“Vəziyyət belə davam edərsə, Ukrayna bazarını itirəcəyik”

Nar. Foto: SakSa/shutterstock

Fərhad Qaraşov: “Rusiya-Ukrayna savaşı Azərbaycanın nar ixracatına mənfi təsir göstərəcək”

“Rusiya ilə Ukrayna arasında müharibənin davam etməsi Azərbaycanın nar ixracatına çox mənfi təsir edəcək”.

Bunu “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov “report.az”a deyib.

F.Qaraşov Rusiya və Ukraynanın Azərbaycanın nar ixracı üçün əsas bazarlar olduğunu qeyd edib.

“Proseslər bu cür gedərsə, Rusiyaya iqtisadi sanksiyaların tətbiqi davam edərsə, Rusiya bazarında alıcılıq qabiliyyəti azalacaq və bu da bizim ixrac potensialımızı aşağı salacaq. Bu gün Azərbaycandan ixrac olunan narın təqribən 80 %-ə qədəri Rusiya bazarına, 20 %-i isə Ukrayna bazarına göndərilir”.

O, Rusiya rublunun dəyər itirməsinin də bazarlarda narın qiymət artımına səbəb olacağını deyib: “Biz onsuz da xərclərə görə narı baha qiymətə yetişdiririk. Rusiya bazarında da qiymətləri yüksək qoymağa məcburuq. Ukrayna bazarına gəlincə, vəziyyət belə davam edərsə, biz bu bazarı itirmiş oluruq”.

2021-ci ildə Azərbaycan 29,253 milyon ABŞ dolları dəyərində 21 716 ton nar ixrac edib.

Bunun 15 042 tonu (26,638 milyon ABŞ dolları) Rusiya, 4 975 tonu isə Ukrayna bazarının (1,951 milyon ABŞ dolları) payına düşüb.

Rusiya Prezidenti Vladimir Putin fevralın 22-də açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Fevralın 24-də isə Ukraynaya genişmiqyaslı hücuma əmr verib.

Ukraynanın sərhəd xidməti Rusiya hərbçilərinin ərazilərinə Belarusdan artilleriya atəşi açdığını bildirib.

Belarusun lideri Aleksandr Lukaşenka isə Rusiyanın Ukraynaya qarşı başladığı hücumda ordusunun iştirak etmədiyini deyib.

Ukraynada başlatdığı müharibə ilə əlaqədar Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar tətbir edilir.

Ana səhifəİqtisadiyyat“Vəziyyət belə davam edərsə, Ukrayna bazarını itirəcəyik”