“Bu hərəkət Cəzaların İcrası Məcəlləsinə və daxili nizam qaydalarına tamamilə ziddir”
Martın 4-də 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həbsdə olan direktoru Bəşir Süleymanlının başını zorla, qanunsuz olaraq keçəl qırxıblar.
Məlumatı Meydan TV-yə məhbusun vəkili Elçin Sadıqov verib. Vəkil bildirib ki, Bəşir Süleymanlıya qarşı hərəkət Cəzaların İcrası Məcəlləsinə və daxili nizam qaydalarına tamamilə ziddir. “Bununla bağlı Penitensiar Xidmətin rəhbərliyinə müraciət olunacaq və reaksiyadan asılı olaraq məhkəməyə müraciət edəcəyik. Bu insan ləyaqətini alçaldan rəftardır”,-deyə vəkil Elçin Sadıqov bildirib.
3 il 6 ay azadlıqdan məhrum olunan Bəşir Süleymanlı CM-nin 179.3.2 (külli miqdarda mənimsəmə), 192.2.2 (mütəşəkkil dəstə tərəfindən qanunsuz sahibkarlıq), 213.1 (vergidən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham olunurdu.
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məsələ ilə bağlı açıqlama verməyib.