Uşaqlarda köp

Köp olan körpələrdə tez-tez gəyirmlər və bağırsaq qazlarının xaricolması müşahidə olunur…

Source:


Nə vaxt həkimə getməli?

Az qala bütün valideyinlər üçün kabusa çevrilən ve onları, uşaq doğulduqdan sonra yuxu yatmağa həsrət qoyan problem barədə yəni “yenidoğulmuşlarda köp” barədə danışmaq istəyirəm.

Köp, körpə həyatının ilk 3 ayinda qarın sancılarına, rahatsızlığa, körpənin  çığıraraq ağlamasına səbəb  ola bilən problemdir. Köp zamanı körpənin  ayaqları qarnına yığılmış, qarnı gərgin , sifətində “əziyyət cəkmə” ifadəsi və bağırsaq qazlarının xaric olmasi müşahidə oluna bilər.

Bəzi uşaqların bağırsağında digərlərinə nisbətən niyə çoxlu qaz əmələ gəlməsi və onların daha həssas reaksiya verməsi səbəbləri hələ də məlum deyil.

Köp, bütün sağlam  yenidoğulmuşların 25-50 % də rast gəlinən bir problemdir. Bu problem  zamanı çox zaman valideyinlər özlərini gərgin və günahkar hiss edirlər. Belə neqativ atmosfer körpəyə də təsir edir və körpə üçün əlavə gərginlik mənbəyinə çevrilir.

Araşdırmalara görə aşagı çəki ilə doğulan  uşaqlarda, ailənin ilk oğlan doğulan uşağında, habelə vaxtından əvvəl doğulan uşaqlarda  köp olma ehtimalı daha yüksəkdir. Bundan əlavə, nikotindən aslı olan (siqaret çəkən) qadınların uşaqlarında digərləri ile müqayisədə köpə iki dəfə daha çox rast gəlinir.

Həmçinin, ananın emosianal statusu da ehtimal olunan səbəblər arasındadır. Səbirsiz və emosional anaların körpələri köpə daha çox meyilli olur.


Köpün yaranma səbəbləri.

Bu şikayətin yaranma səbəblərini tam olaraq izah etmək mümkün olmasa da, bir sıra izahlar mövcuddur.

1. Maddələr mübadiləsinin südəmər körpələrdə böyüklərə nisbətən fərqli olması.

2. Sürətli böyümə. İlk altı ayda doğulduğu çəkinin iki qatına, bir yaşında isə , doğulduğu cəkinin 3 qatına çatması və belə sürətli inkişaf səbəbindən ayrı-ayrı orqan funksiyalarının qismən yetərsiz qalması.

3. Yeni doğulmuş körpədə bir sıra qida enzimlərinin (qida enzimləri -qida maddələrinin parçalanıb həzm olunması üçün lazım olan maddələr) məsələn, ağızsuyu ve mədəaltı vəzi (pankreas) amilazasının,bundan başqa südşəkərini (laktosa) parçalayan enzimlərin öz funksiyalarında hələ yetərsiz olması.

4. İnkişaf etməkdə olan bağırsaq florası.

5. Süni qidalanmada olan uşaqlarda inək südü əsaslı bəzi qidaların qaz əmələ gətirə bilməsi.

6. Qidalarını şüşə vasitəsilə qəbul edən uşaqlarda əmzik dəliyinin həddindən artıq böyük və ya həddindən artıq kiçik olması, əmziyi əmmə sırasında körpənin çox miqdarda hava udmasına səbəb ola bilir, (bəzən əmziyin dəyişdirilməsi işə yarayır).

7. Körpənin yetəri qədər qidalanmaması, bu zaman körpə doymadığı üçün çox ağlayır və bunun nəticəsi olaraq cox miqdarda hava udur.

8. Aliəyə və çevrəyə bağlı bir sıra neqativ faktorlar. Məsələn, valideyinlər arasındaki gərgin münasibətlər, ananın doğuşdan sonrakı depressiyasi, sosial rifahin aşagı olması və bunun nəticəsində valideyinlərin neqativ yüklənməsi , təcrübəsizlik , ananın körpəyə vaxt ayırmaması, ana ve körpə münasibətlərinin düzgün qurulmaması ve s.

