“Vəkillərin üzərində nəzarəti gücləndirmək istəyirlər”

Hüquqşünaslar Vəkillər Kollegiyasının qərarını şərh edirlər

Source: Facebook

Vəkillər Kollegiyası Elçin Sadıqovla Aqil Layıcın fərdi vəkillik fəaliyyətinə xitam verib. Mövcud mənzərə media və sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bu addımı adıçəkilən vəkillərin insan haqlarının müdafiəsi ilə məşğul olmalarının qarşısını almaq üçün atıldığı qənaətinə gələnlər çoxluq təşkil edir.

Hüquqşünas Ənnağı Hacıbəyli Meydan TV-yə deyib ki, kollegiyanın adıçəkilən vəkillərin fərdi fəaliyyətinə xitam verməsi onların siyasi işlərə çıxması ilə bağlıdır:

“Onları məsləhətxanalara təhkim etməklə üzərlərində nəzarəti gücləndirmək istəyirlər. Kollegiyanın qərarının hüquqa heç bir aidiyyatı yoxdur”.

Ənnağı Hacıbəyli
Ənnağı Hacıbəyli

Ə.Hacıbəylinin sözlərinə görə, Vəkillər Kollegiyasının apardığı kampaniya uzun müddətdir davam edir. Müxtəlif üsullarla müstəqil vəkillər çıxdaş olunur.

“Əslində, ölkədə siyasi işlərə çıxmaq cəsarətində olan vəkillərin əksəriyyətini sıradan çıxarıblar və bu, başqaları üçün də “gözdağı”dır. Vəkillərlə bu barədə söhbət edəndə onlar heç nə edə bilmədiklərini gizlətmirlər. Hamı özünü qorumağa çalışır,”- hüquqşünas vurğulayıb.

Hüquqşünas Ələsgər Məmmədli isə hesab edir ki, kollegiyanın son iki gündə qəbul etdiyi qərar inzibati üsullarla nəzarətdə saxlanılmayan vəkilləri bu cür nəzarətdə saxlamaq cəhdidir: “Qərar Azərbaycan vəkilliyinin düşdüyü ən pis vəziyyətin göstəricisidir. Onsuz da vəkilliyin problem kifayət qədərdir və vəkillərin müstəqilliyi ciddi müzakirə predmetidir. Belə olan halda hüquq və azadlıqlar işləri üzrə tanınan iki vəkilin müstəqil fəaliyyətini məhdudlaşdırmaqda, onları hansısa büro rəhbərinin imzasına bağlamaqda məqsəd nəzarətə götürməkdir”.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Ə.Məmmədli təəssüflənir ki, Azərbaycanda vəkillik çox sürətlə imicini itirir:

“Düzdür, Azər Tağıyev kollegiya sədri olanda da, vəkilliyin durumu yaxşı deyildi. Amma son vaxtlar müstəqil vəkillərə və hüquqşünaslara qarşı baş verən hadisələr, xüsusilə şəffaflıq tələb edən vəkillərə qarşı kütləvi şəkildə hücum kampaniyasının aparılması, yaxud kollegiyanın problemlərini dilə gətirənlərin hər birinin müxtəlif formada cəzalandırılması bu institutun necə daraldığını, hətta müdafiə olunacaq vəziyyətə gəldiyini göstərir. Belə olan halda cəmiyyətin hüquqlarını necə qoruyacağı sualı aktuallaşır. Çünki kollegiyanın üzvləri özlərini müdafiə etməyəcək qədər qorxurlar və ictimai müzakirədən qaçırlar. Belə olan halda bu vəkil başqasını necə qoruyacaq? Məsələ ondadır ki, cəmiyyətin hüquqlarını qorumağa gedəcək yeri vəkildir, amma vəkillərin hüquqları sistemli şəkildə pozulur. Əgər vəkillər kollektiv olaraq bunun öhdəsindən gələ bilmirlərsə, deməli, cəmiyyət də onlara etibar etməyəcək və müdafiəyə də dəstək verməyəcək”.

