Noyabrın 14-də vəkil Zibeydə Sadıqova sosial media hesabında paylaşım edərək Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəşin əməliyyatdan qısa müddət sonra 1 saylı Bakı İstintaq Təcridxanasına qaytarılacağını bildirib.
Aynur Elgünəş noyabrın 12-də təcridxanadan Mərkəzi Gömrük Hospitalına köçürülüb və ertəsi gün cərrahi əməliyyat keçirib. Onun böyrəyində 18 mm-lik daş aşkarlanmışdı və o, kəskin böyrək ağrılarından əziyyət çəkirdi.
Zibeydə Sadıqova Meydan TV-yə bildirib ki, Aynur Elgünəşin bir müddət daimi həkim nəzarətində qalmasına ehtiyac var. Onun sözlərinə görə, əməliyyat çox ağır keçib və həkimlər əməliyyatı həyata keçirməkdə tərəddüd ediblər.
“Təsəvvür edin ki, bu əməliyyat nə qədər ağır olub. Biz istəyirik ki, Aynur orada müalicəsini lazımi qədər alsın. Onun əlilliyi var və əməliyyatdan sonra bərpa olması günlər alacaq. Aynurun baxıma ehtiyacı var. Ancaq Penitensiar Xidmət deyir ki, bir gün qalsın, biz onu Kürdəxanıya qaytaracağıq. Nə var, nə var konvoy orada post qurub”, – Zibeydə Sadıqova deyir.
Vəkilin sözlərinə görə, noyabrın 15-də Aynur Elgünəşin 1 saylı Bakı İstintaq Təcridxanasına qaytarılacağı gözlənilir.
Aynur Elgünəşin həm ginekoloji, həm də onkoloji problemlərinin olduğunu bildirən vəkil onun qan təzyiqindən də əziyyət çəkdiyini deyib:
“Döşündə şiş var, qadın orqanında şiş var, ayağında qançırlar var, damarları partlayıb, böyrəyindən əməliyyat olunub. Onu necə həbsə qaytarmaq olar? Orada kim baxacaq? Təzyiqi də tez-tez oynayır. Aynur ayaqyoluna təkbaşına gedə bilmir. Neçə dəfə yıxılıb, çox təhlükəli vəziyyət yaranıb”.
Aynur Elgünəşin əməliyyatından sonra yaranmış vəziyyət həbs olunan və ya saxlanılan şəxsin xüsusi müayinə, müalicə və cərrahi əməliyyata ehtiyacı olduqda hansı hüquqlara malik olması ilə bağlı suallar doğurur.
Hüquqşünas Yalçın İmanov Meydan TV-yə bildirib ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi haqqında Əsasnamədə bu məsələ ilə bağlı ayrıca müddəa var:
“Həmin Əsasnamənin 7.3-cü bəndinə əsasən, nazirliyin penitensiar müəssisələrində saxlanılan məhkumların və təqsirləndirilən şəxslərin sağlamlığının mühafizəsi istiqamətində kompleks, profilaktika, müayinə, müalicə, maarifləndirmə, bərpa-sağlamlaşdırıcı və digər tibbi tədbirləri həyata keçirmək Tibb Baş İdarəsinin vəzifələri sırasına daxildir”.
Hüquqşünasın sözlərinə görə, məhkumun və ya saxlanılan şəxsin sağlamlıq vəziyyətindən asılı olaraq onun müalicəsi həmin şəxsin özünün seçdiyi tibb müəssisəsində həyata keçirilir.
“Bu halda tibbi müayinənin xərcləri tutulmuş və ya həbs edilmiş şəxsin öz vəsaiti hesabına ödənilir. Həmin tibb müəssisəsində müayinə və müalicə zamanı tutulmuş və ya həbs edilmiş şəxslə bağlı təhlükəsizlik tədbirləri qanunvericiliklə müəyyən olunmuş qaydada təmin olunur. Xəstənin vəziyyəti yaxşılaşdıqda aidiyyəti tibb müəssisəsinə və ya həbs yerinə geri köçürülür”, – Yalçın İmanov deyir.
O bildirib ki, tutulmuş və ya həbs edilmiş şəxs köçürülərkən “müalicə aparan həkimin rəyi, tibbi müayinə nəticələri, xəstəliyin dinamikası və şəxsin əvvəlki saxlanma yerində müalicəsinin davam etdirilməsinin mümkünlüyü” nəzərə alınmalıdır.
Aynur Elgünəş Meydan TV-yə qarşı açılmış cinayət işi çərçivəsində 2024-cü il dekabrın 6-da bir qrup jurnalistlə birgə həbs olunub. Onlara qarşı qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmə ittihamı irəli sürülüb. Jurnalistlər bu ittihamları rədd edir, günahsız olduqlarını bildirirlər.
“Meydan TV” işi çərçivəsində 12 nəfər həbs olunub və hazırda bu iş üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.