Vəkillər Əli İnsanovla görüşə buraxılmır

“Penitensiar Xidmətin əmri qanunvericiliyin tələblərinə ziddir və bu, vəzifəli şəxsin səlahiyyətlərini aşmasıdır”

Source:


“Penitensiar Xidmətin əmri qanunvericiliyin tələblərinə ziddir və bu, vəzifəli şəxsin səlahiyyətlərini aşmasıdır”

Noyabrın 22-də sabiq səhiyyə naziri Əli İnsanovun vəkilləri Toğrul Babayevə və Şahverdi Ağaveyisə 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Əli İnsanovla göürşməyə imkan verilməyib.

Babayev “Turan İA”-a bildirib ki, bu gün vəkilləri Əli İnsanovla görüşmək üçün cəzaçəkmə müəssisəində olublar. “Penitensiar Xidmətin görüşə nəzarət edən hərbi qulluqçuları biz vəkillərə bildirdi ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən əmr gəlib ki, vəkillər görüş üçün hər ay Penitensiar Xidmətə rəsmi müraciət edib görüş üçün icazə almalıdır. Vəkillər yalnız rəsmi icazə aldıqdan sonra müvəkkilləri ilə görüşə bilər”.

Vəkillər Penitensiar Xidmətin əmrini qanunsuz sayır. “Penitensiar Xidmətin əmri qanunvericiliyin tələblərinə ziddir və bu, vəzifəli şəxsin səlahiyyətlərini aşmasıdır. Bu, həm də müdafiə hüququnun kobud şəkildə pozulmasıdır”, – deyə Babayev qeyd edib.

Vəkillər Penitensiar Xidmətə qarşı məhkəmə iddiası qaldıracaqlarını bildiriblər.

Ə.İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs olunub. Sonradan istintaq orqanları bu ittihamdan vaz keçib. 2007-ci ilin aprelində İnsanov rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq və bir sıra iqtisadi cinayətlər törətmək ittihaml ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Keçmiş nazir hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

2013-cü il martın 14-də Avropa İnsan Haqları Məhkəməsi Ə.İnsanovun İnsan Hüquqları Konvensiyasının 3-cü  (işgəncələrin qadağan olunması) və 6-cı (ədalətli məhkəmə çəkişməsi) maddələri ilə zəmanət verilmiş hüquqlarının pozuldğunu tanıyıb. Buna baxmayaraq, Azərbaycan məhkəməsi sabiq naziri həbsdən azad etməyib.

Ana səhifəXəbərlərVəkillər Əli İnsanovla görüşə buraxılmır