Türkiyədə müxalif mövqeli Halk TV telekanalına qarşı aparılan istintaq çərçivəsində növbəti əməliyyat keçirilib. Jurnalistlər Ece Üner və həyat yoldaşı Deniz Bayramoğlu da daxil olmaqla doqquz nəfər saxlanılıb. Bu, kanalın sahibi Cafer Mahiroğlu ilə bağlı araşdırma çərçivəsində keçirilən üçüncü əməliyyatdır.
İstanbul Baş Prokurorluğunun məlumatına görə, ümumilikdə 12 nəfər barəsində saxlanılma qərarı verilib. Onlardan doqquzu saxlanılıb. Halk TV-nin xəbər koordinatoru Hakan Kürşad Oğuzun xaricdə olduğu, daha bir şübhəlinin başqa cinayət işi üzrə həbsdə saxlanıldığı, bir nəfərin isə axtarıldığı bildirilir.
İstintaq çərçivəsində şübhəlilərə qarşı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, cinayətkar təşkilat yaratmaq və ona üzv olmaq, ictimaiyyəti yanıldan məlumatları açıq şəkildə yaymaq, rüşvət, tenderlərə müdaxilə və Vergi Prosessual Qanunvericiliyinin pozulması ilə bağlı ittihamlar irəli sürülüb. Bu ittihamlar hələ məhkəmə tərəfindən təsdiqlənməyib.
Jurnalistlərə ödəniş edilməsi iddiası
İstanbul Baş Prokurorluğunun açıqlamasında Halk TV-nin sahibi Cafer Mahiroğlunun İzmir Böyükşəhər Bələdiyyəsi ilə əlaqəli tenderlər vasitəsilə qanunsuz gəlir əldə etdiyi və bu vəsaitlərin bir hissəsinin telekanalın maliyyələşdirilməsinə yönəldildiyi iddia olunur.
İstintaq materiallarına görə, “Bustech” adlı şirkət vasitəsilə həyata keçirilən əməliyyatlar zamanı faktiki olaraq göstərilməyən xidmətlər üçün saxta hesab-fakturalar hazırlanıb. Prokurorluq bu yolla əldə olunan vəsaitlərin müxtəlif şirkətlərin və şəxsi hesabların maliyyələşdirilməsində istifadə edildiyini iddia edir.
Prokurorluğun iddialarına əsasən, Ece Üner və həyat yoldaşı Deniz Bayramoğluna aylıq ümumilikdə 1 milyon 650 min türk lirəsi məbləğində qeyri-rəsmi ödəniş edilib. İstintaq tərəfi bu ödənişlərin müqabilində jurnalistlərə göstəriş əsasında həqiqətə uyğun olmayan xəbərlər hazırladıldığını iddia edir.
Bu iddiaların gizli şahidlərin və istintaqla əməkdaşlıq edən şübhəlilərin ifadələrinə, telefon danışıqlarının qeydlərinə və digər materiallara əsaslandığı bildirilir. Lakin prokurorluğun açıqlamasında saxlanılan jurnalistlərin bu ittihamlara münasibətinə yer verilməyib.
Halk TV-yə qarşı əvvəlki əməliyyatlar
Halk TV-yə qarşı ilk əməliyyat oktyabrın 14-də keçirilib. Həmin vaxt İstanbulda kanalın ofisində axtarış aparılıb, 13 nəfərin saxlanıldığı, onlardan beşinin həbs edildiyi bildirilib. İstintaq çərçivəsində telekanalın idarəçiliyi Türkiyənin Əmanətlərin Sığortalanması Fonduna (TMSF) verilib. Kanalın sosial media hesablarına da giriş məhdudlaşdırılıb.
Noyabrın 10-da keçirilən ikinci əməliyyat zamanı daha altı nəfər saxlanılıb. Onlardan beşinin həbs olunduğu bildirilir.
Beləliklə, noyabrın 27-də keçirilən əməliyyat Halk TV işi üzrə üçüncü dalğa olub. Kanalın sahibi Cafer Mahiroğlu isə Türkiyədən kənarda yaşayır və onun barəsində axtarış qərarı olduğu bildirilir. Mahiroğlu daha əvvəl ittihamların siyasi motivli olduğunu deyərək onları rədd edib.
Sözcü TV-nin idarəçiliyinə də dövlət tərəfindən müvəqqəti idarəçi təyin edilib
Halk TV-yə qarşı əməliyyatlardan bir neçə həftə sonra, noyabrın 17-də Türkiyənin digər müxalif mövqeli telekanalı Sözcü TV-yə qarşı da polis əməliyyatı keçirilib.
Polis İstanbulun Sarıyer rayonunda yerləşən telekanalın binasında və media qrupunun onlayn redaksiyasında axtarış aparıb. Əməliyyat zamanı Sözcü TV-nin İdarə Heyətinin sədri Funda Tuncer Sıdalı, keçmiş baş direktor Asım Akgül, İsmail Öz və Yonca Yücekaleli saxlanılıb.
İstanbul Baş Prokurorluğu əməliyyatın kanalın sahibi Burak Akbayla bağlı araşdırma çərçivəsində keçirildiyini bildirib. Akbay terror təşkilatı yaratmaq və ya idarə etmək, həmçinin terror təşkilatının təbliğatını aparmaqda şübhəli bilinir. Prokurorluq Sözcü TV və əlaqəli şirkətlərin xaricdəki bank hesabları vasitəsilə maliyyələşdirildiyini iddia edir.
Əməliyyatdan sonra Sözcü TV və Sözcü.com.tr saytının idarəçiliyi də TMSF-yə verilib. Qəzetlərin fəaliyyətinə isə bu qərar şamil edilməyib.
Türkiyənin müxalifət partiyaları və media təşkilatları Sözcü TV-yə müdaxiləni tənqid ediblər. Müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl qərarın siyasi motivli olduğunu bildirib. Jurnalist təşkilatları isə qəyyum təyin edilməsi qərarının ləğv edilməsini tələb ediblər.
“Associated Press” yazır ki, Sözcü TV-yə qarşı əməliyyat Halk TV-nin idarəçiliyinin dövlət nəzarətinə verilməsindən bir neçə həftə sonra baş verib. Agentliyin məlumatına görə, Türkiyədə HaberTürk və Tele1 kimi digər telekanallar da qəyyum idarəçiliyinə verilib.
Türkiyə mətbuat azadlığı indeksində
Jurnalistlərin hüquqlarını müdafiə edən Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) 2026-cı il Dünya Mətbuat Azadlığı İndeksində Türkiyə 180 ölkə arasında 163-cü yerdə qərarlaşıb. Ölkə 2025-ci ildə 159-cu yerdə idi.
RSF Türkiyədə milli media qurumlarının 90 faizinin hökumətin nəzarətində olduğunu bildirir. Təşkilat ölkədə media plüralizminin təhlükə altında olduğunu və hakimiyyəti tənqid edən media qurumlarına təzyiq göstərildiyini qeyd edir.