“Vətəndaş cəmiyyəti fəallarından qisas alınır”

“Təəssüf doğuran haldır ki, son həbslər və repressiyalar hakimiyyətin bir qrup siyasi partiya liderləri ilə görüşü ərəfəsində baş verir”

Source:


“Təəssüf doğuran haldır ki, son həbslər və repressiyalar hakimiyyətin bir qrup siyasi partiya liderləri ilə görüşü ərəfəsində baş verir”

“Son günlər ölkədə vətəndaş cəmiyyəti fəallarına qarşı repressiyalar və qanunsuz həbslər artan xətt üzrə davam etməkdədir. Hakim ailənin və bir sıra vəzifəli şəxslərin gizli biznes şəbəkəsini özünün sanballı araşdırmaları ilə ifşa etdiyinə görə şərlənərək həbsə atılmış Azadlıq Radiosunun tanınmış jurnalisti, vicdan məhbusu Xədicə Ismayıla qarşı Respublika Prokurorluğu Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergidən yayınma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui- istifadə) maddələri ilə əlavə ittihamlar irəli sürüb. Heç şübhəsiz ki, bu ittihamlar hakimiyyətin jurnalist xanıma qarşı qisasçılıq cəhdinin şiddətlənməsindən qaynaqlanmaqla yanaşı bundan öncə ona elan olunan “özünü intihar həddinə çatdırma” ittiham şousunun iflasa ugraması ilə sıx bağlıdır”.

Bu fikirlər “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının Meydan TV-yə daxil olan bəyanatındandır.

Bəyanatda Qarabağ müharibəsi veteranı, AXCP üzvü Qadir Xudabaxşiyevə qarşı Cinayət Məcəlləsinin 228.1- ci (qanunsuz olaraq silah, onun ehtiyyat hissələrini daşıma və saxlama) maddəsi ilə ittiham xatırlanaraq bildirilir ki, fəal cəbhəçi sosial şəbəkələrdə hakimiyyəti tənqidi yazıları və Mingəçevir şəhərindəki siyasi fəallığı ilə seçilirdi. Bu həbsin siyasi sifariş olması şübhə doğurmur.

Siyasi mühacirətdə olan, Avropa Demokratiyaya Dəstək Alyansının sədri Tural Sadıqlının dövlət başçısı İlham Əliyevin 21 yanvar 2015-ci il tarixdə Almaniyaya səfəri ərəfəsində Berlində etiraz aksiyası təşkil etməsindən dolayı onun vətəndə yaşayan ailəsinə qarşı repressiyaların həyata keçirilməsinə start verilib. Öncə onun atası, vətəndaş cəmiyyəti fəalı Əlövsət Sadıqlı və qardaşı Elgiz Sadıqlı Sabunçu rayon Polis İdarəsinə aparılaraq saxlanılıb. Ertəsi gün Əlövsət Sadıqlı məhkəmənin qərarı ilə sərbəst buraxılsa da, onun oğlu Elgiz haqqında Cinayət Məcəlləsinin  234.1- ci maddəsi ilə (satış məqsədi ilə narkotik vasitələrin saxlanması və dövriyyəsi) cinayət işi açılaraq barəsində həbs qətimkan tədbiri seçilib. Alyans Sadıqovlar ailəsinə qarşı həyata keçirilən repressiyaları hakimiyyətin növbəti qisas cəhdi kimi dəyərləndirir və şiddətlə qınayır.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı Musavat Partiyası başqanının müavini, hazırda qanunsuz həbs həyatı yaşayan Yadigar Sadıqlının Pentensiar Xidmətin Tİbbi Müəssisəsindən müalicəsinin yarımçıq saxlanılaraq Cəza Çəkmə Müəssisəsinə qaytarılmasından, tanınmış hüquq müdafiəçisi İntiqam Əliyevin səhhətində olan ciddi problemlərə baxmayaraq, onun haqqında olan həbs-qətiimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmamasından, 14 saylı CÇM-də qətlə yetirilən məhkum Elşad Babayevin qatillərinin aşkara çıxarılıb cəzalandırılmamasından, həbs yerində uşaq dünyaya gətirən məhkum Lamiyə Quliyeva olayına hakimiyyətin adekvat reaksiya verməməsindən dərin narahatlığını bildirir.

“Təəssüf doğuran haldır ki, son həbslər və repressiyalar vətəndaş həmrəyliyindən, insan hüquq və azadlıqlarına sayğıdan dəm vuran hakimiyyətin bir qrup siyasi partiya liderləri ilə görüşü ərəfəsində baş verir”,-deyə bəyanatda bildirilir.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı həbsdə olan bütün siyasi məhbusların qeyd- şərtsiz azadlığa buraxılmasını tələb edir.

Ana səhifəXəbərlər“Vətəndaş cəmiyyəti fəallarından qisas alınır”