Vaqonlarla iç-içə həyat

“Qatar gedir bu yoldan. Səhərə qədər taqqataq, taqqataq...İş yeridir, nə deyəsən ki?! Heç nə deyə bilmirsən. Deyəndə də, deyir ki, hökumətiniz var, gedin şikayət eləyin gəlsin sizə bir yol qoysun, biz kimik?!”- Ruqiyyə Baxşəliyeva deyir.

Bura həm qatarların, həm də sakinlərin son dayanacaq yeridir. Vaqonlar kimi sakinlər də buradan o tərəfə keçə bilməyiblər. Onlar vaqonlarla iç-içə, ya da qapı-qonşu yaşayırlar. 24 ildir uşaqlarının gülüşü qatarların taqqıltısı ilə qarışıb böyüyür. 40 ailə Biləcəri vaqon təmiri Deposunda səksəkədə yaşayır. “Sumqayıtın sürət qatarı buradan keçir. Qatar işə düşəndə gəlib bizə təlimatlarla qol çəkdirdilər ki, bu ərazidən sürət qatarı keçir, siz imza atın ki, əgər bizim sağlamlığımıza xələl gətirəcək hadisə olarsa, cavabdeh özümüzük” – sakin Elminaz Həsənova iki qatar arasındakı məsafədə yaşayır.

Ruqiyyə Baxşəliyeva gileylənir: “Heç nə yoxdur. Yer betondur, daşdı, qumdur. Yerə palaz da döşəmişəm, amma yenə soyuqdur, dözə bilmirəm. Salafanla tutmuşam ki, içəri siçovullar, kərtənkələlər düşür. Yağış yağanda başıma damır. Üstünə tor çəkdirmişəm, amma yenə də xeyri yoxdur, külək olanda götürüb atır”.

“Hamamım yox, suyum yox, suyu kəsirlər, dəqiqəbaşı işığı kəsirlər, titrədirəm” – Cəvahir Həsənova danışır.

“İşığı birdən söndürürlər. Gedirik müdirin yanına, deyir, bizlik deyil, gedin dövlət orqanlarına müraciət edin, gəlib təşkil etsinlər. Su gəlmir, gedib müdirə deyirik, deyir gedin aidiyyatı orqanlara şikayət edin, gəlib düzəltsinlər, bizlik deyil. Qazımız yox, peçin ümidinəyik, o da işıq sönəndə qalırıq belə, çaysız, çörəksiz”.

Zəngilan rayonundan köçkün olan Ruqiyyə Baxşəliyeva 24 ildir vaqonda yaşayır. Vaqonun künc-bucağını paltarla örtüb ki, evə soyuq keçməsin. Amma gecə sobanı söndürüb yatanda yenə nəfəsi ilə yerini isidir.

“Pis yaşayıram. İçəri soyuqdur, dəmirdir, betondur, yaşaya bilmirəm, xəstə oluram. İşləmirəm, 20 manat çörək puluna baxıram. Ona görə də çətindir”.

Uşaqların oynamağa meydançası yoxdur. Qatar fit verənə qədər reyslərin arasında oynayırlar.

“Məktəbə getmək üçün 1 saat qatar yolun, maşın yolun keçirsən. Qorxa-qorxa gedirik”- 10 yaşlı 5-ci sinif şagirdi Ramazan Məmmədov deyir.

Evlərinə qaz verilmir deyə sakinlər qızınmaq üçün qatar reysindən çıxardıqları taxtaları yandırıb evi isidirlər. Amma bu cür davam etmək istəmirlər. Köçkünlər evlə təmin olub bu yerlərdən getmək istəyirlər.

“Mənim 43 yaşım var. 23 ildir mən gəncliyimi bu dəmir yolunun arasında keçirmişəm. Ancaq mən doğrudan istəmirəm, mənim uşaqlarımın gəncliyi bu ərazidə keçsin, uşaqlarımın ömrünə bu çətin vəziyyətdə yaşamaq düşsün”- Elminaz Həsənova deyir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elçin Qədimov zənglərimizə cavab vermədi. Zəngilan rayon İcra Hakimiyyətindən bildirdilər ki, yaxın gələcəkdə köçkünlər depodan köçürüləcəklər. Amma bu, nə zaman baş verəcək, dəqiq vaxt deyilmədi.

“Dövlət proqramı çərçivəsində bütün məcburi köçkünlər mərhələli şəkildə yeni mənzillərlə təmin olunur. Siz özünüz də buna şahidsiniz ki, Respublikamızda 80-dən yuxarı yeni qəsəbə salınıb və məcburi köçkünlər o qəsəbələrə köçürülüb. Bu proqram çərçivəsində işlər davam etdirilir. Yaşadıqları ərazi köçürüləndə onlar da proqram çərçivəsində mənzillə təmin olunacaqlar”- şöbə müdiri Ceyhun Həsənov bildirib. Burada yaşayanların isə ünvanı yoxdur. Nə mənzil nömrəsi, nə də küçə adı. Vaqonların taqqıltısı ilə həm evləri, həm də səsləri itir. Deyirlər ki, nə vaxtdır itirib-axtaranları da yoxdur. “İcra nümayəndəsi gəlmişdi. Dedim, bala, məni niyə fikirləşmirsən?! Sən Zəngilanda olanda mənim qonağım olmusan. Gəlmisən, oturmusan, yemisən, içmisən indi məni niyə fikirləşmirsən?!”- Cəvahir xanım narazılığını dilə gətirir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/57qrcp

Ən çox baxılan