Vəkili Zamin Salayevin müalicə müəssisəsinə köçürüldüyünü deyir

Zamin Salayev. Foto: Meydan TV

“Bildiyimə görə, daxili orqanlarında ciddi problemlər var, böyrəklərində büzüşmə gedir”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan şöbəsinin sədri Zamin Salayevin 98 gündür ki, həbsdə aclıq etdiyi bildirilir. Uzunmüddətli aclıq nəticəsində vəziyyəti kəskin pisləşdiyinə görə o, mayın 12-də Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Bu barədə Meydan TV-yə onun vəkili Nemət Kərimli məlumat verib.

Vəkilin sözlərinə görə, Zamin Salayev üç aydan çoxdur aclıq etməsinə baxmayaraq, istintaq təcridxanasında saxlanılırdı.

Uzunmüddətli aclıq nəticəsində elə bir vəziyyətə düşüb ki, hər an həkim nəzarətində olmalıdır. Bakı İstintaq Təcridxanasında isə kamera şəraitində saxlanılırdı. Dəfələrlə vəziyyəti kəskin pisləşmişdi, təcili tibbi müdaxilə ilə həyatını xilas eləmək mümkün olmuşdu. Görünür, elə bir həddir ki, artıq Müalicə Müəssisəsinə köçürməkdən başqa çarə qalmayıb”, – Nemət Kərimli bildirib.

Vəkilin sözlərinə görə, müvəkkili hərəkət etməkdə, hətta danışmaqda belə çətinlik çəkir. Vitaminsizlik nəticəsində bədənində yaralar əmələ gəlib:

Bildiyimə görə, daxili orqanlarında da ciddi problemlər var, böyrəklərində büzüşmə gedir. Buna baxmayaraq, aclığı dayandırmamaqda israrlıdır. Şəxsən mən özüm dəfələrlə ondan xahiş eləmişəm”.

Vəkili Zamin Salayevlə sonuncu dəfə mayın 13-də telefonla əlaqə saxlayıb. Müdafiəçisinə deyib ki, ona tibbi yardım göstərilir, sistem köçürülür.

Zamin Salayevin işinə hazırda Qaradağ Rayon Məhkəməsində baxılır. Növbəti məhkəmə iclası mayın 17-nə təyin olunub.

AXCP-nin fəal üzvlərindən olan Zamin Salayev fevralın 7-dən həbsdədir. O, Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham olunur.

Cinayət işinin materiallarında iddia olunur ki, AXCP fəalı “Lökbatan dairəsi” adlanan ərazidə Natiq Süleymanov adlı şəxsə bıçaqla xəsarət yetirib.

Lakin məhkəmədə Zamin Salayev bildirib ki, bu ittiham yalan olmaqla, həbsi əvvəldən planlaşdırılmış təxribatdır. Onun sözlərinə görə, fevralın 6-da axşam saatlarında həmin ərazidə yaşadığı Salyan rayonuna qayıtmaq üçün taksiyə doğru gedərkən tanımadığı bir nəfərin söyüş söyə-söyə ona tərəf gəldiyini görüb. Bu zaman baş verənlərin təxribat olduğunu anlayıb və onu itələyib uzaqlaşmaq istəyəndə ətrafdan xeyli polis çıxıb və onu tutub aparıb.

O vurğulayıb ki, həmin ərazidə 8 təhlükəsizlik kamerası var. O meraların heç birinin görüntülərinin çıxarılmaması və onların hamısının eyni vaxtda işləmədiyinin bəhanə gətirilməsi də bu hadisənin təxribat olduğunu sübut edir.

Zamin Salayev bundan öncə dəfələrlə polisə müqavimət və s. ittihamlarla inzibati qaydada həbs edilib. 2020-ci il aprelin 20-də isə Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə 2 il 3 ay azadlıqdan məhrum edilib. Həmin vaxt Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılmışdı.

Zamin Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi Həmzə Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi.

Video yayılandan az sonra Zamin Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bildirmişdi. İnzibati həbsdən çıxandan az sonra səhhətindəki problemlərlə əlaqədar əməliyyat olunmuşdu.

Ardınca da Həmzə Əzizov ona qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıraraq, həbsini tələb etmişdi.

Videoda haqqında bəhs olunan qadın Həmzə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə bir neçə illik həbslə cəzalandırılıb. O, Həmzə Əzizovun ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün onu vurduğunu bildirib. Polis əməkdaşı isə özü haqqında deyilənləri təkzib edib.

Zamin Salayev ötən yay Milli Məclisin binasına deputat Fəzail Ağamalı üçün yeşiklərdə gilas gətirməsiylə də gündəmə gəlmişdi.

Ana səhifəSiyasətVəkili Zamin Salayevin müalicə müəssisəsinə köçürüldüyünü deyir