Qubad İbadoğlu: “Bu proses davamlı xarakter alarsa, növbəti mərhələdə bəzi idxal mallarının satışı dayana, qıtlıq baş verə bilər”
Əvvəlcə siqaretin qiyməti qalxdı, sonra ərzaq məhsullarının. Sentyabrın 5-dən isə ərzaq məhsullarının topdansatışı dayandırıldı. İqtisadçılar bunu qarşıdan gələn bahalaşma ilə əlaqələndirirlər.
Son günlər mətbuatın gündəmini bankların dollar satışını dayandırması, növbəti devalvasiya olacağı xəbərləri tutub. Ekspertlərin fikrincə, manat dollar qarşısında növbəti dəfə dəyərdən düşərsə, ərzaq məhsullarının qiyməti qalxacaq. Bahalaşma qaçılmaz olacaq.
Təxminən neçə faiz bahalaşma gözlənir?
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov Meydan TV-yə bildirib ki, indidən bahalaşmanın nə qədər olacağını proqnozlaşdırmaq çətindir:
“Bu, manatın dollar qarşısında neçə faiz dəyər itirməsindən asılıdır. Manat dollar qarşısında nə qədər çox dəyər itirsə, bahalaşma faizi də bir o qədər çox olacaq. Təəssüflər olsun ki, artıq qiymət artımı başlayıb”.
“Ölkədə qiymət artımı qaçılmaz olacaq”
Vahid Məhərrəmov artıq bir sıra kənd təsərrüfatı məhsullarının qiymətində artımın olduğunu müşahidə edib. Deyir, ən pisi də odur ki, artım tempi dayanmayacaq:
“Azərbaycanda kifayət qədər məhsul istehsal olunmadığından payıza, qışa ərzaq ehtiyatı yoxdur. Əslində istehsal olunan məhsulların bir hissəsi bazara çıxarılmalı, bir hissəsi ehtiyat saxlanmalı idi. Xüsusən də ölkənin düşdüyü belə bir zamanda. Bütün bunların heç biri olmadı. Nəticədə manat dəyərdən düşərsə, idxaldan asılı bir dövlət kimi qiymət artımı da qaçılmaz olacaq”.
Meydan TV əməkdaşı bu gün marketdə süd, yağ, şəkər, yumurta və suların qiymətinin artdığını müşahidə edib. Market işçiləri həm yerli, həm də xarici məhsulların qiymətlərində artım olduğunu təsdiqləyiblər.
Qubad İbadoğlu: “İdxal malların satışı dayana, qıtlıq yarana bilər”
İqtisadçı Qubad İbadoğlu da deyir ki, qara valyuta bazarının sürətlə formalaşması, məzənnələr arasında fərqin bu bazarın xeyrinə dəyişməsi, valyuta ilə bank əməliyyatlarının məhdudlaşdırılması, valyuta hesablaşmalarının limitləşdirilməsi ticarət və xidmət, xüsusilə də turzim bölməsinə mənfi təsir edəcək:
“Bu proses davamlı xarakter alarsa, növbəti mərhələdə bəzi idxal mallarının satışı dayana, qıtlıq baş verə bilər. Bundan əlavə, istehlak bazarına xaricdən gətirilən əmtəələrin qiymətləri kəskin bahalaşar”.
Azərsun Holdinq: “5-6 faizlik bahalaşma olub”
“Azərsun Holdinq”in ictimaiyyətlə əlaqələr departamentnin rəhbəri Afiq Səfərov fins.az-a 5-6 faizlik bahalaşma olduğunu deyib:
“Bu da xammalın maya dəyərinin artması ilə bağlıdır”.
“Gündəlik tələbat mallarının 50 faizi idxal olunur”
Vahid Məhərrəmov bahalaşmanın səbəblərindən də danışdı. Deyir, ən böyük səbəb Azərbaycanın kənd təsərrüfatı mallarına olan ehtiyacını ödəyə bilməməsidir:
“Gündəlik tələbat mallarının 50 faizi idxal olunur. İdxal olunduğu üçün də qiymətlər dollarla tənzimlənir. Manatın dəyərdən düşməsi həm ölkəyə idxal olunan, həm də yerli istehsal kənd təsərrüfatı məhsullarının, ərzaq mallarının qiymətinin artmasına səbəb olacaq. Bu proses qaçılmazdır”.