9. Yenidoğulmuşun hərəkətsiz olması. Körpə hərəkət etmədiyi üçün və ya çox az hərəkət etdiyi üçün əmələ gələn qazlar  hərəkətsiz körpə orqanizində yığılıb qalır.

10. Hamiləlik vaxtı ananın keçirdiyi xəstəliklər

11. Mərkəzi sinir sisteminə bağlı faktorlar: Serotonin adlı maddə bagırsaq saya əzələlərinin yığılmasını, melotonin isə bu əzələlərin boşalmasını (relax)   təmin edir. Hər iki maddənin ifrazı ritmikdir. Körpə doğulduğu andan etibarən serotonin ritmik ifraz olduğu halda, melotnin ilk 3 ayda yetərsiz ifraz olunur .Melotonin ritmik ifrazı 3 aydan  bashlayir. Köp problemlərinin 3 -cü aydan başlayaraq get-gedə azalması bununla izah olunur.

12. Əgər körpə ana südü ilə qidalanırsa, bu zaman köp ananın yediyi qidalara bağlı olaraq da əmələ gələ bilər. Məsələn paxlali bitkilər, taxıllar, soğan, sarımsaq, brokkoli kələmi, portağal, limon, şokolad, tərkibində kofein olan içkilər və s.

Bəzən analar südünü artırmaq üçün çoxlu miqdarda çay içir ki, nəticədə uşaqda köp əmələ gəlir,  uşaq daha az yatır (sinir hüceyrələrinin formalaşması  və mielinləşməsi üçün yuxu mütləqdir, cünki bu prosesler yuxuda gedir), həmçinin rahatsız olur.

Süd verən ananın siqaret cəkməsi də körpənin köpdən əziyyət çəkməsinə səbəb olur.

Ağartı məhsullarına qarşı allergiyasi olan və süd verən  analar ağartı məhsulları yediyi təqdirdə uşaqlarda aşırı qaz əmələ gələ bilər.

Körpə 4 aylıq olana qədər ana mümkün qədər bu qidalardan uzaq qalmalıdır.

13. Bir sıra xəstəliklər: – südşəkərinə qarşı dözümsüzlük (laktoza intolerans) , Çöliak xəstəliyi, həmçinin, mədəaltı vəzinin hormanal pozğunluğu və mədəaltı vəzi çatmazlıgı.


Simptomlar

Köp olan körpələrdə tez-tez gəyirmlər və bağırsaq qazlarının xaricolması müşahidə olunur.

Şikayətlər daha sıx şəkildə gündüz vaxtlarında  meydana gəlsə də, həmçinin axşam və gecə saatlarında da ola bilər.

Bu zaman uşaqlar narahat olur, ağlayır, ayaqlar ilə tipik hərəkətlər edir. Daha sonra bu hərəkətlərin intensivliyi artır, sancılar güclənir və  bir az sonra uşaq sakitləşir. Daha sonra yenidən ağlamağa başlayır və beləcə təkrar olunur. Bütün bu hərəkətlər ümumi narahatlıq və gərginlik  əmələ gətirir.

Amma yuxarıda təsvir olunan şikayətlərin səbəbi hər zaman köp deyildir, valideyinlərin mütləq şəkildə diqqətli olması və həkimlə məsləhətləşməsi ümumi işin xeyrinədir.Yaxşı olar ki, simptomlar ilk dəfə meydana cıxanda uşaq həkiminə müraciət edəsiniz, körpənin müayinə etdirib hər hansı xəstəliyin olub- olmamasına əmin olasınız və həkimin uyğun tövsiyələrini qəbul edəsiniz.

Köpü olan körpələrin əksəriyyəti sağlam, qida və maye qəbulu problemsiz, inkişafı normal uşaqlar olur.


Önləyici və müalicəvi tədbirlər

1. Köpü olan uşaqların süd verən anaları inək südündən və köp yarada biləcək qidalardan vaz keçməlidir

2. Qidalanma zamanı körpə gəyirmək istəyirsə, şərait yaradın gəyirsin ki, qarnında çox qaz yığılmasın.

3. Qidalanma zamanı və ya bir məmədən digərinə keçirərkən uşagın qazı mütləq çıxarılmalıdır.

4. Köp sancıları başlayarkən körpəni sakit şəkildə qucagınıza alın, qarnını  yüngülvari  şəkildə bədəninizə sıxın, ritmik hərəkətlər edin, layla ve ya oxşamalar oxuyun, uşaq arabasına qoyub arabanı irəli-geri hərəkət etdirin, həmçinin, tozsoran və ya fen səsi də qoya bilərsiniz. Avtomobildə gəzdirmək də sakitləşdirə bilər, avtomobil onun bədənini hərəkət etdirdiyi üçün bağırsaq qazları xaric olur və körpə sakitləşir. .

