İntizam Komissiyası deputatın fikirlərini qəbuledilməz sayır
Aprelin 28-də Milli Məclisin İntizam Komissiyası Daxili Nizamnamənin 45-ci maddəsinin birinci bəndinə əsasən, deputat Vahid Əhmədova töhmət verib.
Bu barədə Milli Məclisdən APA-ya məlumat verilib.
İntizam Komissiyasının sədri Eldar İbrahimov spiker Sahibə Qafarovanın müraciəti əsasında iclasın çağırıldığını söyləyib.
Eldar İbrahimov Vahid Əhmədovun son müsahibəsində səsləndirdiyi fikirlərlə bağlı deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qoşulmama Hərəkatı kimi nüfuzlu bir beynəlxalq təşkilata sədrlik edir:
“Belə bir ölkənin parlamenti haqqında Vahid Əhmədov kimi təcrübəli bir deputatın həmin müsahibədə səsləndirdiyi fikirlər qəbuledilməzdir”.
Komissiya üzvləri Nizami Səfərov, Səttar Möhbalıyev, Nəsib Məhəməliyev, Məşhur Məmmədov, Afət Həsənova, Madər Musayev və komissiyanın katibi Nurlan Həsənov qanunvericiliyə əsasən, deputatın müsahibə vermək hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyünü bildiriblər.
“Lakin deputat verdiyi müsahibədə Milli Məclis deputatının etik davranış qaydalarına uyğun olmayan fikirlər söyləməməlidir. Deputat öz imicindən daha çox xalqın və dövlətin mənafeyini düşünməli, nəzərə almalıdır ki, deyilən fikirlər ölkəmizə düşmən münasibət bəsləyən qüvvələr tərəfindən bizim əleyhimizə istifadə oluna bilər”, – deyə onlar qeyd ediblər.
Meydan TV deputat Vahid Əhmədovla əlaqə saxlamağa cəhd etsə də, o, zənglərə cavab verməyib.
Deputat Vahid Əhmədov aprelin 16-da verdiyi müsahibədə bəzi deputatların bizneslə məşğul olmaması barədə fikirlər səsləndirib.
Bundan başqa, deputat həmkarlarının düzgün seçilib-seçilməmələri və başqa məsələlərlə bağlı fikirlərini də dilə gətirib.
O həmçinin müxalifət partiyalarının seçkiyə buraxılacağı təqdirdə səs toplaya biləcəklərini də qeyd edib.