Bəyanatda qanun layihəsinin gündəlikdən çıxarılması və təkmilləşdirilməsi tələb olunur
Azərbaycanda fəaliyyət göstərən bir qrup ictimai-siyasi fəal və insan hüquqları müdafiəçisi Milli Məclisin müzakirəsinə çıxarılan “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı bəyanat verib
Sənədi imzalayanlar sözügedən qanun layihəsini ölkənin ictimai həyatının idarə olunmasında iştirak etmək hüququnu və birləşmək azadlığını məhdudlaşdıran müddəalardan ibarət mürtəce sənəd hesab edirlər. Eyni zamanda, belə bir mürtəce layihənin qəbul edilməsini Azərbaycan Respublikası vətəndaşlarının azad siyasi iradəsinin boğulmasına yönəlik növbəti siyasi akt sayırlar.
Bəyanat müəllifləri hesab edirlər ki, yeni qanun layihəsində siyasi partiyanın təsis edilməsi, qeydiyyata alınması, maliyyələşməsi, fəaliyyətinə nəzarət, fəaliyyətinin dayandırılması və ya xitam verilməsi və s. hallar üzrə müddəaları siyasi fəaliyyət imkanları ildən-ilə məhdudlaşan ölkə üçün qəbul edilməzdir. Eyni zamanda, “Siyasi partiyalar haqqında” qanun layihəsi ölkənin üzv olduğu Avropa Şurasının təməl prinsipləri, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsinin tələblərinə cavab vermədiyini bəyan edirlər.
“Azərbaycan hakimiyyətinin qanun layihəsinin Avropa standartlarına uyğunluğunu müəyyən etmək üçün Avropa Şurası Qanunçuluq üzrə Demokratiya (Venesiya) Komissiyasının rəyini almaqdan imtina etməsini – demokratiyadan imtina kimi qiymətləndiririk”, – deyə bəyaantda vurğulanır.
Sənədə imza atanlar Azərbaycan vətəndaşlarının siyasi həyatda iştirak hüququnu və birləşmək azadlığını vacib və əvəzolunmaz hesab edir, sözügedən layihə ilə bağlı aşağıdakıların icrasını zəruri bilirlər:
• Milli Məclisin müzakirəsinə təqdim edilən yeni qanun layihəsi gündəlikdən çıxarılsın;
• Hazırda qüvvədə olan “Siyasi partiyalar haqqında” qanun Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun üzv ölkələrdə siyasi partiyaların nizamlanması üçün tərtib etdiyi qaydalar və tövsiyələri nəzərə alınmaqla təkmilləşdirilsin;
• Avropa Şurasının Baş Katibi, Parlament Assambleyası və digər strukturları Azərbaycan hökumətinin hərəkətsizliyini izləmək yerinə, mövcud layihə üzrə qanunun qəbulundan öncə Venesiya Komossiyasının rəy verməsi üçün səlahiyyətlərini işə salsın.
Bəyanatı Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri Akif Qurbanov, Seçkilərin Monitorinqi və Demokratiyanin Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı, siyasi fəallar Bəxtiyar Hacıyev, Ruslan İzzətli, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, iqtisadçılar Rövşən Ağayev, Elçin Rəşid, Toğrul Vəliyev, siyasi şərhçilər Elman Fəttah, Şahin Cəfərli, keçmiş diplomat, siyasi fəal Emin İbrahimov, hüquqşünaslar Aqil Layıc, Ələsgər Məmmədli, Ənnağı Hacıbəyli, Fariz Namazlı, Xalid Ağalıyev, İntiqam Əliyev, Nemət Kərimli, Səməd Rəhimli, Şəhla Hümbətova, Yalçın İmanov, Zibeydə Sadıqova, “Müdafiə Xətti” İnsan Haqları Təşkilatının həmtəsisçiləri Rüfət Səfərov, Zaur Əkbər, “Hüquq Platforması” Təşəbbüs Qrupunun rəhbəri Samir Kazımlı, Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin rəhbəri Şəhla İsmayıl və tarixçi Yadigar Sadıqlı imzalayıb.
Noyabrın 29-da Milli Miclisin iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsi birinci oxunuşdan keçib. Deputatlardan yalnız ReAL Partiyasının təmsilçisi Erkin Qədirli layihənin əleyhinə səs verib.