5. Körpənin qarnını və kürəyini ovxalamaq və ya massaj etmək, valideyinlər yanında olarkən  qısa fasilələrlə(10-15 dq, başını saxlamağa dəstək verməklə) üzü  üstə qoymaq (bu zaman qarın və mədə sıxıldıgı üçün qazlar xaric olur), körpəni ata və ya ananın sinəsi üzərinə qoymaq kömək edə bilər. Həmçinin, körpəni arxası üstə uzadıb ayaqlarını  ” velosiped sürmə’ şəklində hərəkət etdirmək olar, bu zaman bagırsaq qazları çıxır

6. İlıq vanna qəbulu həm sancıların yumşalmasına, həm də rahat yatmasına kömək olur.

7. Bitki çaylari: – razyana, zirə, cirə kimi bitkilərən hazırlanmış çayı ana həm özü içə bilər, həm də körpəyə içirdə bilər.

8. Şüşədə yemək hazırlayarkən yeməyin üstündəki köpük və qabarcıqlar tam cəkilənə qədər gözləyin.

9. Qidalandırarkən körpəni düzgün vəziyyətdə tutmaq. Yaxşı olar ki, dik vəziyyətdə saxlayasınız . Hər zaman baş mədədən yuxarıda qalmalıdır, belə vəziyyətdə qida mədənin dibinə gedir və hava mədənin yuxarı hissəsində yıgılır və gəyirməylə rahat şəkildə xaric olur.

10. Gəyirtmək üçün uşagı çiyninizə doğru uzadıb, kürəyinə yavaş şəkildə döyəcləyə ,qucagınıza uzadıb kürəyini ovxalaya bilərsiz

11. Qarının yüngül  masajı , qarının üzərinə və ya ayagın altına  az isidilmiş su yastıqcığı qoymaq  situasiyani yumşalda bilər.

12. Körpəni tam sakit və rahat ortamda qidalandırmaq mütləqdir.

13. Köpdən əziyyət cəkən uşaqlar üçün Novolac ve Comformil kimi qidalar var. Öz həkiminizlə məsləhətləşdikdən sonra bu qidalardan hər hansı birini körpənizə verə bilərsiniz.

14. Zirə şamları inanilmaz şəkildə effektivdir.

15. Əgər körpəniz şüşə  vasitəsilə  qidalanırsa, əmziyin dəliyinə diqqət edin ki, nə çox böyük, nə də çox kiçik olsun.

16. Camomilla kimi homoepat preparatlar yardımçınız ola bilər


Xüsusi qidalar.

Bazarda təqdim olunan xüsusi növ uşaq qidaları var ki, sıradan digər uşaq  qidaları ilə müqayisədə    tərkibində laktozanın miqdarı əhəmiyyətli dərəcədə  azaldılıb. Belə qidalar bağırsaqda qazın əmələ gəlməsinə əngəl olur və durumu xeyli dərəcədə yaxşılaşdırır. HA uşa qidaları. Hipoallergen uşaq qidaları tərkibində allergik maddələrin  çox az olduğu qidalardır. Qidalara qarşı yüksək alllergik risk daşıyan uşaqlara tövsiyə olunur.”Yüksək  allergik risk daşıyan” uşaq dedikdə, valideyinlərindən və ya ailədəki uşaqlardan biri allergik olan uşaq nəzərdə tutulur


Nə vaxt həkimə getməli?

1)      Sancı və çıgırma hər yeməkdən sonra ataklar şəklində olarsa.

2)      Nəcis köpüklü və fışqırma şəklində olarsa.

3)      Nəcis çox bərk olarsa (dovşan “qığı”)

4)      Maye qəbulundan imtina və ya cox az çəki artımı.

Özünüzü mövcud problemlər qarşısında narahat və gərgin hiss etdikdə.

Ana səhifəMənim FikrimcəUşaqlarda köp