”İstənilən vaxt sizinlə Bakı İstintaq Təcridxanasına getməyə hazıram”
Vəkil Elçin Sadıqov İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanovaya müraciət edib.
Müraciətdə mayın 10-da həbs olunmuş Qiyas İbrahimov və Bayram Məmmədovun polis idarələrində işgəncəyə məruz qalmalarındfan bəhs olunur: “Hər iki şəxs tutulan andan 13 may 2016-cı il saat 15.00-a, yəni Bakı İstintaq Təcridxanasına aparılana qədər davamlı, ağır, ağılasığmaz işgəncələrə, nəlayiq formada şəxsiyyəti alçaldan rəftarlara və qeyrin insani rəftarlara məruz qalıblar. 12 may 2016-cı il tarixdə saat 10.40-11.00 radələrində gənclərin Nərimanov rayon polis idarəsinin müvəqqəti saxlama yerinin qarşısını (ora eyni zamnda Nərimanov rayon polis idarəsinin həyətidir) xəkəndaz-süpürgə ilə süpürməyə, yerdən siqaret kötüklərini yığmağa məcbur edildiklərinin şəxsən şahidi olmuşam. Gənclərə işgəncə verilməsi ilə bağlı halların araşdırılması barədə Xətai rayon məhkəməsinin hakimi cənab İbrahim İbrahimli qərar qəbul etməsinə və dərhal həmin qərarı prosessual rəhbərliyi həyata keçirən prokurora verməsinə baxmayaraq prokurorluq nəinki bu işgəncə halını araşdırmamış, həmçinin onun qarşısını almamış 12 may 2016-cı il tarixdə məhkəmənin qərarından sonra gənclər yenidən Nərimanov rayon polis idarəsinin müvəqqəti saxlama yerinə gətrilmiş və onlara daha dəhşətli işgəncələr verilmişdir. Bu halı onların bədənlərində olan xəsarət izləri və özlərinin ifadələri tam sübuta yetirir. Bundan başqa mən Nərimanov rayon polis idarəsinin müvəqqəti saxlama yerinin içərisini və həyətini müşahidə edən təhlükəsizlik kamera lent yazılarının bir surətinin mənə, prokrorluğa və cinayət işini aparan müstəntiqə verilməsini tələb etsəm də bu günə qədər müraciətimə heç bir cavab verilməyib”.
Vəkil daha sonra bildirib ki, mayın 16-da hüquqlarını müdafiə etdiyi gənclərlə görüş zamanı onların bədənləri üzərində işgəncə izlərini şəxsən görüb: “Təcridxananın əməkdaşlarına işgəncə izlərini göstərdikdən sonra bildirdilər ki, həkim çağırıb müayinə dəcəklər. Həmçinin həmin vaxtı gənclərin bədənləri üzərində olan xəsarətləri həmin vaxt orada olan başqa vəkillər də gördülər. Xətai rayon məhkəməsinin qərarından artıq 6 gün keçməsinə baxmayaraq prokurorluqda bu işgəncə halını araşdırmalı olan məsul şəxs mənimlə və gənclərlə görüşməyib. Hesab edirik ki, heç bir hal insanlara işgəncə verilməsinə, onların ləyqaətini alçaldan rəftara məruz qalmasına əsas ola bilməz. Azərbaycan Hökümətinin qoşulduğu beynəlxalq müqavilələr üzrə öhdəliyi ondan ibarətdir ki, işgəncə halını dərhal (isti izlərlə) araşdırmalı, işgəncə verən şəxslərin şəxsiyyətini müəyyən etməli və onları cinayət məsuliyyətinə cəlb edib cəzalandırmalıdır. Göstərilənlərə əsaslanaraq xahiş edirəm ki, Bakı İstintaq Təcridxanasında saxlanılan İbrahimov Qiyas Həsən oğlu və Məmmədov Bayram Fərman oğlu ilə mənim iştirakımla dərhal görüşəsiniz, onları video və foto kameradan istifadə etmklə müayinə edəsiniz. İstənilən vaxt sizinlə Bakı İstintaq Təcridxanasına getməyə hazıram”.