Vasif Talıbov vəzifədən ayrıldıqdan sonra ailə mülkləri əl dəyişdirib

Aydan Yusif (iFact), Fatimə Kərimova (Mikroskop Media), Kelly Bloss (OCCRP)

Mənbə: James O’Brien (OCCRP)

Vasif Talıbovun istefasından sonra jurnalistlərin əldə etdiyi yeni sənədlər göstərir ki, Rza və Seymur Talıbov milyonlarla dollar dəyərindəki mülklərini başqa şəxslərin adlarına keçiriblər.

Tez-tez “Azərbaycan Şimali Koreyası” adlandırılan Naxçıvan Muxtar Respublikasında Vasif Talıbov 27 il ərzində gizli və repressiv idarəetmə sisteminə rəhbərlik edib. Talıbovlar ailəsi bu müddət ərzində Azərbaycanda və regiondakı digər ölkələrdə daşınmaz əmlaklar və şirkətlər də daxil olmaqla böyük sərvət yığıb.

Talıbov 1995-ci ilin dekabrında Azərbaycanın o dövrdəki prezidenti Heydər Əliyev tərəfindən vəzifəyə təyin edilib. Talıbovun Əliyevlər ailəsi ilə nikah qohumluğu var. Lakin ötən il hazırda Heydər Əliyevin oğlu İlham Əliyevin rəhbərlik etdiyi hökumət Talıbovun administrasiyasına təzyiq göstərməyə başlayıb. Dekabrın 21-də isə Talıbov gözlənilməz şəkildə istefa verib.

OCCRP-nin 2022-ci ildə yayımladığı araşdırmada göstərilir ki, Rza və Seymur Talıbov “Credit Suisse” və başqa banklar vasitəsilə şübhəli pul köçürmələri həyata keçirərək, 20 milyon dollardan çox pul alıblar. Həmçinin Dubay və Gürcüstanda 63 milyon dollar dəyərində daşınmaz əmlaka da sahibləniblər.

Prezident Əliyev Talıbova qarşı repressiyaların səbəbini açıqlamayıb. Lakin görüş zamanı Naxçıvanın yeni başçısı Fuad Nəcəfliyə “korrupsiyaya qarşı mübarizə” aparılmasını tapşırıb. Talıbovun administrasiyasındakı yüksək vəzifəli şəxslər, o cümlədən Muxtar Respublikanın prokurorunun müavini vəzifəsində çalışmış qardaşı Məhərrəm Talıbov öz vəzifəsini itirib

Talıbovlar ailəsinin üzvləri Muxtar Respublikada yerləşən “Naxçıvan Bank”ın 100 faiz səhminin sahibi olub. Lakin, bankın son illik hesabatından görünür ki, Bakıdakı mərkəzi hökumətin təzyiqi altında olan ailə fevralın 1-də öz səhmlərini satıb.

Rza və Seymur bu yaxınlarda ən azı 39 milyon dollar dəyərində olan Dubaydakı altı mülkün mülkiyyət hüququnu başqasına transfer ediblər. Həmçinin Rzanın Gürcüstanda beşulduzlu otelinin də sahibi dəyişib.

“Ümumən bütün bunlar göstərir ki, Vasif Talıbovun necə ki, siyasi hakimiyyəti sona yetib, indi onun nəzarətində olan iqtisadi varidatın da ətrafında probləmlər var”,- deyə antikorrupsiya sahəsində çalışan “Açıq Azərbaycan” adlı təşəbbüs qrupunun həmtəsisçisi Zöhrab İsmayıl qeyd edib.

“Ona görə də onlar hansısa formada bu vəziyyətdən çıxmaq istəyirlər”, – Zohrab İsmayıl deyib. 

Seymur və Rza Talıbov OCCRP-nin şərh istəklərinə cavab verməyib.

Hətta atasının Naxçıvandakı hakimiyyəti süquta uğradıqda belə Rza Talıbov Dövlət Miqrasiya Xidmətinin Bakıda yerləşən Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi vəzifəsində çalışmağa davam edir. Seymur Talıbov isə ən azı 2025-ci ildə keçiriləcək növbəti seçkilərə qədər Naxçıvan parlamentinin deputatı olaraq qalacaq.

Z. İsmayılın fikrincə, ehtimal ki, bu rəsmi vəzifələrə nəzarətin artırılması Talıbov qardaşlarının mülklərinin transferi üçün onları təzyiq altında saxlamaqdır.

Dubaydakı Mülklər

Qeyri-kommersiya araşdırma təşkilatı olan “C4ADS” tərəfindən mülklərlə bağlı əldə edilmiş məlumatlara əsasən, Dubayda hündürmərtəbəli bina olan “The Class Hotel Apartment”in sahibi Seymur Talıbov olub. Jurnalistlərin əldə etdiyi sənədlərdə hazırda mülkiyyət hüququnun ən azı kağız üzərində Fatih Aydın adlı Türkiyə vətəndaşına məxsus olduğu görünür.

Aydın Talıbovlar ailəsi ili əlaqəli olan “Reges Turizm İnşaat Sanayi ve Ticaret A.Ş.” adlı Türkiyə şirkətinin rəhbəridir.

