Azad Həsənovun işindəki hal şahidləri ilə bağlı polis idarəsinə göndərilən sorğuya cavab verilmir
Müsavat Partiyasının fəalı, ötən il oktyabrın 10-da xərçəng xəstəsi olan atasını görmək üçün Litvadan Bakıya gəldiyi gün həbs olunan Azad Həsənovun məhkəməsi davam edir.
İyulun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyilə keçirilən prosesdə səs yazıları dinlənilib. Həmin səs yazılarını məhkəməyə vəkil Osman Kazımov təqdim edib. Orada Azad Həsənovun qardaşı ilə Daxili İşlər Nazirliyinin 102 xidmətinin əməkdaşları arasındakı danışıqlar əks olunub. Qardaşı Daxili İşlər Nazirliyindən A.Həsənovun yerini öyrənmək üçün kömək istəyir.
Məhkəmədə ifadə verən polislər isə bildirirdi ki, A.Həsənov tutulandan sonra ailəsinə onun yeri barədə məlumat verilib, yaxınları ilə əlaqə saxlamaq hüququ təmin edilib.
Vəkil məhkəmədə bildirib ki, bu səs yazıları polislərin yalan danışdığını sübut edir. Müdafiəçinin sözlərinə görə, nəinki Bakı şəhər Baş Polis İdarəsində, hətta onun haqqında məhkəmədə həbs-qətimkan tədbiri seçilməsi qərarından sonra da ailəsinə heç bir məlumat verilməyib: "Bu səs yazıları da qarşı tərəfin yalan danışdığını sübut edir".
Vəkil məhkəmədə vəsatət qaldırıb ki, Bakı şəhər Baş Polis İdarəsinə sorğu göndərilib, ora gəlib-gedən adamların qeydiyyat jurnalından A.Həsənov saxlanılan günə aid çıxarış alınsın. Səbəb isə budur ki, A.Həsənov onun işində hal şahidliyi edib, cibindən narkotik çıxdığını iddia edən şəxsləri həmin vaxt idarədə görmədiyini deyir. Vəkil həmin şəxslərin idarəyə nə vaxt gəlib-getməsi məsələsinin aydınlaşdırılmasını istəyir.
O.Kazımov onu da bildirib ki, məhkəmə bundan əvvəl Bakı şəhər Baş Polis İdarəsinə iki dəfə sorğu göndərib, lakin cavab verilməyib: "Məhkəməni saymırlar".
Məhkəmə üçüncü dəfə sorğu göndərmək qərarına gəlib.
Məhkəmə prosesi iyulun 15-nə qədər təxirə salınıb.
2014-cü ildən Litvada siyasi mühacir kimi yaşayan A.Həsənov 2018-ci il oktyabrın 10-dan 11-nə keçən gecə Bakıya gəlib. Gəlişinin səbəbi isə atasının ağır durumu olub. Elə həmin gün – oktabrın 11-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddə əldə etmə, daşıma və ya saxlama satış məqsədilə olduqda) maddəsilə ittiham olunur.
Bu maddənin sanksiyasında 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.