“Uşaqlar məktəbdə əllərini ciblərindən çıxara bilmir”

Mənbə: Sosial media

Bankə qəsəbəsində məktəb dərs keçmək üçün yararsızdır

“Soyuqlar düşəndən sinifdə dərs keçmək mümkün olmur. Uşaqlar əllərini ciblərindən çıxara bilmirlər, qalın üst geyimlərini soyunmaqlarına icazə vermirik”.

Bunu Meydan TV-yə Neftçala rayonu Bankə qəsəbəsidəki 1 saylı məktəbin müəllimləri bildiriblər.

İşdən çıxarılmasından ehtiyat etdiyindən adının mətbuatda çəkilməsini istəməyən müəllim deyib ki, qəsəbədə iki məktəb var, 2 nömrəli məktəb yenilənib, bu günlərdə açılışı olacaq. 1 nömrəli məktəbin isə nə vaxt təmir ediləcəyi bəlli deyil.

“Hazırda iki məktəb bir binada yerləşir. Narazı müəllimlər, valideynlər dəfələrlə etiraz ediblər. Hava soyuq olan kimi çoxu uşaqlarını məktəbə buraxmır. Müəllimlər sinif otaqlarında dayana bilmirlər. Dünən qəsəbədə işıqlar sönmüşdü, sanki müharibə zonasında hansısa xarabalıq ərazisindəydik. Qaranlıq, soyuq otaqlarda dərs keçmək məcburiyyətindəydik”, – müəllim deyib.

Məktəbin pəncərələrində şüşələr qırılıb, bir neçə pəncərə daşla hörülüb. Binanın bir neçə yerindən daşlar və suvaq tökülüb. Qaralmış divarlara yamaq kimi ağ suvaq vurulsa da, çatları və nəmişlikdən qaralmış divarları gizlətmək mümkün olmayıb. Pilləkənlər dağılıb, bina qəzalı vəziyyətdədir. Məktəbin həyəti isə mal-qaranın otlaq sahəsinə çevrilib.

Müəllimlər deyir ki, odun verilmədiyi günlərdə soyuqdan məktəbin divarlarından su damır.

Bankə qəsəbəsi əhalisinin sayına görə Neftçalanın ən böyük yaşayış məntəqəsidir. Qəsəbənin 8 minə yaxın sakini var.

Təhsil Nazirliyindən məktəbin təmiri ilə bağlı sorğu cavablandırılmayıb.

Bu il, noyabrın 10-da elm və təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin ictimai birliklər və dini qurumlar, mədəniyyət, elm və təhsil, səhiyyə, ailə, qadın və uşaq məsələləri komitələrinin birgə müzakirəsi zamanı deyib ki, Azərbaycanda 434 məktəb tam yararsız vəziyyətdədir:

“Hazırda bu məktəblərin təmir edilməsi və yenidən tikilişi üçün 3 milyarda yaxın vəsait lazımdır”.

Neftçala Rayon İcra Hakimiyyətindən isə bildirilər ki, yaxın zamanlarda 2 saylı məktəbin açılış mərasimi keçiriləcək, 1 saylı məktəbin təmiri də nəzərdə tutulub. Regional Təhsil İdarəsi məktəblə bağlı aidiyyatı qurumlara məlumat verib.

Ana səhifəXəbərlər“Uşaqlar məktəbdə əllərini ciblərindən çıxara bilmir”