Nazim Bəydəmirli səhhətindəki problemlərə baxmayaraq, tibb məntəqəsinə köçürülmür

Nazim Bəydəmirli. Foto: Meydan TV

Həbsdə olan keçmiş deputat və iş adamı Nazim Bəydəmirli səhhətində yaranmış problemlərə baxmayaraq saxlanıldığı 6 saylı Cəzaçəkmə Müəssisəsinin tibb məntəqəsinə köçürülməyib.

Bu barədə noyabrın 26-da onun həyat yoldaşı Fəridə Bəydəmirli sosial şəbəkə hesabında yazıb. Bildirdiyinə görə, Nazim Bəydəmirlidə bronxlarla bağlı problemlər var, nəfəs almaqda çətinlik çəkir və hər gün inqalyasiya aparatından istifadə edir. O, bel və diş ağrılarından da şikayətlənir.

Fəridə Bəydəmirlinin bildirdiyinə görə, Nazim Bəydəmirlinin səhhətində yaranmış sağlamlıq problemlərinə görə müəssisəsinin tibb məntəqəsinə köçürülməsi ilə əlaqədar bir aydan çoxdur dəfələrlə Ədliyyə Nazirliyinə müraciət etsələr də, nəticəsi yoxdur.

“Telefon danışığında ürəyində tez-tez ağrılar olmasından şikayət etdi və iki dəfə kardioqram çəkildiyini, nəticəsi haqqında isə məlumat verilmədiyini bildirdi”, – Fəridə Bəydəmirli yazıb.

Onun sözlərinə görə, Nazim Bəydəmirli hər gün qaldığı yaşayış korpusunun üçüncü mərtəbəsindən çətinliklə enir, müalicə üçün müəssisənin uzaq məsafədə yerləşən tibb məntəqəsinə getməli olur.

“Nəticədə aldığı müalicənin heç bir effekti olmur, getdikcə səhhəti pisləşir”, – həyat yoldaşı qeyd edib.

Fəridə Bəydəmirli məhbusların sağlamlığının qorunması və tibbi yardım almaq hüququna diqqət çəkib:

“Görünür, 6 saylı Cəzaçəkmə Müəssisəsinin tibb məntəqəsi çox özəl yerdir, orada xüsusi imtiyazları olan məhkumlar qala bilər və ya Nazim Bəydəmirli başqa planetdən gəldiyi üçün yerli “xəstələrlə” bir yerdə qala bilməz. Mən sizdən mərhəmət deyil, qanunu tələb edirəm. Hər gecikilən gün Nazimin səhhətindəki ciddi sağlamlıq problemləri onun həyatı üçün riski artırır”.

Nazim Bəydəmirli 2023-cü il iyulun 4-də saxlanılıb. Əvvəlcə xuliqanlıqda ittiham olunan keçmiş deputata sonradan Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə – hədə-qorxu ilə tələb etmə ittihamı irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il mayın 16-da çıxardığı hökmlə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

Bəydəmirli ittihamları rədd edir və həbsini 2023-cü ilin iyununda Gədəbəyin Söyüdlü kəndində baş verən etirazlarla bağlı ictimai mövqeyi ilə əlaqələndirir.

Ana səhifə ▸ Siyasət ▸ Nazim Bəydəmirli səhhətindəki problemlərə baxmayaraq, tibb məntəqəsinə köçürülmür