Nəsib Quliyev: ”Hələ də uşaq əhalisinin 100 faiz kompleks tibbi müayinədən keçirilməsinə nail olunmayıb”
“Əgər uşaq peyvənd olunmursa, o həm özü, həm ətrafdakı uşaqları risk altında qoymuş olur”.
Bunu Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev deyib.
APA-nın məlumatına görə, baş pediatr deyib ki, bəzi ailələrdə uşaqların hüquqları valideynlər tərəfindən pozulur:
“Elə ailələr də var ki, uşaqlar özbaşına böyüyür. Valideynin savadı yoxdur, kiminsə sözü ilə uşağını peyvənd elətdirmir”.
“Uşaqların icbari dispanserizasiyası haqqında” qanunu və Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq təlimatı xatırladan Nəsib Quliyev deyib ki, əgər valideyn uşağını tibbi müayinədən, peyvənd etdirməkdən imtina edərsə, ondan yazılı izahat alınmalıdır.
Baş pediatırn sözlərinə görə, Azərbaycanda hələ də uşaq əhalisinin 100 faiz kompleks tibbi müayinədən keçirilməsinə nail olunmayıb: “2015-ci ildə Azərbaycanda uşaq əhalisinin 92%-i, 2016-cı ildə isə uşaq əhalisinin 90-91%-i icbari dispanserizasiyadan keçib”.
Uşaqların sayına gəlincə, N.Quliyev deyib ki, ölkədə (0-18 yaş) 2 milyon 800 mindən artıq körpə var:
“Gələcəkdə uşaq əhalisinin sayı 3 milyona yaxınlaşacaq”.
Baş pediatrın sözlərinə görə, qanunvericiliyə əsasən körpə doğulandan sonra ayda 3 dəfə, uşaqların 1 yaşı tamam olduqdan sonra ayda 1 dəfə, 2 yaşa qədər uşaqlar hər rübdə 1 dəfə, 3 yaşından sonra isə uşaqların ildə ən azı 1 dəfə kompleks tibbi müayinəsi dövlət vəsaiti hesabına aparılır.