Vəkil: Mehman Hüseynovun əməliyyata ehtiyacı var

“Damarındakı genişlənmə ona ağrı verir”

Source:


“Damarındakı genişlənmə ona ağrı verir”

“Mehman Hüseynovun əhval-ruhiyyəsi normaldır. “Hər şey əladır, mənim üçün narahat olmayın” dedi”, – vəkil Elçin Sadıqov Meydan TV-yə belə bildirib.

Vəkil Mehman Hüseynovun möhkəm olduğunu söyləyir:

“Narahatçılığa əsas olmadığını dedi. Ancaq sağlamlığı ilə bağlı ciddi problemləri var. Həbsdən öncə də onun venoz damarında problem vardı. Həbsxana şəraitində vəziyyəti daha da ağırlaşıb. Damarındakı genişlənmə ona ağrı verir”.

Elçin Sadıqov blogerin əməliyyat olunmasına ehtiyac olduğunu deyir:

“Buna görə gərəkli hüquqi prosedurları başladacağıq. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə onun əməliyyat edilməsinə şərait yaradılması üçün müraciət edəcəyik”.

Vəkil Mehman Hüseynova göndərilən kitabların da ona çatdırılmadığını söyləyir. Deyir, göndərilən kitbları ona təqdim etmək istəyib, ancaq onlardan birinin qadağan olunduğunu əsas gətirərək blogerə çatdırılmasına imkan verməyiblər:

“Bu Səhər Delicani-nin “Çakaranda ağacının uşaqları” kitabı idi. Kitabın buraxılmaması tamamilə qanunsuz addımdır. Həmin kitab açıq satışda var. Bundan əlavə, Mehmanın əsas narahatçılığı ailəsi ilə bağlıdır. Ona ailəsi ilə telefonla danışmağa icazə verilmir. Bu məhbusların hüquqları ilə bağlı qanunvericiliyin kobud pozuntusudur. Ona görə Penitensiar Xidmətin rəhbərliyinə və insan haqları müvəkkili – Ombudsmana müraciət etmişəm. Hələ ki, araşdırılıb, gərəkli addımlar atılmayıb”.

Məsələyə Penitensiar Xidmətdən məlumat almaq mümkün olmayıb.

Mehman Hüseynov bu il martın 3-də Suraxanı rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun çıxardığı hökmlə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onu Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında şikayəti əsasında cəzalandırıblar.

M.Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloger bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı. Nəsimi rayon Məhkəməsinin qərarında blogerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapmışdı.

M.Hüseynov sərbəst buraxıldıqdan sonra polisdə işgəncələrə məruz qaldığını bildirmişdi.

Ancaq Daxili İşlər Nazirliyi blogerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız saymışdı. Ardınca da Nəsimi rayon Polis İdarəsinin rəisi M.Musayev xüsusi ittiham qaydasında blogerdən şikayət etmişdi.

Şikayətdə Mehman Hüseynovun işgəncəyə məruz qalmasını bildirməsi polisə böhtan kimi dəyərləndirilirdi.

Ana səhifəXəbərlərVəkil: Mehman Hüseynovun əməliyyata ehtiyacı var