Hüquqşünas Fərhad Mehdiyev də kollegiyanın qərarını müsbət qiymətləndirə bilməyəcəyini deyir:

Fərhad Mehdiyev
Fərhad Mehdiyev

“Həmin vəkillər fəaliyyətlərini eyni şəkildə davam etdirə bilməyəcəklər. Məsələn, vəkil fərdi qaydada çalışanda, özü özünə order yazırdı, amma bundan sonra orderi məsləhətxananın rəhbəri yazacaq. Belə çıxır ki, məsləhətxananın rəhbəri orderi yazmasa, vəkil vətəndaşı müdafiə edə bilməyəcək. Yaxud məsləhətxana rəhbəri yerində yoxdur, telefonla zəng çatmır, kim imzalayacaq, deməli, vəkil vətəndaşı müdafiə edə bilməyəcək. Başqa bir misal, vəkil Aqil Layıc vətəndaşın şikayətini pulsuz imzalayıb kassasiyaya göndərib. Fərdi vəkil olduğu üçün edə bilirdi, amma bundan sonra müqavilə pulu istənilənəcək, bu mənada kollegiyanın qərarı müəyyən çətinliklər yaradacaq”.

Hüquqşunas Xalid Ağaliyev mövzunu şərh edərkən deyib ki, fərdi qaydada fəaliyyət göstərən vəkillər iradələrinin ziddinə olaraq heç bir halda bu imkandan məhrum edilə bilməzlər:

“Vəkillikdən kənarlaşdırmaq üçün əsaslar varsa, vəkillik fəaliyyətinə, ümumiyyətlə, xitam verilə və ya müəyyən müddətə vəkillikdən uzalaşdırılma ola bilər. Odur ki, vəkil fərdi qaydada fəaliyyətdən məhrum edilir, iradəsinin ziddinə olaraq, hansısa büro və ya məsləhətxanaya göndərilirsə, bu, vəkillik qanununun aşkar pozuntusudur. Ümumiyyətlə, vəkillik müstəqil peşədir, heç bir vəkilə “sən qeydiyyatda olduğun yerdə fəaliyyət göstər, mən istəyirəm sən bu məsləhətxanada işləyəsən” demək olmaz”.

Media Hüquq İnstitutunun eksperti Xalid Ağaliyev
Xalid Ağaliyev

X.Ağaliyev diqqəti bir neçə il əvvəl Azərbaycanda vəkillik qurumunun yenidən dizayn edilməsinə çəkib:

“2014-15-ci illərdə vəkillik sahəsindəki problemlər xeyli qabarmağa başlamışdı. Əsasən, siyasi məzmunlu işlərdə qıtlıq vardı, risqli olduğundan vəkillər belə işlərə çıxmaqdan ehtiyatlanırdılar. Beynəlxalq qurumlar vəkillik institutunun azadlığından narahatlıq ifadə edirdilər. Bütün bunların fonunda hökumət vəkil qurumunu yenidən dizayn etdi. Baxmayaraq ki, buna vəkillərin özləri müstəqil şəkildə qərar verməlidirlər. Hökumətin yenilənmədən gözləntisi bu idi ki, vəkillərin sayı artsın, Avropa məkanı ilə müqayisədə pis olan göstəricilər yaxşılaşdırılsın, həm də vəkilliklə bağlı Azərbaycanın üzv olduğu nüfuzlu beynəlxalq quruluşların tənqidi yanaşması dəyişsin. Məncə, yenilənmiş kollegiya bu gözləntiləri doğrultmayıb. Xüsusilə son günlər az qala hər gün vəkil qurumundan narazılıq eşidilir, hansısa vəkil cəzalandırılır, hansısa vəkil narazılıq edir. Vəkilliyə belə yanaşma dəyişməlidir”.

2017-ci ilin noyabrın 20-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti Yalçın İmanovun səlahiyyətlərini dayandırıb və onun bu orqandan çıxarılması üçün məhkəməyə müraciət etmədən qərar verib.

Vəkillər Kollegiyası Rəyasət Heyəti ötən ilin iyunun 11-də daha çox mülkiyyət hüquqlarının müdafiçisi kimi tanınan İradə Cavadovanın kollegiya üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edib. Hazırda məhkəmə çəkişməsi davam edir.

Vəkillər Kollegiyası Əsabəli Mustafayevin, Fəxrəddin Mehdiyevin, Nemət Kərimlinin fəaliyyətlərinin 1 illik dayandırması haqda qərar çıxarmışdı. Artıq onların fəaliyyəti bərpa olunub.

Bugünlərdə Penitensiar Xidmət vəkil Fariz Namazovun fəaliyyəti ilə bağlı Vəkillər Kollegiyasına şikayət edib. Elçin Sadıqovla bağlı araşdırma başlasa da, sonradan buna xitam verildi.

Ana səhifəXəbərlər“Vəkillərin üzərində nəzarəti gücləndirmək istəyirlər”