Söz yarışmasında vəziyyət bərabərdir, torpaqlara nəzarət isə balansı Nikolun xeyrinə dəyişir
Cəbhədə qulluq edən zabitin evini sökürdülər. Onun hamilə qadınını sürüyüb çölə atdılar. Zabitin qadınına toxunmaq haqqını polisə vermişdilər. Onun evini niyəmi sökürdülər? Bayraq meydanı tikmək üçün. İlham Əliyevin vətənpərvərlik anlayışı bundan artıq necə ola bilərdi ki? Azərbaycanın bayrağı onun bütün ərazilərində şərəflə dalğalansın deyə canını heçə sayan zabitin evini söküb, uşaqlarını çölə tökən “vətənpərvərlik”. Biz dünyanın ən uzun bayrağını bir neçə ay dalğalandırdıq. O zabitin uşaqlarından da ailəsindən də xəbərimiz olmadı. İlham Əliyev isə cəmisi bir neçə aydan sonra bildi ki, ondan da “vətənpərvər”i varmış. Hansısa bir dahi rəhbərin dirəyi bir-iki metr bizimkinin dirəyindən uzun imiş. Daha sonra korrupsiya və buraya yazmağı özümə sığışdırmadığım mövzular çıxdı o bayraq meydanı ilə bağlı, bayraq meydanının rəhbərinə dair. Bu mövzuya niyə girdim? İlham Əliyev bu yaxınlarda daha bir şərti işarəli uzunluq yarışına girib.
Nöqtəyə qarşı nida!
İlham Əliyev BMT-yə gedib Azərbaycan həqiqətlərini müdafiə etməkdən imtina etdi. Bunu rəsmən etməsə də, əməlləri belə deməyə əsas verdi. “Valday” klubunun tədbirinə qatıldı və Paşinyanın “Qarabağ Ermənistanındır, nöqtə” bəyanatına “Qarabağ Azərbaycanındır və Nida işarəsi” deyə cavab verdi. Bu cavab Azərbaycan ictimaiyyətinin böyük kəsimini qane etmədi. Niyə? Birincisi ona görə ki, Azərbaycanın durğuya deyil, vurğuya ehtiyacı var. Özü də sərt bir vurğuya. Bu vurğu isə ciddi siyasi qərarlardan keçir. Hansı Azərbaycan vətəndaşı hiss edir ki, İlham Əliyev işğal altındakı torpaqları geri almaq istəyir? Bunu düşünən, hiss edən on min azərbaycanlı olsa, çıxar meydana, İlham Əliyevi müdafiə edər. Ancaq Paşinyana cavab verdiyini nümayiş etdirmək üçün ən istedadsız ədəbi linqivistik tullanışı seçmək siyasi intihar deməkdir. Çünki biz torpaqlarımızı almaq barəsində deyil, Paşinyana onun açdığı qafiyə ilə cavab vermək barədə düşünürük. Özü də dövlət başçısı səviyyəsində. Paşinyan bu məsələdə heç nə itirmir. Çünki, birincisi, torpaqlara Ermənistan nəzarət edir. İkincisi, onun bəyanatı öz ölkəsinin ictimai rəyində istədiyi yerə çatıb. Üçüncüsü, onun nə danışdığı artıq önəmsizdir, çünki rəqib ona onun öz ritorikasında cavab verib. Yəni söz yarışmasında vəziyyət bərabərdir, torpaqlara nəzarət isə balansı Nikolun xeyrinə dəyişir. Əliyev ona desəydi ki, sən özün üçün danış, gör nöqtəni kim, özü də hara qoyacaq və hərbi təlimlər barədə göstəriş versəydi, o zaman Nikol qorxuya düşmək üçün əsasları bir-birindən ayırd edə bilməyəcəkdi. İlham Əliyev bunu niyə eymədi? Çünki ona torpaqları geri almaq maraqlı deyil. Maraqlı olan odur ki, desinlər “Paşinyana cavab verdi”. Verdimi? Vermədi. Çünki işğalçıya yeganə cavab onu aldığından məhrum etməkdir. Bunu etmədikcə, biz cavab vermiş sayıla bilmərik. Baxmayaraq ki, onun uzunluq ölçüsü olmayan durğusunun qarşısına ən uzun durğuyla çıxmışıq. Diplomatiyamız bir beş il də bu “Nida işarəsi”nın kölgəsində gününü keçirəcək.
Dilin qısa olması sindiromu…
Uzun bayraqların, uzun “Nida”ların siyasətdə işə yaraması üçün siyasətçinin dili uzun olmalıdır. Dil uzunluğu rəqibləri, azad insanları, ticarət və sənaye təşəbbüskarlarını məhv edib, özünə tabe etdirmək, ya da əzmək üçün hər vasitəyə əl atmaq olsaydı, İlham Əliyevin vəziyyəti elə də pis olmazdı. Ancaq siyasətdə dilin uzanması üçün xalq səninlə ağız-ağıza verməlidir. Çiyin-çiyinə durmalıdır. Ən uzun dirəyin başında bayrağı yelləndirmək üçün bayraq yolunda canını verənin evini başına uçurmamalısan. Bir ölkənin vətəndaşı onun yeriyən bayrağıdır. İlham Əliyev o uzun nidanın və bayrağın arxasında gizlənmək zərurətini haradan hiss edib? Vətəndaşla düz dolanmadığından. Vətəndaşın yanında dil qısa olanda köməyə uzun dirəklər də gəlmir. Dünyanın qarşısında nida ilə tək qalırsan. Hiss-həyəcan bildirən durğu işarəsi ilə. Vəziyyətə tam uyğundur.