ölkə rəhbərinə sədaqətlə xidmət etdiyini deyib: ” Hörmətli məhkəmə! Mən özüm və qəbul etmədiyim ittiham haqqında məhkəmədə verdiyim ifadəmdə qısa da olsa danışmışam. Burada bütün məhkəmə proseslərində bizimlə bərabər əziyyət çəkib iştirak edərək, məni gözəgörünməz bir gücə malik şəxs kimi təbliğ edən, nəticədə 8 aydan çox müddətdə qəzet və internet saytlarında əsas başlıqların mövzusuna çevrilməyimə nail olan mətbuat nümayəndələrindən üzr istəyirəm. Əziyyətlərini halal etsinlər. Vəkillərimdən də üzr istəyirəm ki, onlara öz üzərlərinə düşən vəzifəni icra etməyə imkan vermədim.

Mənim ömrüm boyu işlədiyim sahələrin inkişafı, işçilərin maddi rifahının yaxşılığı, ölkə rəhbərinə sədaqət və məhəbbətimlə keçmişdir. Ona görə də günahını və səhvim olsa da, mən özümün bu həyat yolumdan razıyam. Mən başımın üstündəki mavi göyə, parlaq ulduzlara doyunca baxmağa fürsət tapmadım. Yalnız qurub-yaratmaq, hər hansı bir yolla da olsa, vətənimə layiqincə xidmət etmək arzusu ilə yaşamışam. Buna təəssüf etmirəm. Atalar yaxşı deyiblər: “Cənnətə gedən yol cəhənnəmdən keçir”. Biz də bu yolu keçdik. Buna görə yalnız itirdiyimiz boş vaxtımıza görə heyfslənirik. Biz dövlətimizə sədaqətli olmuş, bu gündən sonra da öz sədaqətimizi qismət olarsa göstərəcəyik.

Ömrümdə pis bir iş görməmişəm, bir adama pisliyim dəyməyib. Yaxşı adamlara daim yaxşılıq etməyə çalışmışam, rastıma gələn yoxsul və məzlumlara pul ilə də olmasa, söz ilə xoş üz və məhəbbət göstərmişəm. Bütün həyatım boyu ancaq insanların yaxşı yaşaması və Heydər Əliyev siyasətinin həyata keçməsi üçün mübarizə aparmışam, məni bu yola çəkən nə şöhrət, nə mənsəb, nə də var-dövlət həvəsi olub. Həyat özü məni bu yola atıb və mən bu yolda Allah imkan verərsə, canımla, qanımla yenə də öz amalıma sadiq olub işimlə təkrarən cəmiyyətimizə sədaqətimizi sübut edəcəm.

Mənim kimi dövlətinə, rəhbərinə sədaqətli, işinə məsuliyyətli bir şəxs üçün həbsxana həyatının bioloji ölümə bərabər olmasını eyniləşdirərək, bunu təziyə saxlamaq üçün demirəm. Axmaq o adamdır ki, etdiyi səhv üçün bir də təzədən ağlaya. Mən matəm saxlamaq fikrində deyiləm. Sadəcə olaraq burada haqsız yerə oturanların azadlığı üçün son sözümü deyəcəm.

İnsan gərək heç bir zaman ölümü axtarmasın. Arzu etməsin. Ölüm bir heçlik, bir boşluqdur. Fərz edək ki, insanı bir uçurumun kənarına gətirirlər, qar, tufan, şaxta da göz açmağa qoymur. Yenə o insan daşlardan, qayalardan tutacaq, dişi ilə, dırnağı ilə torpaqdan yapışıb, qurtarmağa, xilas olmağa çalışacaqdır. Lakin heç bir vəchlə özünü uçurumun qucağına atmayacaqdır. Bu insanın təbiətidir!… Yaşamaq!… Yaşamaq!… Yoxsa hər şeyə nəhayət verəcək bir şeyi arzu etməkdən nə çıxar? İnsan həyatın şirinliyindən, ləzzətindən birdən-birə mərhum olaraq, onun nəsibi yalnız əzablar, işgəncələr, əziyyətlər olsa belə, yenə yaşamağa meyl etməlidir. Axı bunun özündə də bir ehtiras, bir şirinlik var; susuzluqdan dodaqları çatlaq-çatlaq olmuş bir adamın nə ehtirasla özünü suyun üstünə atacağını təsəvvür edirsinizmi? Hər şeydən məhrum və əzablar içində yaşayan bir adamın arzuları çox güclü olar…

Çıxışımın əvvəlində özünü Allaha xidmətə həsr etmiş Həzrəti Əlinin kəlamından bir nümunə gətirmişdim. Müqəddəs amal və ali məqsədə xidmət edən insanlar həmişə əziyyət və çətinliklərlə üzləşmiş, lakin haqq yolundan dönmədiklərinə görə tarixdə qalmışlar.

