Vəkil Elçin Sadıqov prezidentə müraciət etdi

Vəkil Elçin Sadıqov. Foto: Meydan TV

“Sizdən xahiş edirəm, öz fəaliyyətimi təhlükəsiz və müstəqil həyata keçirməyimə kömək edəsiniz”

Bir çox ictimai-siyasi fəalın, müstəqil jurnalistlərin hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov Prezident İlham Əliyevə müraciət edib.

“İnsan hüquq və azadlıqlarını müdafiə edən bir vəkil olaraq, Sizdən xahiş edirəm, öz fəaliyyətimi təhlükəsiz və müstəqil həyata keçirməyimə kömək edəsiniz. Mənə qarşı qanunsuz intizam, cinayət təqibi və təzyiqlərə son verilməsinə göstəriş verəsiniz”, – Elçin Sadıqov prezidentə müraciətində belə yazıb.

Zaman-zaman təzyiqlərə məruz qaldığını, hətta həbs olunduğunu vurğulayan vəkilin sözlərinə görə, hələ də barəsində cinayət təqibi davam edir. O, müraciətində son vaxtlar baş verənlərdən də bəhs edib:

Son dövrlərdə işgəncələrə və qeyri-insani rəftara qarşı kəskin fəaliyyətimdən sonra Vəkillər Kollegiyası Rəyasət Heyəti barəmdə intizam icraatı başladı. Məlum oldu ki, 2022-ci ilin sentyabrında Eynulla Fətullayev Vəkillər Kollegiyasına məndən şikayət edib. İyunun 24-də Vəkillər Kollegiyasının İntizam Komissiyası Eynulla Fətullayevin həmin şikayəti üzrə məndə “pozuntu” aşkar etdi. Halbuki, nə Eynulla Fətullayevin şikayət vermək hüququ vardı, nə də bu şikayətin icraata qəbul edilməsi üçün əsas. Ümumi qəbul edilmiş müraciət hüququna əsasən, hər kəs özünün hüququnu pozan, hüquq və maraqlarına toxunan halla bağlı müraciət etmək hüququna malikdir. Eyni zamanda Vəkillər Kollegiyası Rəyasət Heyəti bu “şikayətə” ona görə baxa bilməzdi ki, bu məsələ ilə bağlı iş prokurorluğun icraatındadır”.

2022-ci il sentyabrın 10-da “Xural.com” saytının rəhbəri Əvəz Zeynallı ilə yanaşı, vəkil Elçin Sadıqov da eyni cinayət işi üzrə həbs olunub.

Elçin Sadıqov “Baku Steel Company” MMC-nin keçmiş rəhbəri, 2 il yarımdır həbsdə olan iş adamı Rasim Məmmədovun vəkili idi. O, Rasim Məmmədovun ailəsinin Əvəz Zeynallıya 20 min dollar rüşvət verməsinə vasitəçilikdə ittiham olunurdu.

Elçin Sadıqov bir həftə sonra – sentyabrın 17-də ev dustaqlığına buraxılıb. O, özünü təqsirli bilmir, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətinə görə cəzalandırıldığını bildirir.

Əvəz Zeynallı isə rüşvətlə yanaşı, dələduzluq, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə maddələrilə də ittiham edilərək, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. “Səda TV” internet televiziyasının rəhbəri Elmur Şükürov da onunla birlikdə məhkəmə qarşısına çıxarılıb.

Elçin Sadıqov haqqında cinayət işi isə ayrılıb.

Ana səhifəSiyasətVəkil Elçin Sadıqov prezidentə müraciət etdi