“Bir dəfə elektrik sistemini quraşdırsam, bir daha elektrikə pul ödəməyəcəm”
“Dövlətdən tək asılılığım elektrikdən ibarətdir, onu da aradan qaldırmaq ən böyük planlarımdan biridir”,- Lerikdə yaşayan Elxan Məmmədov mikro HES-ə keçid etməyi planlayır.
Mikro HES (mikro hidroelektrik stansiya) kiçik miqyaslı hidroelektrik enerji istehsal edən qurğudur. Adətən, bu stansiyalar aşağı miqdarda su axınından istifadə edərək elektrik enerjisi istehsal edir.
Elxan çayın kənarında yaşayır. Düşünür ki, bunun üçün ona 2 min manata qədər pul lazımdır. Əgər mikro elektrik stansiyasını qurarsa, dövlətin satdığı enerjidən imtina edəcək və öz evini çaydan alınan enerji ilə təmin edəcək.
“Bir dəfə elektrik sistemini quraşdırsam, bir daha elektrikə pul ödəməyəcəm və işıqla bağlı problem yaşamayacam”,– Elxan Məmmədov deyib.
E.Məmmədov yaşadığı Günəşli kəndində tez-tez işıqların sönməsindən, elektrik dirəklərindəki problemlərdən şikayətlənib. Fikirləşir ki, mikro HES onu hər külək əsəndə kəsilən işıq problemindən də xilas edə bilər.
Meydan TV Elxan Məmmədovun arzularına gedən yolda qarşılaşacağı çətinlikləri araşdırıb.
Alternativ enerjidən istifadə ilə bağlı qanuna görə Elxan Məmmədov arzuladığı kimi dövlətdən asılılığını azalda bilməyəcək.
Qanuna görə Elxan Məmmədov istifadə etmədiyi elektrik enerjisini şəbəkəyə ötürə və bu enerjidən müvafiq dövr ərzində istifadə edə bilər. Hesabat ilinin sonunda əgər Məmmədovun hesabında artıq enerji varsa, bu enerjinin dəyəri onun bank hesabına bir ay müddətində topdansatış tarifləri əsasında ödənəcək.
“Belə sayğacların quraşdırılmasını vətəndaş şəxsi büdcəsindən qarşılamalıdır”.
Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi direktorunun müavini Cəmil Məlikov Meydan TV-yə deyib ki, Elxan Məmmədov 150 kVt-a qədər günəş, külək və su stansiyasını qura və heç bir lisenziya tələbi olmadan şəbəkəyə qoşa bilər.
“Vətəndaş mütləq şəbəkə ilə paralel işləməlidir. Çay üzərində qurğunu yerləşdirdikdən sonra ASAN Xidmətə, “Azərişıq”a yaxınlaşmaq lazımdır. Onlardan 2 istiqamətli sayğac quraşdırılmasını istəməlidir. Əgər sayğac dəyişməzsə, enerjidən istifadə edilməyən vaxt yığılan enerji şəbəkəyə getdikdə də Elxan Məmmədovun sayğacı enerjini idxal etmiş kimi görünəcək və sayğac borc yazacaq. Belə sayğacların quraşdırılmasını vətəndaş şəxsi büdcəsindən qarşılamalıdır”,- Cəmil Məlikov deyib.
Agentliyin nümayəndəsi alternativ enerjidən istifadə üçün dövlət rüsumunun ortalama bir vətəndaş üçün 1000 manat hesablandığını qeyd edib.
Elxan Məmmədov, çaydan əldə etdiyi enerjidən artıq qalarsa, qanunlara görə qonşularına nə sata, nə də bağışlaya bilir.
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli MeydanTV-yə deyib ki, mikro HES-lər dağlıq kəndlərdə enerji əldə etmək üçün çox faydalıdır:
“İndi elə qurğular var ki, lap az çay suyundan belə yüksək enerji əldə edilə bilir. Bu enerjini depolayıb sonra da istifadə etmək, ətrafdakı evlərə də ötürmək olar. Üstəlik vətəndaş “kustar” üsulla da bu qurğuları təxminən 500 manata düzəldə bilər. Bir dəfə 500 manatı verib, uzun illər qənaət edə bilər, həm də yaşıl enerjiyə dəstək vermiş olar”,– Vahid Məhərrəmli deyib.
Dünyada bir çox ölkələrdə mikro HES-lərdən istifadə yayğındır. Çin, Hindistan, Nepal, Şri Lanka, Kenya, Norveç, İsveçrə, Avstriya kimi ölkələrdə hər kəs öz enerjisini özü istehsal edə bilir.
Azərbaycanda, xüsusilə COP29 ərəfəsi alternativ enerjiyə keçidlə bağlı məlumatlar rəsmilər tərəfindən və mediada səsləndirilsə də, mikro HES-lərin adı heç bir qurum tərəfindən çəkilməyib, hətta alternativ enerji ilə bağlı qanunda keçməyib. Ekspert Vahid Məhərrəmli isə mikro HES-lərin heç də diqqətdən kənarda qalmalı olduğunu düşünmür. Mütəxəssis bildirir ki, qlobal istiləşmənin təsiri ilə su buxarlanır, buxarlanan su yağışla geri dönür.
Məhərrəmli vətəndaşların belə suları depolayıb enerji almaqla yeni iqlim şərtlərindən faydalana biləcəyini deyib.