”Uşaqlar anasının öldürüldüyü evdə saxlanılır”

Məzahir Cabbarov: ”Gəlininə əl qaldıran qaynana, qaynata onun övladlarına necə baxacaq?”

Source:
foto Meydan TV
foto Meydan TV


Məzahir Cabbarov: ”Gəlininə əl qaldıran qaynana, qaynata onun övladlarına necə baxacaq?”

“Nəvələrim hələ də cinayət törədilən evdə qalırlar. Bunu heç Allah da götürməz. O evin hər yeri analarının xatirələri ilə doludur. Özü də yaxşı olmayan xatirələri ilə. Döyülməsindən tutmuş, öldürülməsinə qədər”.

Bu sözləri sentyabrın 30-da həyat yoldaşı Xəyal Verdiyev tərəfindən öldürüldüyü bildirilən Səbinə Verdiyevanın atası Məzahir Cabbarov deyir.

Qəbələ sakini əlavə edir ki, nəvələri cinayət törədilən evdə yaşayırlar və onlarla maraqlanan olmayıb:

“Biz də bilmirik necə olduqlarını. Bircə onu bilirəm ki, uşaqlar o evdə dəli olacaqlar. Analarına çox bağlı idilər. Üstəlik, bəlkə də cinayət gözlərinin qarşısında törədilib. Gəlininə əl qaldıran qaynana, qaynata onun övladlarına necə baxacaq? Hökumətdən tələb edirəm, mənim nəvələrimi o evdən çıxarsınlar. Razıyam, mənə də verməsinlər, amma o evdə də qalmasınlar”.

Məzahir Cabbarov foto Meydan TV
Məzahir Cabbarov foto Meydan TV


“Ev qətlləri latent baş verən cinayətdir”

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, evdə baş verən qətllər günümüzün əsas problemlərindəndir. Bu cinayətlərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsinə ehtiyac var:

“Qeydiyyata alınan hər hansı xırda münaqişə və zorakılıq faktına dərhal sosial işçi və ya psixoloq cəlb edilməlidir. Qeyd etdiyim kimi, ev qətlləri latent baş verən cinayətdir. Əgər Qəbələdə baş vermiş hadisədə əvvəldən psixoloji yardım təyin edilsəydi, sosial işçi və psixoloq ailədə zorakılığın qeydiyyatını aparıb, mühafizə orderinin tətbiqinə nail olardı. Xanımın təhlükəsizliyini təmin etmək üçün onu sığınacağa yerləşdirərdilər”.


“Uşaqlara dərhal psixoloji xidmət göstərməli, təhlükəsiz yerə aparmalıydılar”

Mehriban Zeynalova foto sosial şəbəkə
Mehriban Zeynalova foto sosial şəbəkə

Mehriban Zeynalova əlavə edir ki, vaxtında müdaxilə edilsəydi, uşaqların psixoloji vəziyyəti də qiymətləndirilərdi:

“Bütün bunlara baxmayaraq, qətl hadisəsi baş veribsə, uşaqlara dərhal psixoloji xidmət göstərilməli, onların təhlükəsiz yerə aparılmaları ilə bağlı dövlət qurumuna və ya müəssisəyə göndəriş verilməliydi. Təəssüf, bunların hamısını təmin edən sistem mövcud deyil”.


“Hər üç uşaq ağır travma alıb”

Psixoloq Aysel İsgəndərli deyir ki, əksər ölkələrin təcrübəsində ailədə şiddət və ya cinayət işləndikdə məsələyə ilkin olaraq dövlət qurumları müdaxilə edir. Ailədəki uşaqları həm fiziki, həm də psixoloji baxımdan qorumaq üçün onları mərkəzlərə, sığınacaqlara yerləşdirirlər:

“Ancaq Qəbələdə baş vermiş hadisədə biz bunun şahidi olmadıq. Bir ehtimal da var ki, cinayət uşaqların gözü önündə işlənib. Deməli, hər üç uşaq ağır travma alıb. Qaydalara görə, uşaqların üçü də mütləq psixoloji müayinədən keçməlidir. 4 və 6 yaşında olan uşaqlar məsələni anlayıblar. Balaca uşaq isə 2 yaşındadır. Hər üç uşağın psixoloji sosial inkişafında yaşadıqları travma mühüm rol oynayır”.


