Vəkili Cavid Hüseynovun hadisədən xəbərdar olduğunu təsdiqləyir (Təhlil)

Cavid Hüseynov avqustun 9-da hadisənin kimlər tərəfindən törədildiyini bilsə də, ictimaiyyətə fərqli açıqlama verib

Source:


Cavid Hüseynov avqustun 9-da hadisənin kimlər tərəfindən törədildiyini bilsə də, ictimaiyyətə fərqli açıqlama verib

“Qəbələ”nin futbolçusu Cavid Hüseynovun jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi işinə görə həbs olunması cəmiyyətdə geniş müzakirə olunur.

Hüseynova Cinayət Məcəlləsinin 307.1, 307.2 – cinayəti bilib gizlətmə maddəsi ilə ittiham elan olunub. Futbolçunun yaxınları və pərəstişkarları hesab edir ki, onun bu məsələdən xəbəri yoxdu və futbolçu hadisə ilə bağlı böyük ajiotaj yarandığına görə həbs olunub.

Cavid Hüseynov da avqustun 10-da, jurnalist dünyasını dəyişəndən sonra açıqlamasında hadisədə əli olmadığını vurğulamışdı: “Allahdan jurnalist Rasim Əliyevə rəhmət diləyirəm. Ruhu şad olsun. Çoxu məni tənqid edir ki, onu sənin dostların öldürüb. Amma yox, bu, belə deyil. Heç kimə imkan vermərəm ki, mənə görə kimisə öldürsünlər. O jurnalistlə “facebook”da kipirli jurnalistlə olan məsələyə aydınlıq gətirmişik. Amma normal şəkildə. Sonra da mehribancasına sağollaşmışıq. İndi isə hamı az qalır mənə qatil adı versin. Nə oldu? Mən həmin Cavidəm də, bir neçə gün əvvəl dilinizdən düşməyən. Sizcə bu cür hərəkət edərəm? Bir misal gətirmək istəyirəm. Araz Abdullayev maşını ilə adam vurdu, jurnalistlər ona qatil damğası vurdular. İndi isə günahım olmaya olmaya məni ləkələmək istəyirlər. Bizə düşmən lazım deyil, vallah. Adamın başının üstündə Allah var. Yazanda haqqına yazın. Çox təəssüflər olsun ki, haqqına yazan jurnalistlərimiz çox azdır”.

Ancaq futbolçunun vəkili Adəm Məmmədovun mətbuata verdiyi açıqlamasında tam başqa faktlar ortaya çıxır. Vəkilin açıqlaması onu göstərir ki, Cavid Hüseynov Rasim Əliyev dünyasını dəyişməmişdən əvvəl hadisənin kimlər tərəfindən törədildiyi barədə məlumatlı olub. Adəm Məmmədov müvəqqəti saxlama təcridxanasında olan Cavid Hüseynovla görüşəndən sonra “Futbol+” qəzetinə verdiyi açıqlamada belə deyib:

“Bəziləri deyir ki, Cavidin olaydan xəbəri yox idisə, Rasimin pulqabı və telefonu ona necə gəlib çıxmışdı? Cavidlə söhbətdə bu məsələyə də aydınlıq gətirdim. Hüseynov bildirdi ki, hadisəni eşidən kimi dərhal xəstəxanaya yollanıb. Rasim onu döyənlərin kim olduğunu söyləməklə yanaşı, pulqabını və telefonu da itirdiyini bildirib. Cavid də oradan bibisioğluna zəng vurub. Qohumu ona deyib ki, heç nədən xəbəri yoxdur. 5 dəqiqədən sonra Elşən yenidən Cavidlə əlaqə saxlayıb və bildirb ki, uşaqlardan biri səhvən telefon və pulqabını götürüb. Tezliklə onu Cavidə çatdıracaqlar. Bundan sonra Hüseynov Rasimə əşyalarının sabah qaytarılacağını bildirib”.

Vəkilin açıqlamasından məlum olur ki, Cavid Hüseynov hələ avqustun 9-da – Rasim Əliyevlə görüşərkən hadisənin kimlər tərəfindən törədildiyini bilib. Yəni bibisi oğluna zəng edərkən. Hətta Cavid bu məsələ barədə də təzadlı danışıb. Əvvəlcə deyib ki, Elşən hadisədən xəbərsiz olduğunu bildirib. Sonra da deyib ki, 5 dəqiqədən sonra zəng edərək, uşaqların pulqabını və telefonu səhvən götürdüyünü bildirib. Ortaya sual çıxır – adamı ölümcül döyüb, əşyalarını necə səhvən götürmək olar? Digər tərəfdən, Cavid Hüseynov artıq 9-da bu barədə məlumatlı olubsa, niyə polisə xəbər verməyib? Niyə hadisənin kimlər tərəfindən törədildiyini bilmədiyini deyərək, ictimaiyyəti aldadıb?

Deməli, ilkin araşdırma zamanı gəlinən qənaətdə göstərildiyi kimi, Cavid Hüseynov həqiqətən də hadisədən xəbərdar olub və gizlədib.

İndi isə futbolçu deyir ki, cinayətkarların layiqli cəzalanmasını tələb edir. Elə cəmiyyət də bunu istəyir.

Ana səhifəXəbərlərVəkili Cavid Hüseynovun hadisədən xəbərdar olduğunu təsdiqləyir (Təhlil)