Ötən il Aydın həmçinin digər türk şirkəti “Opera Otel Yatırımları A.Ş.”-nin idarə heyətinin sədr müavini vəzifəsinə də təyin olub. Sənədlər göstərir ki, həmin günə qədər şirkətin sədri DTX-in sədri Əli Nağıyevin oğlu İlham Nağıyev olub və o, vəzifəsini tərk edib. 2017-ci ilin sənədlərinə əsasən, şirkətin səhmləri İlham və onun qardaşı İlqar Nağıyevə məxsus olub.

Daha öncələr isə şirkətin sahiblərindən biri Əli Nağıyevin qardaşı Vəli Nağıyev olub. O, Rza Talıbov ilə birlikdə miqrasiya xidmətində yüksək vəzifədə çalışır.

Aydın vəkili vasitəsilə Talibovu şəxsən tanıyıb-tanımaması və Seymurun Dubaydakı mülkünü necə əldə etməsi ilə bağlı suallara cavab verməkdən imtina etdiyini bildirib.

Vəkil email vasitəsilə bildirib: 

“Nə Fatih bəy, nə biz, nə də Fatih bəyin ortağı olduğu şirkətlər, biznes münasibətləri və ya şəxsi həyatları ilə bağlı hər hansı detalları sizinlə bölüşməyə borclu deyil”.

Jurnalistlərin əldə etdiyi sənədlər göstərir ki, Seymur Talıbov Dubaydakı digər bir mənzilini başqa bir şirkətə köçürüb. Dubayın Əmlak Reyestri ictimaiyyətə açıq deyil və əlavə detallar verilmir.

Onun qardaşı Rza da Dubayda 3 mülkə sahib olub və indi həmin mülklər əl dəyişərək başqa bir şirkətə keçib. Rza Gürcüstanın Qara dəniz sahilində yerləşən kurort şəhəri Batumidə beşulduzlu otelin mülkiyyətini də transfer edib.

Qara dənizdə otel

Rza Talıbov dekabrda atasının Naxçıvandakı administrasiyası təzyiq altında ikən “Divan Suites Batumi” otelini 18 milyon dollara satışa çıxardığını elan edib. Rza alqı-satqını həyata keçirməsi üçün Zamin Qədimov adlı Azərbaycan vətəndaşına etibarnamə verib. Bu, Gürcüstanın əmlak reyestrində olan sənədlərdə üzə çıxıb.

“Divan Suites Batumi” oteli Mənbə: odamax.com

Qədimovun “LinkedIn” profilindən görünür ki, o, Azərbaycanın “Gəmiqaya Turizm MMC” şirkətinin baş direktoru olub. OCCRP daha öncəki araşdırmasında bu şirkətin Talıbovlar ailəsinin nəzarətində olan “Gəmiqaya” şirkətlər qrupunun bir hissəsi olduğunu qeyd edib.

Qədimov həmçinin yanvarda Aydın vəzifəyə gələnə qədər Talıbova bağlı Türkiyənin “Reges Turizm İnşaat” şirkətinin sədri vəzifəsində çalışıb.

Qədimov OCCRP-yə bildirib: 

“Qeyd edim ki, daha əvvəl adı çəkilən şəxslərin şirkətlərində rəhbər vəzifədə işlədiyim doğrudur. Təbii olaraq, “Karvan Turizm”in satışında iştirak etməyimin səbəbi də budur”.

Qədimovun sosial şəbəkədəki paylaşımlarından görünür ki, o, yanvarın 11-də Gürcüstana səyahət edib. Elə həmin gün sənədlər göstərir ki, “Karvan Turizm” şirkətini Levent Abi adlı Türkiyə vətəndaşına satıb. Sənədlərdən onun 8,5 milyon dollar ödədiyi görünür. Bu, külli miqdarda pul deməkdir, lakin bu məbləğ yenə də otelin reklam olunan qiymətindən təxminən 10 milyon dollar azdır.

Abi razılaşma barədə şərh verməkdən imtina edib.

Satışdan 3 ay sonra Qədimov Gürcüstana geri dönüb və sənədlərdən görünür ki, İlham Mirzəliyevə məxsus olan “B-Pearl Tourism” MMC şirkətini satın alıb. Mirzəliyevin sosial şəbəkələrdəki paylaşımlarından görünür ki, o, “Divan Suites Batumi” otelində müvəqqəti menecer və marketinq gəlirləri üzrə rəhbər şəxs vəzifələrində çalışıb.

“B-Pearl”-i satın aldıqdan iki gün sonra Qədimov bu şirkətdən istifadə edərək “Divan Suites”in daxilində olduğu “Karvan Turizm” şirkətini Abidən yenidən satın alıb.

Qədimov Rzaya məxsus oteli məhz Abinin ödədiyi məbləği, 8,5 milyon dollar ödəyərək alıb.

Qədimov həmin pulu Talıbovlardan aldığını təkzib edərək, oteli almaq üçün Azərbaycan bankından kredit götürdüyünü bildirib.

“Hazırda mənim bu adıçəkilən şəxslərlə heç bir biznes əlaqəm yoxdur”, – Qədimov bildirib.

Müəllif: Aydan Yusif (iFact), Fatimə Kərimova (Mikroskop Media), Kelly Bloss (OCCRP)

Ana səhifəAraşdırmaVasif Talıbov vəzifədən ayrıldıqdan sonra ailə mülkləri əl dəyişdirib