İfadəmdən çox suallar çıxırdı, elə bildim ittihamçı prokuror onları diqqətlə oxuyub tutarlı faktlarla cavab verəcəkdir. Çox təəssüf ki, yazılmış əvvəli və sonu bilinməyən ittihamı oxudu, bu qədər vaxtda bu insanları boşuna həyəcanlı və əsəbləri tarıma çəkilmiş vəziyyətdə saxladı”.


Vidadi Zeynalov ittihamı qəbul etmədiyini deyib:

“Əmək haqqı və “P.L.Z.” MMC ilə bağlı ittiham, ümumiyyətlə, absurddur. Mütəşəkkil dəstə anlayışı bizə tətbiq oluna bilməz və bunu qəbul etmirəm. Mən heç bir dəstə yaratmamışam və heç bir dəstədə də heç bir formada iştirak etməmişəm. Büdcə vəsaiti kimi təqdim olunanların nazirliyə və büdcəyə heç bir aidiyyatı yoxdur. Bu vəsaitlər Nazirliyin strukturuna daxil olmayan, büdcədən maliyyələşməyən şirkətlərin sərbəst mənfəətləridir. Buna görə də ittihamdan, məhkəmə sənədlərində dövlət büdcəsinin vəsaitləri sözünün çıxarılmasını tələb edirəm. “Azintelekom”un mənimlə heç bir bağlantısı yoxdur. Nəyə əsasən onu da bu heç zaman mövcud olmamış “dəstə”yə əlavə ediblər? Bunu onun rəhbərinin, şirkətin və mənim ifadələrimizə əsasən deyirəm.

Qohum-əqrabamın adına olan əmlakların təcili olaraq həbsdən azad edilməsini tələb edirəm. Həmin əmlakların üzərinə həbsin qoyulması Konstitusiyasının 13 və 29-cu maddələrinə ziddir və onun kobud pozulmasıdır.

Kim necə başa düşür, qoy düşsün. Mən elə bilirdim prokurorluq orqanı yalnız Həzrət Əli qılıncı ilə deyil, (yəni haqq yolunda) Yezid qılıncı ilə insanlara öz hökmünü oxuyur. Keçən iclasda gördüm ki, hələ də onlarda az da olsa qanuna xidmət etmək, ədalətli qərar çıxarmaq insafı qalıbdır. O ittihamdan sonra nə qədər insan sevindisə, ona görə də çox sağ olsunlar. Bir daha ailəmdən, rabitəçilərdən, el-obamdan, xalqımızın seçib sevdiyi, ölkəmizi xoş gələcəyə aparmaq üçün durmadan çalışan, qurub-yaratmaq eşqi ilə yaşayan Möhtərəm Prezidentimizdən əfv diləyir və üzr istəyirəm. Qoy bu günahlarıma və etdiyim səhvlərimə görə Allah məni bağışlasın.

Özümlə bağlı bir daha deyirəm ki, ittihamı qəbul etmirəm, səhvimi qəbul edirəm. Ona görə cəzam nədir çəkməyə hazıram. Son sözümü ataların dediyi “Elə adamın yükünü daşı ki, bir gün yıxılsan, yükünü daşısın” sözləri ilə yekunlaşdırıram.Sizdən ədalətli qərar çıxarmağınızı xahiş edirəm. Proses zamanı əgər hər hansı bir narahatlıq yaratmışıqsa, bizi üzrlü sayın”.

Proses iyulun 25-də davam edəcək.


Xatırlatma

Baş Prokurorluğun yaydığı məlumata görə, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdəç olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Ana səhifəXəbərlərVidadi Zeynalov: Prezidentimizdən əfv diləyir və üzr istəyirəm