Vətəndaş cəmiyyəti təmsilçiləri İlham Əliyevə müraciət etdi

Müraciət müəllifləri təməl prinsiplərin bərpasını tələb edir

Source:


Müraciət müəllifləri təməl prinsiplərin bərpasını tələb edir

Vətəndaş Cəmiyyəti təmsilçiləri prezident İlham Əliyevə, hökumət üzvlərinə və Milli Məclisin deputatlarına müraciət edib. Müraciətdə 28 May Günü xatırlanaraq bildirilir ki, ali məqsədləri qarşılarına qoyan ADR-in qurucuları nəinki regionda, hətta bütövlükdə Şərq dünyasında demokratik dəyərlərin təcəssümü ilə seçilirdi. O zamankı  hökumətdə inzibati zorakılıqlar və ya korrupsiya halları aşkara çıxarılan   halda,  ən yüksək vəzifəli şəxslər, Fətəlixan Xoyski kimi Cümhuriyyət qurucuları, nazirlər istefaya gedirdi: “Ötən 23 ildə Azərbaycan  Sovet dövründən əvvəlki Respublikamızın ənənlərinə sadiq qalsaydı  və hazırkı  resursları  düzgün idarə edə bilsəydi , heç şübhəsiz ki,   müasir Azərbaycan dövləti, eyniylə təxminən 96 il əvvəl qurulan, bütün Şərqdə demokratikləşmə nümunəsi kimi regiondakı demokratikləşmə prosesinin lideri ola bilərdi”.

Müraciət müəllifləri narahatlıqları müşahidə edərək, diqqəti bu məsələlərə çəkməyə çalışıblar: Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatlarının rəyinə əsasən,   alternativ,  fərqli  fikir  bildirməyə və  mövcud siyasətə  etiraz etməyə görə,  siyasi   motivlərlə həbs edilənlərin  sayına  görə, Azərbaycan  Şərq Tərəfdaşlığı ölkələri arasında birinci yerdədir; Beynəlxalq Şəffaflıq Təşkilatının açıqlamalarına görə,  2013-ci il Korrupsiya Qavrama İndeksinində Azərbaycan 28 balla   dünyanın 177 ölkəsi arasında 127-ci sırada yer alıb.  Son zamanlar  korrupsiyanın qarşısını almaq üçün müəyyən addımlar atılsa da,  onun yüksək səviyyədə olan siyasi və iqtisadi korrupsiyaya heç bir əhəmiyyətli təsiri olmayıb.  Bu korrupsiyanın  bir  nəticəsi də ölkədə əməkhaqların aşağı olmasına görə işləyənlərin  böyük bir hissəsinin  başlıca yaşayış xərclərini ödəyə bilməməsidir. Avropaya İnteqrasıya İndeksi göstərir ki, bir vaxtlar bu prosesdə aparıcı  rolu ilə seçilən  Azərbaycan   hazırda  mövcud təbii resursların  və insan kapitalı potensialının üstünlüyünə baxmayaraq, Şərq Tərəfdaşlığı ölkələri arasında Avropaya və Avro-Atlantika məkanına inteqrasiyanın aşağı səviyyəsi ilə seçilən Ermənistan və Belarus  kimi dövlətlərlə  eyni mövqedə dayanır.

Müraciətdə təxirəsalınmadan bu addımları atılması istənilir: Siyasi motivlərə görə həbs edilən  məhbuslar  dərhal azad edilsin; Fundamental insan haqları və  azadlıqları – ifadə, birləşmək, toplaşmaq azadlıqları və özəl mülkiyyətin toxunulmazlığı təmin edilsin; Korrupsiya ilə, inzibatçılıqla  ciddi mübarizə başlansın; azad sahibkarlığın inkişafı, daxili bazarda və xarici ticarətdə inhisarçılığın aradan qaldırılması üçün dövlət rəqabəti dəstəkləsin; QHT-lərin dövlət qeydiyyatının tələbi ləğv edilsin, vergi yükü azaldılsın və bu sahədə mövcud olan problemləri təznimləyən   yüksək Avropa standartlarına cavab verən qanunlar  qəbul edilsin; Azərbaycan Avropa İttifaqı ilə Assosiasiya Sazişini tezliklə imzalasın, Dünya Ticarət Təşkilatına daxilolma prosesini sürətləndirsin,  NATO və Avropa Birliyinə üzvlük niyyətini açıqlasın.

Müraciətə tanınmış ictimai xadimlər, ziyalılar, hüquq müfadiəçiləri imza atıblar.

Ana səhifəXəbərlərVətəndaş cəmiyyəti təmsilçiləri İlham Əliyevə müraciət etdi