“Gec olmadan uşaqlar həmin məkandan uzaqlaşdırılaraq psixoloji müayinədən keçirilməlidir”

Psixoloq uşaqların hələ də cinayət törədilən evdə qalmasını əsas gətirərək deyir ki, yəqin heç bir müayinədən də keçirilməyiblər:

“Yaşanan hadisə onlar üçün heç də asan deyil. Şəxsiyyətlərinin formalaşmasında yaşadıqları hadisə sözsüz ki, müəyyən təsirlərini göstərəcək. İlk olaraq ana qayğısından məhrum oldular. Bu, onlarda insanlara qarşı güvənsizlik, inamsızlıq yarada bilər. Əgər yaşadıqları evdə daim valideynlərinin şiddət görməsinin şahidi olublarsa, uşaqlarda aqressivlik, nifrət hissi yarana bilər. Nə qədər gec deyil, uşaqlar həmin məkandan uzaqlaşdırılaraq psixoloji müayinədən keçirilməlidir. Bu, onların yaşadıqları travmatik olaydan maksimum az təsirlənmələrinə yardımçı olacaq”.


“İstintaq gedir, cinayət tam sübuta yetirilməyib”

Meydan TV bununla bağlı Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu versə də, cavab ala bilməyib. Komitədən sorğunun rəhbərliyə təqdim edildiyi, hələ ki, cavab verilmədiyi deyilib.

Qəbələ Rayon İcra Hakimiyyətinin növbətçi hissəsindən isə Meydan TV-yə bildirildi ki, ağır cinayət hadisəsi olduğu üçün hazırda istintaq rayon prokurorluğu tərəfindən araşdırılır:

“İcra Hakimiyyətində fəaliyyət göstərən Qəyyumluq Komissiyasının sədri başçının müavinidir. İşə o baxır. Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsindən də ekspert dəvət edilmişdi. Ailəyə, evə baxış keçirilib. Hələ ki, istintaq gedir. Cinayət tam sübuta yetirilməyib. Ancaq məsələ nəzarətimizdədir, müvafiq qərardan sonra ciddi addım atılacaq”.


“Uşaqların belə mühitdə psixikası korlanacaq”

Mehriban Zeynalova bildirir ki, yerli icra hakimiyyəti uşaqların gözü qarşısında baş verən hadisəyə operativ reaksiya verməli idi.

“Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bölgədəki nümayəndələri uşaqları dərhal, elə həmin gün cinayət baş verən mühitdən kənarlaşdırmalı idi. Ancaq etmədilər. Uşaqlar bugünə qədər həmin evdə qalırlar. Təssüf ki, aldığım məlumatlara görə, hələ də uşaqlar qətl törədilmiş evdədirlər. Heç bir yardım və dəstək almayıblar. Nəzərə almaq lazımdır ki, uşaqların öldürən və ölənlərin himayəsinə verilməsi qəti yolverilməzidir. Çünki hər iki tərəfə itki üz verib, nənələr, babalar təbii ki, bu itki barədə qarşı tərəfi ittiham edir. Uşaqların belə mühitdə psixikası korlanacaq”.


“Hüquqi dövlətdə gənc nəslin sivil inkişafına təkan verək”

Mehriban Zeynalova aidiyyatı qurumlara müraciət edərək deyir ki, məişət zorakılığı ilə bağlı hər hansı fəaliyyəti gecikdirmək olar. Ancaq evdə analarının qətlinə şahid olmuş uşaqların taleyi ilə bağlı operativ iş görmək lazımdır:

“Bunun üçün kifayət qədər kadr potensialı da var. Gecikməyək. Doğmalarının qətlinə şahid olmuş bu uşaqların travma ilə yaşamasına, qisas hisslərinin dərinləşməsinə yol verməyək. Hüquqi dövlətdə gənc nəslin sivil inkişafına təkan verək”.

Hadisəni törədən Xəyal Verdiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Qəbələ Prokurorluğu tərəfindən araşdırma aparılır.

Ana səhifəXəbərlər”Uşaqlar anasının öldürüldüyü evdə saxlanılır”