””Vahidbank”ın əmanətçilərinin gününə düşməkdən qorxuruq”

“Bank Standard”-ın əmanətçiləri pullarını hələ geri ala bilməyiblər

Source:



“Bank Standard”-ın əmanətçiləri pullarını hələ geri ala bilməyiblər

“Mərkəzdəki bina evimi satıb kənarda həyət evi aldım. Qalan pulu da oğlumun adına əmanət kimi “Bank Standard”a  qoydum. Bank iflas edəndən sonra bizə dedilər ki, pullarımızı geri almaq üçün növbəyə yazılmalıyıq. İlk növbədə, ödəniş az məbləğdə əmanəti olanlara ediləcək. Ərizəmizi yazıb, növbəyə durduq. Hələ ki gözləyirik. Bir tərəfdən də “Vahidbank”ın əmanətçilərinin gününə düşməkdən qorxuruq. Görək axırımız necə olacaq”, – deyir, Bakı şəhər sakini Əminə Salmanova.

Növbə var…

Ə.Salmanovanın əmanəti manatladır. Deyir, əmanətin vaxtı noyabrın axırı tamam olacaq, həmin vaxt da götürüb dollara çevirəcəkdi. Amma alınmadı: “Əslində mənim əmanətim də çox deyil. İlk mərhələyə düşənlərdənəm. Sadəcə, növbə çoxdur deyə “gözləyin” deyiblər. İndi sığorta əmanəti qaytarana kimi manat daha çox dəyərdən düşməsə yaxşıdır”.

İlk mərhələyə az məbləğdə olan əmanətlər salınıb

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının qərarına əsasən, lisenziyası ləğv edilmiş “Bank Standard” Kommersiya Bankında qorunan əmanətlər üzrə kompensasiyaların ödənişinə 11 oktyabr 2016-cı ildən etibarən başlanıb. Əmanətlərin Sığortalanması Fondu ilkin mərhələdə 20 min ABŞ dolları məbləğinə qədər olan əmanətlər üzrə kompensasiyaları ödəyəcək.

Daha iri məbləğdə qorunan əmanətlər üzrə kompensasiyaların ödənişinə başlanmayıb

Qorunan əmanətlər öz valyutasında ödəniləcək. Bir əmanətçinin bir neçə valyutada əmanəti olduqda kompensasiyalar “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq toplanılır və sığorta hadisəsi baş verən günü (04 oktyabr 2016-cı il) rəsmi məzənnəyə müvafiq olaraq manatla ödənilir.

İri məbləğdə qorunan əmanətlər üzrə kompensasiyaların ödənişinə isə yaxın günlərdə başlanılacaq və bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası və Əmanətlərin Sığortalanması Fondu ictimaiyyəti əlavə məlumatlandıracaq. Kompensasiyaların ödənişi “Bank Standard” KB-nin baş ofisi daxil olmaqla Bakı şəhəri və regionlarda yerləşən 14 filialında həyata keçiriləcək.

“Bank Standard” KB-də qorunan əmanətlərin hamısı Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödəniləcək. Əmanətlərin Sığortalanması Fondu təkcə “Bank Standart”ın əmanətçilərinə yox, hər gün müflis olmuş bir neçə bankın müştərilərinə kompensasiyalar ödəyir. Bununla bağlı Fondun saytında hər gün məlumat qoyulur.

Fond əmanətçilərə qaytardığı vəsaiti hardan alır?

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyir ki, Əmanətərin Sığortalanması Fondunun vəsaiti bankların ödədiyi haqlardan ibarətdir. Belə ki, əsasən rübdə bir dəfə Fonda əmanətlərin 0,125 faizi miqdarında haqq ödəyirlər:

“Ötən illər ərzində bu haqların hesabına Fonda xeyli vəsait yığılmışdı. Fond bağlanan bankların (o cümlədən bu ilin əvvəlində) əmanətçilərinə kompensasiyanı bunun hesabına ödəyirdi. Amma bu ilin əvvəlində “Texnikabank” bağlananda Fondun pulu tükəndi. Buna görə də kompensasiyanı ödəmək üçün Mərkəzi Bankdan kredit aldı”.

Fond kompensasiyanı kredit hesabına ödəyir

Əkrəm Həsənov deyir ki, iyulda daha 4 bank, nəhayət, bir az əvvəl “Bank Standard” da bağlananda Fond yenə Mərkəzi Bankdan kredit almalı oldu:

“Yəni, Fond artıq xeyli vaxtdır ki, kompensasiyanı kredit hesabına ödəyir. Bu müddət ərzində təbii, yenə də banklardan haqlar yığır, amma bu, çox cüzi məbləğdir (həmçinin ona görə ki, əmanətlərin həcmi kəskin azalıb).

Düzdür, Fondun hazırda digər mühüm gəlir mənbəyi də var: ləğv edilən banklardan mədaxillər. Məsələ burasındadır ki, ləğv edilən banklar müflis elan olunub. Yəni borcları əmlaklarından azdır. Müflis bankın borcları üzrə qanuna əsasən növbəlilik qaydası mövcuddur. Və bu növbədə Fond birincidir. Yəni, müflis bankın satılan əmlakı və qaytarılan kreditləri hesabına, ilk növbədə, Fondun həmin bankın əmanətçilərinə ödədiyi kompensasiya qaytarılmalıdır. Güman edirəm ki, müflis bankların əksəriyyətinin əmlakı Fondun pulunu qaytarmağa çatacaq (amma digər kreditorlara, o cümlədən sığortalanmamış əmanətçilərə, bir qayda olaraq, heç nə qalmayacaq). Əsas problem “Texnikabank” və “Bank Standard”dadır. Məlum olduğu kimi, ən iri sığortalanmış əmanət həcmi bu iki bankdadır. Əmlakları isə azdır, kreditlərinin çoxu batıb, qayıtmayacaq, çünki əsasən elə bank sahibləri və rəhbərləri viran qoyub həmin bankları. Bu isə o deməkdir ki, Fond bu banklardan kompensasiyaya xərclədiyi vəsaitin xeyli hissəsini qaytara bilməyəcək və Mərkəzi Bankın kreditini qaytarmaqda çətinlik çəkəcək.

Fond müflis olsa, sığortalanmış əmanətlər batacaq

Əkrəm Həsənovun sözlərinə görə, nəzərə alsaq ki, digər bankların da ləğvi gündəmdədir, Fondun perspektivləri yaxşı görünmür: “Onu da deyim ki, Mərkəzi Bank da Fonda kredit verməyə məcbur deyil, imtina edə də bilər. Bankların ləğvi kəskin davam etsə, bu ehtimal ciddidir. Çünki Mərkəzi Bankın da ehtiyatları sonsuz deyil. Bu halda Fond özü də müflis elan olunacaq və əmanətlər üzrə kompensasiyanın ödənilməsi dayandırılacaq. Qanuna əsasən dövlət və Mərkəzi Bank Fondun öhdəliklərinə görə cavabdeh deyil. Yəni Fond müflis olsa, sığortalanmış əmanətlər də sadəcə batacaq”.

Ana səhifəXəbərlər””Vahidbank”ın əmanətçilərinin gününə düşməkdən qorxuruq”