Vəkil: Əli İnsanov haqda qərar artıq hazırdır

Keçmiş səhiyyə nazirinin apelyasiya şikayəti təmin edilmədi

Source:


Keçmiş səhiyyə nazirinin apelyasiya şikayəti təmin edilmədi

Bakı Apelyasiya Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovun apelyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Meydan TV-nin məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən iclasda Əli İnsanov iştirak etməyib. O, ötən iclasda məhkəməyə ərizə ilə müraciət edərək, prosesin onun iştirakı olmadan keçirilməsini istəyib.

Prosesdə Ə. İnsanovun vəkili Ağaveyis Şahverdi çıxış edib. O, şikayətə məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyib:

“Birinci instansiya məhkəməsində təkrar ekspertiza keçirilməsi ilə bağlı vəsatət qaldırmışdıq. Çünki ekspert rəyi tam deyildi. Amma təəssüf ki, vəsatətimiz təmin olunmadı. Biz Əli İnsanovun guya psixotrop tərkibli dərmanlar saxladlığı iddia olunan şüşə qabın üzərində əl barmaq izləri ilə də bağlı ekspertiza keçirilməsini istəyirdik. Əgər iddia olunduğu kimi Əli İnsanov o qabdan istifadə edibsə, üzərində onun əl izləri olmalı idi. Yaxud, Əli İnsanovun cırdığı iddia olunan protokolun da ekspertizası keçirilmədi. Halbuki adam protokolu cırıbsa, deməli, üzərində əl izləri olmalıdır. Yazıblar ki, guya Əli İnsanov psixotrop tərkibli həbləri özü qəbul edirmiş və bu məqsədlə də həbləri qabda saxlayıb. Amma kimyəvi ekspertiza keçirib onun qanında psixotrop tərkibli maddələrin olub-olmadığını müəyyən etmədilər. Birinci instansiya məhkəməsində Anar Təhməzov adlı şahid dindirildi. O bildirdi ki, şüşə qabı Əli İnsanovda görməyib. Amma hökmdə şahidin ifadəsi təhrif olunub və yazılıb ki, Əli İnsanovun o qabdan dərmanları götürüb istifadə etdiyini görüb. Ən azı bu ziddiyyətin aydınlaşdırılması üçün Anar Təhməzov bura çağırılıb dindirilməlidir. Elə məsələlər var ki, onların üstündən keçmək olmur”.

Vəkil deyib ki, Əli İnsanovun cəzaçəkmə müəssisəsində əşyalarının saxlanıldığı otağa baxış keçirilib, hal şahidləri çağırılıb, amma 50 metr kənardan onun özünü dəvət etməyiblər. Müdafiəçinin sözlərinə görə, əgər qapısı bağlı otağa baxış keçirilirsə, buna görə mütləq məhkəmə qərarı olmalı idi.

Vəkil hesab edir ki, Əli İnsanov haqda qərar artıq hazırdır və onun çox danışıb, sübutları ortaya qoymağına ehtiyac yoxdur.

Vəkil həmçinin cəzanın ağırlığına etiraz edib.

“Bu adam 4 akademiyanın üzvü olub, birindən çıxarılsa da, qalan üçünün hələ də üzvüdür. Azərbaycanda dərman kəşf edən yeganə alimdir. Dünyada tanınan elm adamıdır. 30 mindən çox adamı müalicə edib. Hətta cinayəti törətmiş olsa idi belə ona niyə bu qədər ağır cəza verilir? Verilən cəza hətta onun şəxsiyyətinə adekvat deyil”, o qeyd edib.

A.Şahverdi xatırladıb ki, Ə.İnsanov 11 illik həbsdən çıxmasına 58 gün qalmış şərlənib. Vəkilin sözlərinə görə, Ə.İnsanovun saxta ittihamla cəzasının artırılacağı ehtimalı əvvəlcədən var idi: “Bu hadisədən bir gün əvvəl cəzaçəkmə müəssisəsində Əli müəllimə dedim ki, ehtiyatlı olun, kimsə sizə təxribat məqsədi ilə sataşar. O da cavab verdi ki, mən məüssisənin həyətində getdiyim yerdə kimsə gəlib öz yaxasını cırarsa, mən nə edə bilərəm? Sosial şəbəkələrdə də hadisədən əvvəl məlumat yayılmışdı ki, Əli İnsanova hakimiyyət nümayəndəsinə zor tətbiqetmə ittihamı ilə yenidən cinayət işi açılacaq”.

A. Şahverdi Əli İnsanov haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.

Məhkəmədə Əli İnsanovun kəllə-beyin travması yetirdiyi, paqonlarını cırdığı iddia olunan ədliyyə mayoru, zərərçəkmiş Anar Məmmədov da iştirak edib.

O, hökmün qüvvədə saxlanılmasını, apelyasiya şikayətinin rədd edilməsini istəyib.

Dövlət ittihamçısı Ceyhun Budaqov hökmün dəyişdirilməsinə heç bir əsas olmadığını deyib.

Müşavirdən sonra qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib, hökm qüvvəsində saxlanılıb.

Sabiq səhiyyə naziri Əli İnsanov 2017-ci il aprelin 26-da Bakının Qaradağ rayon Məhkəməsinin hökmü ilə 7 il 5 gün azadlıqdan məhrum edilib.

Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilib. Sonradan iqtisadi cinayətlərdə ittiham edilərək 11 il azadlıqdan məhrum edilib.

2016-cı ilin oktyabrında həbsdən çıxmasına bir neçə gün qalmış ona qarşı yeni ittihamlar irəli sürülüb: 234.1 (narkotik maddənin əldə edilməsi və saxlanması), 315.2 (xidməti vəzifəsini yerinə yetirərkən hakimiyyət nümayəndəsinə müqavimət göstərilməsi), 317. 2.1 (qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və gəzdirilməsi).

2006-cı il oktyabrın 11-də Qaradağ Rayon Məhkəməsi həbsdə olan sabiq nazirə yeni həbs qərarı çıxarıb.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun ədalətsiz mühakimə olunması barədə qərar çıxarıb. Ancaq, Azərbaycan hakimiyyəti hökmü dəyişməyib.

Avropa Şurası Nazirlər Kabineti Azərbaycan hökumətini Avropa Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Hüquq-müdafiə təşkilatları Ə.İnsanovu “siyasi məhbus” kimi tanıyıb.

Ana səhifəXəbərlərVəkil: Əli İnsanov haqda qərar artıq hazırdır